“Meta” ağıllı eynəklərində istifadəçilərə süni intellekt vasitəsilə qarşılarındakı insanları tanımağa imkan verən üztanıma texnologiyası hazırlayır.
“Ad etiketi” adlanan bu xüsusiyyətin keçmişdəki məxfilik pozuntularına görə tənqidlərə səbəb olacağı gözlənilir.
İddia edilir ki, “Meta” mübahisəli texnologiyanı işə salmaq üçün vətəndaş cəmiyyəti təşkilatlarının diqqətinin siyasi qarışıqlığa yönəldiyi dövrdən fürsət kimi istifadə edir.
Bildirilir ki, bu xüsusiyyət küçədəki hər kəsi skan edən universal bir vasitə olmayacaq, yalnız istifadəçiyə “Meta” platformalarındakı əlaqələrini və ya ictimai hesabları olan insanları müəyyən etməyə imkan verəcək.
Qeyd edək ki, “Meta” keçmişdə üztanıma texnologiyaları ilə bağlı problem yaşayıb. Şirkət istifadəçilərin üz məlumatlarını icazəsiz topladığı iddiası ilə məhkəmə proseslərində milyardlarla dollar təzminat və cərimə ödəməyə məcbur olub. Daha sonra 2021-ci ildə “Facebook”dakı üztanıma sistemini bağlamaq qərarına gəlib.






