10 C
Baku
Wednesday, November 13, 2024

“Microsoft” Azərbaycanda kibertəhlükələrin artımı ilə bağlı xəbərdarlıq edir

Kibercinayətlərin sayının artımı səbəbindən kompyuter piratçılığı və kibercinayətlərə məruz qalmış istifadəçilərin müdafiəsi məqsədilə “Microsoft” Azərbaycanda “qaynar xətt” yaradır.

Şirkətdən agentliyə bildirilib ki, kompyuter piratçılığı da daxil olmaqla, kibercinayətlər barədə məlumat vermək və ya bununla bağlı məsləhət almaq istəyənlər Azərbaycan ərazisində [email protected] elektron ünvanına müraciət edə bilər.

IDC-nin hesabatına əsasən, 65 faiz hallarda şirkət əməkdaşlarının fərdi kompyuterlərinə lisenziyasız proqram təminatı quraşdırılır, hər dördüncü işçi isə öz kompyuterinə qeyri-leqal proqram və tətbiqlər yükləyir.

İnternetdə “Microsoft” Korporasiyasının müxtəlif proqram məhsullarını pulsuz yükləmək təklifi vasitəsilə eyni saxta sxemə Azərbaycanda da rast gəlinir. Məsələn, “pulsuz “Windows” yükləmək” təklifi vasitəsilə internetdən proqram yükləndiyi zaman 100 haldan 92-sində müştərilər öz məxfi məlumatlarını və pullarını itirmək riskinə məruz qalır.

“Microsoft” Korporasiyasının Kibercinayətkarlıq ilə Mübarizə Beynəlxalq Mərkəzinin məlumatına əsasən, Şərqi Avropa ölkələrində vətəndaşların 80 faizi keçmişdə kibercinayətkarlıqla qarşılaşıb, orta və kiçik sahibkarlıqla məşğul olan şirkətlərinin 97,5 faizi isə ən azı ildə bir dəfə kibertəhlükəyə məruz qalıb.

“Microsoft”un MDB ölkələrində proqram aktivlərinin idarə edilməsi və lisenziyalaşma şərtlərinə əməl edilməsinin yoxlanması üzrə direktoru Dmitri Beresnyev bildirib ki, cinayətkarlar yüksək texnologiyalardan istifadə etdiyi üçün təhlükə səviyyəsi daim artır. Ötən ildə 317 milyon zərərli proqram yaradılıb ki, bu da gün ərzində 1 milyona yaxın yeni kibertəhlükə deməkdir. “Microsoft” Korporasiyası piratçılığa qarşı mübarizədə yalnız lisenziyalaşdırılmış proqram təminatını istifadə etməyi, müntəzəm olaraq əməkdaşlara korporativ təhlükəsizlik barədə təlim keçməyi, həmçinin məlumatların müdafiəsi məqsədilə xüsusi proqram və cihazlardan tətbiq etməyi məsləhət görür.

Təkcə 2015-ci il ərzində bütün dünya üzrə kiberhücumların zərəri 159 milyard ABŞ dollarına bərabərdir, “Symantec”ın məlumatına əsasən, hesabat ilində 594 milyon insan haker hücumlarının qurbanı olub.

AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər