Ölkəmizdə ən böyük pivə istehsalçısı olan “Carlsberg Azerbaijan” şirkəti ilk dəfə yerli arpadan pivə istehsalına başlayıb.
Banker.az İqtisadiyyat Nazirliyindən əldə etdiyi məlumata əsasə xəbər verir ki, Sentyabrın 16-da zavodda pivə brendi “Xırdalan”ın yerli arpadan hazırlanmış ilk istehsal xəttinin açılışı olub. Bununla bağlı keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, “Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa regionu üzrə icraçı vitse-prezidenti Lars Lemann, “Carlsberg Azerbaijan”ın baş direktoru Vyaçeslav Maltsev və “Carlsberg Group”un regional nümayəndələri iştirak ediblər.
İqtisadiyyat naziri qeyd edib ki, pivə istehsalı sahəsinə 55 milyon manatdan çox sərmayə yatıran “Carlsberg Azerbaijan” şirkətinin fəaliyyətinin genişləndirilməsi və xammal bazasının lokallaşdırılması diqqətəlayiq haldır.
Qeyd edək ki, “Carlsberg Azerbaijan” pivəbişirmə zavodunun illik istehsal gücü 8 milyon dekalitrdir. Şirkətdə 250-dək işçi çalışır və əlaqədar sahələrdə (təchizat, pərakəndə satış) 3000-dən çox iş yeri yaradılıb. Şirkətin məhsul portfelinə “Xırdalan”, “Carlsberg”, “Baltika”, “Əfsanə”, “Kronenbourg Blanc 1664”, “Seth&Riley’s Garage” kimi markalar daxildir.