Dünyada milyarder statusu ilə fəxr edə biləcək çox az sayda siyasətçi var. Əsl maliyyə maqnatı, bütün Nyu-York sakinlərinin sevimlisi, uğurlu mer Mayk Blumberqin (Michael Bloomberg) “Forbes” siyahısında ən zəngin amerikanlardan biri olması bu faktı təsdiqləyir. Nyu York Şəhər Şurasının ona üçüncü dəfə ard-arda mer postuna namizədliyinin irəli sürməsinə icazə verməsi isə Blumberqin siyasətçi kimi uğurundan xəbər verir.
Bioqrafiyası
Maykl Blumberq 1942-ci il fevralın 14-də anadan olub. Mayklın valideynləri varlı olmayıblar. Atası Uilyam Henri Blumberq (William Henry Bloomberg) süd zavodunda mühasib, anası Şarlotta Rubens Blumberq isə bütün ömrü boyu (Charlotte Rubens Bloomberg) katibə işləyib. Şarlotta Blumberq 2011-ci il iyunun 19-u 102 yaşında vəfat edib.
Massaçusets ştatının Ollston şəhərində yaşayan ailə Mayklın iki yaşı tamam olduqdan sonra Bruklinə köçüb. Orada da iki il yaşadıqdan sonra Boston ətrafında Medford şəhərində məskunlaşıb.
Medfordda əsasən ofis işçiləri yaşayırdı. Blumberqin təhsil aldığı bələdiyyə məktəbində paralel qruplarda ümumi 250 şagird təhsil alırdı. Dərslərdə həmişə darıxan Maykl yuxarı siniflərdə tarix və ədəbiyyat fənni üzrə əlavə iki kurs götürdükdən sonra ilk dəfə təhsil prosesinə marağının artdığını hiss edib.
Boyskautların yay düşərgəsində keçirdiyi vaxt onun uşaqlıq illərinin ən parlaq hadisələrindən biri olub. Düşərgənin pulunu isə Maykl Yeni il oyuncaqları satmaqla ödəyib. Bu, onun ilk iş təcrübəsi olub.
Məktəb illərində dərsdən sonra, həftəsonları və yay tətilində Maykl Kembricdə elektron cihazların satışı ilə məşğul olub. 1960-cı il Maykl Blumberq məktəbi bitirdikdən sonra Con Hopkins Universitetinə (Johns Hopkins University) daxil olub.
Tələbəlik illəri
“Heç vaxt proqramın tələb etdiyindən artığını etməyə nə həvəsim, nə də istəyim olub. Əsl mühəndis, riyaziyyatçı və ya fizik olmaq üçün mənim marağım və ya intellektual resursum yox idi. Xoşuma gələn və uğur qazandığım yeganə sahə insanlarla ünsiyyət sahəsi idi. Tələbə qardaşlıq şurasının prezidenti və sədri, qrup rəhbəri seçilmişdim, bir sözlə, tələbə şəhərciyində “böyük adam” idim. Seçkili vəzifələrə namizədliyimi irəli sürməyi öyrənmişdim. Tələbə diskotekaları və əyləncə gecələrini təşkil etməklə idarəetmə bacarıqlaırımı inkişaf etdirirdim. Bu cür tədbirlər təşkil etməklə ətrafdakıları birgə fəaliyyətə cəlb etmək və konsensus əldə etməyə çalışırdım. Onda əldə etdiyim bacarıqlar sonradan Uoll-Stritdəki işimdə, nəticədə öz işimi açıb, onu idarə etməkdə mənə çox kömək etdi”.
Universiteti bitirdikdən sonra hansı istiqamət üzrə gedəcəyi haqda ilk dəfə ciddi düşünəndə menecment ona aydın seçim kimi görünürdü. Çox güman, o dərhal iş axtarışı ilə məşğul ola bilərdi. Amma məzunların əksəriyyətinin magistr dərəcəsi almağa çalışması Mayklın qərarına təsir göstərdi və o, sənədlərini biznes məktəbinə verdi. Bir müddət sonra Harvard Biznes Məktəbinin böyük qəhvəyi zərfi artıq onu kampusun poçt şöbəsinə gözləyirdi.
“Harvardda təhsil aldığım iki il mənim üçün əbəs olmadı. Mühasibat uçotu, marketinq, istehsal, menecment, idarəetmə, maliyyələşmə və insan davranışı barədə elmlərin əsaslarını öyrəndim. Harvardın “konkret hadisələrin analizi” vasitəsilə təhsil metodikası analitik və kommunikativ bacarıqlarımı inkişaf etdirməyə kömək etdi. Mövzunun müzakirəsinə və ya öz mövqeyini müdafiə etməyə hazır olmayanda, tədris prosesində yüzlərlə digər tələbənin səni ani yaxalayan reaksiyasından daha effektiv şey yoxdur.”
