Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki “MİDA” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 112,047 mln. manat təşkil edib.
Şirkətin maliyyə hesabatına istinadən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 10,5 dəfə çoxdur.
2017-ci ildə MİDA-nın cəmi öhdəlikləri 74% və yaxud 3,85 dəfə azalaraq 32 min manata, cəmi kapitalı isə dövlət büdcəsindən ayrılmış 100 mln. manat vəsaitin hesabına 10,65 dəfə artaraq 112,015 mln. manata çatıb.
Ötən il şirkətin əməliyyat gəlirləri 37 min manat (əvvəlki ilə nisbətən 2,7 dəfə çox), maliyyə gəlirləri 5,32 mln. manat (10,7 dəfə çox), inzibati və əməliyyat xərcləri 3,616 mln. manat (3,7 dəfə çox), mənfəət vergisi xərci isə 248 min manat (16,5 dəfə çox) təşkil edib. Son nəticədə MİDA 2017-ci ili 1,493 mln. manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2016-cı ildən 478 min manat xalis zərərlə çıxmışdı.
Xatırladaq ki, “MİDA” MMC 11 aprel 2016-cı ildə yaradılıb, 17 may 2016-cı ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 mln. manatdır.