2024-cü ildə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin əməliyyat zərəri 3.935 mln. manat təşkil edib və bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6.6% artıb.
Banker.az bunu MİDA-nın illik audit hesabatına istinadən xəbər verir.
MİDA-nın maliyyə gəlirləri isə 12.857 mln. manat səviyyəsində qeydə alınıb. Bu da 2023-cü illə müqayisədə 11.6% çoxdur.
Agentliyin il üzrə mənfəəti 4.417 mln. manat təşkil edərək, 2023-cü ilin 9.600 mln. manat mənfəəti ilə müqayisədə 54% azalıb. Mənfəət vergisi 1.726 mln. manat olub və bu göstərici 2023-cü illə müqayisədə 15% artıb. Nəticədə, 2024-cü il üzrə cəmi məcmu gəlir 2.692 mln. manat təşkil edib ki, bu da 2023-cü ilə nisbətən 66.7% azalma deməkdir.
2024-cü ilin sonu üzrə MİDA-nın cəmi aktivləri 517.383 mln. manat olub ki, bu da 2023-cü ilin sonundakı 451.075 mln. manat aktivlərdən 14.7% çoxdur. Uzunmüddətli aktivlərdə 48.6% azalma, qısamüddətli aktivlərdə isə 76% artım müşahidə edilir.
Kapital 2024-cü ildə 478.608 mln. manat təşkil edərək 2023-cü ilə nisbətən 14.7% artıb. Öhdəliklər isə 38.775 mln. manat olub və 2023-cü illə müqayisədə 14% artım göstərib.