İlkin kapital
İlk peşəkar iş yeri kimi “Salomon Brothers” şirkətini seçən Maykl Blumberq onun strukturuna uyğunlaşdı və bu şirkəti bütün qəlbi ilə sevdi. Maykl vəzifəsini artırmaq imkanını heç vaxt əldən vermirdi. Birinci ilin sonunda onu kommunal xidmətlərin əməliyyat zalında klerk vəzifəsinə keçirdilər. Məhz orada əsl əmək fəaliyyəti başladı və qazanmaq imkanı yarandı. Bir aydan sonra səhm şöbəsinə keçdi və o vaxta kimi məşğul olduğu hər şey geridə qaldı. Maykl daha istiqrazlarla işləmirdi. İndi onun karyerası həmişəlik səhmlərə bağlı oldu.
Şirkətə gəlişindən altı il sonra Maykl Blumberqin işləri yağ kimi getməyə başladı. Uoll-Stritin ən uğurlu şirkətlərindən birində “blok” ticarəti şöbəsinin superulduzu olan bu xurmayı saçlı oğlan hər iki müdirin sevimlisi idi. O, şirkətin ən vacib müştərilərini qarşılayır, ondan aparıcı qəzetlər müsahibə alırdı. Və Blumberq kübar həyata atılmağa başladı. O, özü özü üçün “əfsanə”yə çevrildi!
1973-cü ildə sürətlə yuxarıya doğru irəliləyən Blumberq şirkətin partnyorlarından biri oldu. Sonra səhmlərlə bağlı bütün əməliyyatları idarə etməyə başladı. Daha bir müddət sonra isə onu rəhbər vəzifəyə təyin etdilər. Maykl Blumberq “Salomon”da çalışdığı 15 ilin 9-nu baş partnyor kimi fəaliyyət göstərdi. Və bütün bu müddət ərzində o, böyük məmnuniyyətlə işə gedirdi, hətta onu çətin gün gözlədiyini bildiyi halda. Blumberq burada misli görünməmiş məbləğdə pul, nüfuz və hörmət qazandı. Qazandığı pulları çıxsaq, bu şirkətdə öyrəndiyi hər şey sonradan öz şirkətini yaratmaqda onu əla baza ilə təmin etdi.
Şəxsi biznes
Təməli valideynləri tərəfindən qoyulan həyat dəyərləri, cibində on milyon dollar və öz gücünə inamla Maykl Blumberq öz işini açdı.
Blumberq hazırda bazarda mövcud olmayan əlavə xidmət tapmağa çalışırdı. O, öz işini qiymətli kağızlarla bağlı məlumatların toplanması prosesi üzərində qurmaq istəyirdi. Müştərinin nöqteyi-nəzərincə ən vacib məlumatları seçmək imkanı əsas məqsəd idi. Sonra isə riyaziyyatçılara deyil, sadə insanlara təqdim edilən informasiyanın analizini həyata keçirmək üçün proqram təminatı hazırlamaq lazım idi. Xidmətlər bazarında bu imkana ehtiyac var idi. Bəzi böyük sığorta şirkətlərinin bu boşluğu doldurmağa çalışan daxili sistemləri var idi. Lakin ondan istifadə etmək üçün elmlər namizədi olmaq lazım idi. Sıravi istifadəçi üçün bu sistem əlçatan deyildi.
Beləliklə, 1981-ci ildə “Innovative Market Systems” şirkəti təsis edildi. Gələcəkdə şirkətin adı dəyişdirilərək “Bloomberg LP” olacaqdı. Şirkətin əsas vəzifəsi şirkətlərə müxtəlif işgüzar, həmçinin maliyyə məlumatları təqdim etmək idi. Amma bunu digər şirkətlər kimi xaotik şəkildə deyil, trendləri vurğulayaraq strukturlaşdırılmış şəkildə yerinə yetirməli idi.
Tezliklə “Bloomberg LP”-də artıq böyük ştat işləməyə başladı. Hazırda bütün dünyada fəaliyyət göstərən şirkət əməkdaşları öz şəbəkələrini lazımi informasiya ilə təchiz edir. Belə bir ştatın təşkil edilməsi yeni xidmətlərin tətbiqini tələb edirdi. Və onlar özlərini çox gözlətmədilər. Radiostansiya əldə edən Blumberq maliyyə və veb-sayt mövzusu üzrə televiziya kanalı açdı. Bu gün bu kanal dünya maliyyə analitikasının mərkəzi hesab edilir. Hazırda “Bloomberg LP” maliyyə xəbərləri üzrə dünyanın aparıcı agentliklərindən biridir. Şirkətdə 130 şəhərdə olmaq üzrə 9,5 min nəfər çalışır.
