2 C
Baku
Sunday, December 15, 2024

Metrodakı ticarətçilərin aqibəti bəlli oldu

200 köşkün fəaliyyətə başlamasına hazırlıq gedir.

“Lotos” rəhbərliyi onlara avtoparkda yer ayırıb.

Verilən məlumata görə, metro ticarətçilərinə  təklif olunan yerlərə əksəriyyəti köçməyə razılaşıb.

Paytaxtın 8-ci kilometr qəsəbəsində “Lotos” ticarət mərkəzində metrodan çıxarılmış sahibkarlar üçün ayrıca yer qurulur. Hətta adını da qoyublar: “Metro” ticarət mərkəzi. Bu mərkəz “Lotos”un zirzəmisində açılır. Vaxtilə bura avtomobil dayanacağı olub. İndi dayanacağı təmir edib “Metro” ticarət mərkəzinə çevirirlər.

“Lotos”un direktoru Bəhruz Həsənov mətbuata açıqlamasında bildirib ki, metroda obyekti sökülənlər burada aprelin 10-dan fəaliyyətə başlaya biləcəklər. B.Həsənov qeyd edib ki, onlar metrodan çıxarılan sahibkarlardan 180 nəfərinə yer verə biləcəklər.

Burada əsasən metronun “Neftçilər”, “Qara Qarayev”, “Koroğlu”, “Nərimanov” və “Gənclik” stansiyalarının keçidlərində ticarətlə məşğul olmuş sahibkarlar yerləşdiriləcək. Həmin sahibkarlarla müqavilə bağlanacağı və icarə qiymətlərində onlara bəzi güzəştlərin ediləcəyi vurğulanıb. “Metro” ticarət mərkəzi Bakı meriyasının göstərişi əsasında açılıb.

Rəhbərlik metro satıcılarına şərait yaradıb və üç ay sonra onlardan yer haqqı alınmağa başlanacaq.

Bildirək ki, onlar üçün 200-dən çox köşk yaradılıb. Köşklərin sahəsi 5 kvadratmetrdir. Köşk sahiblərindən ayda 300 manat icarə pulu alınacaq.

Tacirlərin dediyinə görə, üç ay ərzində işlər yaxşı getməsə, alver olmasa buranı tərk edəcəklər.

Yada salaq ki, martın 11-də “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov deyib ki, metro keçidlərində ticarət köşklərinin ləğvi  barədə qəti qərar qəbul edib.

 

Son xəbərlər
Digər xəbərlər