Prezident İlham Əliyevin 14 yanvar 2019-cu il tarixli fərmanı ilə “Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişikliklər edilib.
Bu barədə MİDA-nın açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, fərmanın icrasını təmin etmək üçün “Güzəştli mənzil” sistemində dəyişikliklər edilib. Agent banklardan güzəştli ipoteka kreditinin verilməsinə dair alınacaq ilkin razılıq qərarının vətəndaşların elektron kabinetlərində yerləşdirilməsi xidməti və gözləmə qaydası ilə mənzil seçimi yaxın vaxtlarda vətəndaşların istifadəsinə veriləcək.
MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində güzəştli şərtlərlə satılacaq 1 654 mənzildən 430-nu artıq vətəndaşlar əldə edib. Bununla yanaşı, 29 aprel 2019-cu il tarixində həyata keçirilən satış zamanı “Güzəştli mənzil” elektron sistemi vasitəsilə əlavə 154 mənzilin seçimi başa çatdırılıb. Yasamal Yaşayış Kompleksində qalan 1 070 mənzil isə bu ilin sonuna qədər yeni qaydalara uyğun olaraq satışa çıxarılacaq. Həmin mənzillərdən 174-ü 1 otaqlı, 617-si 2 otaqlı, 279-u 3 otaqlıdır. Tezliklə mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək.
Agentliyin ikinci layihəsi Hövsan Yaşayış Kompleksi 11 çoxmənzilli yaşayış binasından ibarətdir və 2962 ailəni mənzillə təmin edəcək. Mənzillərdən 280-i birotaqlı, 1401-i ikiotaqlı, 980-i üçotaqlı, 301-i isə dördotaqlıdır. Kompleksdəki yeddimərtəbəli binalardan 6-nın tikinti-quraşdırma işləri başa çatdırılmış, bəzək işlərinə başlanılmışdır. Paralel olaraq digər yeddimərtəbəli 1 binanın və onmərtəbəli 4 binanın tikintisi də sürətlə davam etdirilir. Kompleksdə tikinti və təmir işləri gələn ilin ilk rübündə yekunlaşdırılaraq mənzillərin satışı barədə elan veriləcək.
Agentliyin növbəti layihəsi ̶ Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha torpaq sahəsində yeni yaşayış kompleksinin tikintisi də sürətlə davam etdirilir. Kompleks 22-si doqquzmərtəbəli və 18-i onikimərtəbəli olmaqla 40 yaşayış binasından ibarət olacaq. Agentlik sərəncamında olan 1458 mənzili “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxararacaq və güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif edəcək. Həmin mənzillərdən 42-nin birotaqlı (studio tipli), 144-nün birotaqlı, 461-nin ikiotaqlı, 740-nın üçotaqlı, 71-nin isə dördotaqlı olması nəzərdə tutulur. Bütün mənzillər tam təmirli vəziyyətdə, kombi isitmə sistemi və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq.
Agentliyin daha bir layihəsi isə Sumqayıt şəhərində reallaşdırılacaq. Belə ki, Sumqayıt şəhərində 0,76 ha torpaq sahəsində 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasının tikintisi ilə əlaqədar artıq tender elanı verilmişdir. Tenderin qalibi müəyyən edildikdən sonra podratçı şirkət tərəfindən tikintiyə başlanılacaq. Bu binalarda ümumilkdə 144 mənzil olacaq.