2025-ci ilin yanvar-mart aylarında Bakıdakı metro nəqliyyatından əldə olunan gəlir ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artaraq 25,6 milyon manata yüksəlib.
Banker.az xəbər verir ki, bu, 2024-cü ilin ilk rübündəki 20,8 milyon manatlıq göstərici ilə müqayisədə 22,9 faiz artım deməkdir.
Sərnişin daşımaları üzrə göstəricilərdə isə cüzi azalma müşahidə olunub. Hesabat dövründə metro ilə 52,8 milyon sərnişin daşınıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, sərnişin dövriyyəsi də uyğun olaraq 623,6 milyon sərnişin-kilometr təşkil edib və bu göstərici də 1,3 faiz azalıb. Beləliklə, sərnişin axınında azalma müşahidə olunsa da, gəlirlərin artması biletlərin qiymət artımı və ya gəlirlərin optimallaşdırılması ilə əlaqələndirilə bilər.
Qeyd edək ki, metro və digər şəhərdaxili ictimai nəqliyyatın qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir. 2024-cü ilin ikinci yarısından etibarən metroda bir gediş 40 qəpikdən 50 qəpiyə qaldırlıb.