Ancaq Maykl Blumberqin yüksək texnoloji nailiyyəti “Peşəkar xidmət” kompyuter şəbəkəsinin yaradılması oldu. Şəbəkə dünyanın mərkəzi bankları, investisiya şirkətləri, hökumət təşkilatları, korporasiyalar və xəbərlər xidmətinə real zaman rejimində “Bloomberg” agentliyinin eksklüziv işgüzar informasiyasından istifadə etmək imkanı yaradıb. Bu yaxınlarda baş verən güclü zəlzələyə sonra Çin “Bloomberg”-in informasiya şəbəkəsindən ayrı düşdüyünə görə dünyanın ən böyük birjalarından biri Honkonq birjası öz fəaliyyətini sadəcə dayandırmaq məcburiyyətində olmuşdu.
Siyasətçi Maykl Blumberq
1997-ci il Blumberq saxta təvazökarlığa baş vurmadan əla mer, qubernator və ya prezident ola biləcəyini bəyan etdi. Və 2001-ci il şəhər milli qəhrəman Rudi Culiana (Rudy Giuliani) əvəz axtaranda Blumberq qərar verdi ki, artıq onun vaxtı yetişib. Sabiq merin köməyi ilə o, seçkilərdə demokrat Mark Qrinə (Mark Green) qalib gəldi. Bu zaman bütün ömrü boyu demokrat olan Blumberq partiya mənsubiyyətini dəyişərək bir anın içində respublikaçı oldu.
Yeri gəlmişkən, hər hansı bir partiyaya mənsub olmaq onun işi üçün böyük əhəmiyyət kəsb etmirdi. O, ilk növbədə özünü şəhər problemlərinə sağlam düşüncə ilə yanaşan güclü təsərrüfatçı, texnar idarəçi kimi təqdim edirdi. Onun partiya əlaqələrinin şərti olduğu 2007-ci ildə bir daha sübuta yetirildi. Blumberq təəssüflənmədən respublikaçılarla yollarını ayırıb, özünü müstəqil elan etdi.
Blumberq şəhər idarəsinə şəxsi korporasiyasının idarəetmə üslubunu gətirdi. Əsas şəhər məmurlarını qabiliyyətlərinə əsaslanaraq təyin edir və onlara geniş səlahiyyətlər verirdi. 190 illik ənənəni pozan Blumberq şəhər meriyası “City Hall”-un daxilini yenidən qurdu, bütün rəisləri və onların tabeçiliyində olan əməkdaşları Uoll-Stritin ticarət meydanlarına oxşar açıq məkanlarda oturtdu. Ehtimal olunurdu ki, qarşılıqlı müşahidə şəraitində onlar daha çox işlə məşğul olacaq və ziyarətçilər onların qəbuluna daha asan düşə biləcəklər. Belə bir şəffaf mühitdə qaranlıq işlər görmək də çətinləşəcəkdi.
O, hələ Culianinin başlatdığı cinayətkarlıqla sərt mübarizəni davam etdirdi və qətllərin sayının nəzərəçarpacaq dərəcədə azalmasına nail oldu. Böhran şəraitində belə qənaət etmədən şəhər təhsil sistemini silkələdi və Nyu York məktəblərində davamiyyət hazırda ölkədə ən yaxşı göstəricilərdən biri hesab edilir. Silah üzərində nəzarəti sərtləşdirmək üçün o, şəhər rəislərindən ibarət koalisiya yaratdı. “Fastfud” şəbəkələri də daxil olmaqla bütün qida məntəqələrində transgen yağların istifadəsinə qadağa qoydu və ətraf mühitin müdafiəsi üzrə geniş proqram başlatdı. Şəhər daha təmiz oldu.
O, şəhərin beş rayonundan gah birində, gah digərində olmaqla yunan mətbəxinə üstünlük verən sadə restoranlardan birində mütəmadi şəkildə nahar edir. Mətbuatın əhatəsində işə metro ilə gedir. Nəqliyyat işçiləri tətillə hədələyəndə isə velosipedə keçmişdi. Rəqiblərini zəiflətmək üçün Blumberq seçki qərargahına ən yaxşı mütəxəssisləri seçir, onlara böyük məbləğdə pul ödəyir və heç ağır işlə də yükləmir. Təki onlar rəqib meydanına keçməsinlər.
2008-ci il oktyrabrın 2-də Blumberq bildirdi ki, Nyu York meri postuna namizədliyin irəli sürülmə sayını 2-dən 3-ə artırmaq niyyətindədir. Bu istəyini isə belə izah etdi ki, maliyyə sahəsində peşəkar olduğu üçün maliyyə böhranı zamanı şəhərin başçısı məhz o olmalıdır. Tezliklə Nyu York şəhər şurası səs çoxluğu ilə dəyişikliyi qəbul etdi. Bu da Blumberqə üçüncü dəfə namizədliyini irəli sürməyə imkan yaratdı. 2009-cu il noyabrın 3-də keçirilən seçkilərdə Blumberq yenidən qələbə qazandı.
Blumberq az tanınan qaradərili rəqibi, şəhər müfəttişi Uilyam Tompsonla (William Thompson) müqayisədə seçkilərə təxminən 14 dəfə çox vəsait (90-110 milyon dollar) xərclədi. Üç mer müddəti isə ona 250 milyon dollara başa gəldi. Və belə bir üstünlük şəraitində mer səsvermədə rəqibini yalnız 5% üstələyə bildi. Sadəcə ona görə ki, amerikalılar, xüsusilə Nyu York sakinləri hakimiyyəti dəyişməyi xoşlayırlar. Ona görə Blumberqin üçüncü müddəti görünür, onun siyasi karyerasının zirvəsi olacaq. Böyük şəxsi sərvətə malik olan Blumberqin mer olaraq simvolik 1 dollar maaş alması, illik 150 min dollar məbləğində olan məvacibini isə şəhərin ehtiyaclarına istifadə etməsi də maraqlıdır. Hərçənd Rudi Culiani və ya Vladimir Putin kimi məşhur siyasətçilərin bu üsula əl atmadığı, lakin onun özü üçün üçüncü müddətə yol açması bəzi tənqidçilərin xoşuna gəlmir.
Maykl Blumberqin uğur sirləri və məsləhətləri
“Özüm üçün belə qərara gəlmişəm ki, həyat belə qurulub: o, hər gün bizə kiçik də olsa gözəl şanslar təklif edir.Və hərdən uğura aparan həmin bənzərsiz şansı dəyərləndirmək mümkün olur. Bu şansların əksəriyyəti isə yalnız kiçik sıçrayışlar etməyə imkan verir. Uğur qazanmaq üçün sabit şəkildə inkişaf etmək lazımdır, xoşbəxt lotereya biletinə ümid etmək lazım deyil. Uğurun bir gün mütləq sizə də gülümsəyəcəyinə ümid etmək lazımdır. Praktik məshələt kimi isə demək istəyirəm ki, öz bacarıqlarınızı dayanmadan inkişaf etdirməli, buna maksimum vaxt ayırmalı və hərəkətlərinizi bir neçə addım irəliyə götür-qoy etməlisiniz. Sonra dayanıb baxmaq, nəyin baş verdiyinə diqqət yetirmək lazımdır. Planlarınızda dəyişiklik etmək lazımdırsa, dəyişiklik etməlisiniz. İstənilən şansdan istifadə edin, “məqamın təsiri altında” qərar verin”.
“Planlarınızı beş illik müddətə qurmayın və “böyük sıçrayışdan” nəticələr gözləməyin. Mərkəzləşdirilmiş planlama Stalin və ya Mao dövründə gözlənilən nəticələr gətirməyib. Ona görə bunun sahibkarlar üçün faydalı olacağını düşünmürəm. Quru fəlsəfəsində deyilir ki, planına son dərəcə incə şəkildə əməl etməlisən, məqsədinə doğru addım-addım irəliləməlisən. Onlar bunun uğur gətirdiyini iddia edirlər. Lakin bu, mənim fəlsəfəm deyil. Gələcəyi görmək mümkün deyil. Aramsız və fədakar əmək uğurun şanslarını artırır. Ancaq bunda da yüz faizlik zəmanət yoxdur: hər şey nəticədə kartların necə paylanmasından asılı ola bilər. Həmişə hesab etmişəm ki, “bir neçə şlyapa” taxmağı bacarmaq lazımdır və bunu ağlından istifadə edərək gözəl həyata keçirməlisiniz. Həmçinin yolunuzda qarşınıza çıxanların içərisindən ən yaxşısını götürməlisiniz. Şirkətimin və şəxsən mənim inkişafımda hər əhəmiyyətli addım inqilabi addımdan daha çox təkamül addımıdır: onlar qəfil yaxalamış uğurdan daha çox kiçik də olsalar, doğru addımlar olublar”.
“Heç də həmişə asan olmayan təcrübəm məni inandırıb ki, ən etibarlı şey həyatda tək yürüməkdir. Əlbəttə, bu bəyanatımdan sonra psixoterapevtim əllərini şappıldadaraq, mənə gücləndirilmiş müalicə kursu təyin edərdi… Lakin hər gün səhər saat beşdə qaçmaq üçün evdən çıxıram və qaçdığım müddət ərzində bütün sirlərimi dünyada həqiqətən inandığım bir şəxsə etibar edirəm. Əgər tək qaçıramsa, həmin şəxsin kim olduğunu tapıb.”
©Fins.az