2 C
Baku
Wednesday, February 4, 2026

Microsoft-in flaqman süni intellekt məhsulu rəqiblərə uduzur

Microsoft-in süni intellekt strategiyasının mərkəzinə çevirdiyi Copilot çat-botu istifadəçi itirir. The Wall Street Journal yazır ki, Copilot-u əsas alət kimi istifadə edən ödənişli abunəçilərin payı iyulda 18,8% olduğu halda, yanvarın sonuna 11,5%-ə düşüb. Eyni dövrdə Google Gemini-ni seçənlərin payı 12,8%-dən 15,7%-ə yüksəlib. Bu nəticələr Recon Analytics-in 150 min istifadəçi arasında apardığı sorğuya əsaslanır.

Problem nədədir?

İstifadəçilər Microsoft-un qarışıq brendinqindən şikayətlənirlər: Copilot-un müxtəlif tapşırıqlar üçün bir neçə versiyası mövcuddur, onların bir-biri ilə uyğunluğu zəifdir və ümumi istifadəçi təcrübəsi qənaətbəxş deyil. Citi analitiklərinin hesablamalarına görə, bəzi şirkətlər aldıqları Copilot abunəliklərinin cəmi 10%-indən istifadə edirlər.

Bir il əvvəl Microsoft-un baş icraçı direktoru Satya Nadella top-menecerlərə narazılıq dolu məktub göndərmişdi. O, Edge brauzerində korporativ Copilot-un açıq veb-səhifə ilə bağlı verdiyi sorğunu yerinə yetirə bilmədiyini misal gətirmişdi. Problem sonradan həll olunsa da, uyğunluqla bağlı oxşar çətinliklər qalmaqdadır.

Anthropic zəif nöqtəyə zərbə vurur

Vəziyyət Anthropic-in təqdim etdiyi Claude Cowork məhsulundan sonra daha da çətinləşib. Bu alət Microsoft 365 tətbiqlərinin daxilində məhz istifadəçilərin Copilot-dan gözlədiyi şəkildə işləməsi ilə fərqlənir. WSJ-nin mənbələrinə görə, Microsoft rəhbərliyi artıq Cowork-u müzakirə edir və oxşar məhsul üzərində işləyir.

Risklər böyükdür. Copilot Microsoft üçün süni intellekt yönümlü (AI-first) şirkətə çevrilməyin açarı sayılır — Satya Nadellanın on il əvvəl Microsoft-u cloud-first strategiyasına keçirməsi kimi. Şirkət Copilot-un təşviqinə nəhəng vəsait xərcləyir: 2025-ci ildə Copilot-un televiziya reklamlarına təxminən 60 milyon dollar ayrılıb. Müqayisə üçün, LinkedIn-in reklamına 1 milyon dollardan az xərclənib. Bu bazar günü isə Copilot-un reklamı Super Bowl zamanı yayımlanacaq — 30 saniyəlik reklam yerinin qiyməti 8 milyon dollardan çoxdur.

Son xəbərlər
Digər xəbərlər