İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan Pakistanın müdafiə istehsalatı naziri xanım Zobaida Cəlalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Pakistanın müdafiə istehsalatı naziri xanım Zobaida Cəlal Azərbaycanla siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, ölkəsinin biznes və investisiya mühiti ilə bağlı məlumat verib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov dost Pakistanla iqtisadi əlaqələrimizin genişləndiyini vurğulayıb. Bildirilib ki, hazırda tərəflərin müzakirə etdiyi Azərbaycan və Pakistan arasında preferensial ticarət sazişinin imzalanması iqtisadi-ticarət əlaqələrimizin inkişafına əlavə imkanlar yaradacaqdır.
Görüşdə tranzit-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası və s. barədə fikir mübadiləsi aparılıb.