23 C
Baku
Monday, July 15, 2024

“Microsoft” korporasiyası “Google-un qatili”nə $10 mlrd. sərmayə qoyur

“Microsoft” süni intellekt bazarında lider olmaq üçün yeni məlumatlar yarada, ünsiyyət qura və müxtəlif tapşırıqları yerinə yetirə bilən “OpenAI” şirkətinə 10 milyard dollar sərmayə qoyur. Korporasiya bu texnologiyadan “Word” və “Bing” axtarış sistemi də daxil olmaqla bütün məhsullarında istifadə etməyi planlaşdırır.

Banker.az bu barədə “The Bell” nəşrinə istinadən xəbər verir.

Bazar ertəsi “Microsoft” çat-bot yaradıcısı olan “OpenAI”a investisiyanı artırmaq planlarını açıqlayıb. Bəyanatda startapla əlaqələri əhəmiyyətli dərəcədə gücləndirəcək “çox illik, çox milyard dollarlıq investisiya”ya istinad edilir. Müqavilənin dəqiq məbləği və təfərrüatları açıqlanmasa da, əvvəllər mətbuat onun təxminən 10 milyard dollar dəyərində olduğunu yazıb. İnvestisiyalar o cümlədən superkompüterlərin yaradılmasına və süni intellekt sahəsində inkişaflara yönəldiləcək.

Güman edilir ki, “Microsoft” bir neçə il ərzində ona pul yatıracaq, baxmayaraq ki, yekun şərtlər dəyişə bilər.

“ChatGPT” nədir?

Bu, keçən il noyabr ayında istifadəyə verilmiş qabaqcıl çat-botdur. Yarandığı ilk həftədə bu çat-bot 1 milyondan çox istifadəçi və “Google Killer” ləqəbi qazanıb.

Qeyd edək ki, “Microsoft” daha əvvəl də “Open AI”yə investisiya edib – 2019-cu və 2021-ci illərdə. Bu ilin yanvar ayının əvvəlində “WSJ” yazmışdı ki, “OpenAI” sərmayədarlarla təxminən 29 milyard dollar qiymətləndirmə əsasında səhmlərini satmaq üçün danışıqlar aparır.

2019-cu ildə “Microsoft” “OpenAI”a 1 milyard dollar sərmayə qoyduqdan sonra şirkət yeni məhsulları bazara çıxararkən “Microsoft”a üstünlük verəcəyini söyləyib. Bu qərar “OpenAI”nin məqsədinin konkret səhmdarlara deyil, bəşəriyyətə kömək etmək olduğunu xatırladan texnologiya ictimaiyyətinin nümayəndələrinin tənqidinə səbəb olub.

Son xəbərlər
Digər xəbərlər