“Micron Technology” Xirosimada dəyəri 1,5 trilyon yen və ya 9,3 milyard dollar olan zavodun tikintisinə başlayıb. Bu barədə “Bloomberg” yazır. Bildirilir ki, müəssisədə müasir yaddaş mikrosxemləri istehsal olunacaq.
Zavod, o cümlədən, “Nvidia” kimi şirkətlərin süni intellekt prosessorlarında istifadə edilən yüksək sürətli yaddaş çiplərinin istehsalı üçün nəzərdə tutulub. Avadanlıqların tədarükü və quraşdırılmasının 2028-ci ilin ikinci yarısında həyata keçirilməsi planlaşdırılır.
Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi layihənin xərclərinin qarşılanması üçün “Micron”a 500 milyard yenədək vəsait ayırıb. Layihə yaddaş çipi istehsalçılarının süni intellektdən qaynaqlanan tələbat uğrunda qlobal rəqabətinin bir hissəsinə çevrilib.
“Micron” həmçinin Aydahoda iki zavod və Sirakyus yaxınlığında dəyəri 100 milyard dollar olan istehsal kompleksi inşa edir. Şirkətin rəqibləri – “SK hynix” və “Samsung Electronics” də istehsal güclərini artırırlar.






