Microsoft , sentyabr ayından Office kolleksiyasında ofis proqramları üçün standart şrifti dəyişəcəyini elan edib – 16 ildən sonra Calibri əvəzinə Aptos quraşdırılacaq .
Bu barədə “The Verge” məlumat yayıb .
Həmçinin, proqramlar yeni mövzudan istifadə edəcək. Şrift 2007-ci ildən bəri ilk dəfə dəyişdiriləcək və Word, Outlook, Excel və PowerPoint kimi proqramlara təsir edəcək.
Keçmişdə Aptos Bierstadt kimi tanınırdı və 2021-ci ildə Calibri-ni əvəz etmək üçün təklif olunan beş namizəd arasından seçilib. Şirkət əmin edib ki, yeni şrift proqramlar üçün yeni mövzu ilə daha yaxşı birləşdiriləcək.
Microsoft əmindir ki, yeni mövzu sənədlərin kontrastını və oxunuşunu yaxşılaşdıracaq. Ən nəzərə çarpan dəyişiklik sarının tünd yaşıl rənglə, eləcə də açıq mavi rənglərdən birinin tünd firuzə ilə əvəzlənməsi olacaq.
Microsoft nümayəndəsinin sözlərinə görə, Word və Outlook da sənəd tərtibatında dəyişikliklər görəcək. Məsələn, başlıqlar daha böyük və qalın şriftdən istifadə edəcək və paraqraflar arasındakı məsafə artacaq.