Böyük şirkətlər 2025-ci ildə on milyardlarla dollar dəyərində “Bitcoin” almağı planlaşdırırlar. Onlardan biri də “MicroStrategy”dir. Belə ki, Amerikanın proqram təminatçısı “MicroStrategy” və Yaponiyanın investisiya şirkəti “Metaplanet” bu məqsədlə investisiya cəlb etmək istədiklərini açıqlayıblar.
“MicroStrategy” növbəti üç il ərzində əlavə 21 milyard dollarlıq kapital və sabit gəlirli maliyyə vəsaiti cəlb etmək niyyətindədir. Şirkətin yanvarın 3-də yaydığı press-relizdə deyilir ki, bu plan balansı gücləndirmək və daha çox bitkoin almaq üçün nəzərdə tutulub.
2025-ci ilin birinci rübündə isə “MicroStrategy” imtiyazlı səhmlərin yerləşdirilməsi yolu ilə 2 milyard dollara qədər vəsait toplamaq və onu kriptovalyuta almaq üçün istifadə etmək niyyətindədir.
“Metaplanet” 2025-ci ildə kapital bazarı alətlərindən istifadə etməklə “Bitcoin” ehtiyatlarını 10 min ədədə çatdırmağı planlaşdırdığını açıqlayıb. Bu o deməkdir ki, şirkət 800 milyondan çox vəsait toplamağı planlaşdırır.