“Financial Times” mənbələrə istinadən yazır ki, “Meta”nın süni intellekt üzrə şöbə rəhbəri Yan Lekun “Advanced Machine Intelligence Labs” adlı startapı üçün 3 milyard avro dəyər qiymətləndirmə ilə 500 milyon avro cəlb etməyi planlaşdırır. Nəşrin qeyd etdiyinə görə, startap barədə ətraflı məlumat 2026-cı ilin yanvarında açıqlanacaq.
FT-nin məlumatına əsasən, Lekun robototexnika və nəqliyyat da daxil olmaqla geniş tətbiq sahəsinə malik “superağıllı” süni intellekt sistemlərinin yaradılması üzərində fəaliyyətini davam etdirəcək. O, oxşar tədqiqatlarla “Meta” şirkətində də məşğul olub və mütəxəssis 2025-ci ilin sonunda şirkəti tərk edəcək.
Startap “dünya modelləri” üzrə ixtisaslaşacaq, yəni real dünyanın “dinamikasını”, o cümlədən onun fiziki və məkan xüsusiyyətlərini anlayan süni intellekt sistemlərinin hazırlanması ilə məşğul olacaq. Yan Lekun “Meta”da 2013-cü ildən etibarən Süni İntellekt üzrə Fundamental Tədqiqatlar Laboratoriyasına (FAIR) rəhbərlik edib.
FT vurğulayır ki, “Meta” korporasiyası “Advanced Machine Intelligence Labs” startapına birbaşa investisiya yatırmayacaq, lakin şirkətlə tərəfdaşlıq quraraq ona öz texnoloji işləmələrinə çıxış imkanı verəcək. Qəzetin yazdığına görə, “Meta” xərcləri azaltmaq və məhsulların bazara çıxarılmasını sürətləndirmək məqsədilə uzunmüddətli tədqiqat layihələrindən uzaqlaşıb.






