15 C
Baku
Friday, March 29, 2024

Mikayıl Cabbarov: “Tələbələrə uzunmüddətli təhsil krediti və qrantların verilməsinə başlanılacaq”

Fond vasitəsilə tələbələrə uzunmüddətli təhsil krediti və qrantlarının verilməsinə başlanılacaq.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında təhsil naziri Mikayıl Cabbarov deyib.
“Təhsil Nazirliyinin təşəbbüsü və tabeliyində olan 11 ali təhsil müəssisəsinin iştirakı ilə dövlət büdcəsindən vəsait cəlb edilmədən Maarifçi Fondu yaradılacaq. Həmin Fond vasitəsilə tələbələrə uzunmüddətli təhsil kredit və qrantlarının verilməsinə başlanılacaq” – deyə, nazir qeyd edib:
“2013-cü ildə təsdiq olunmuş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın prioritet istiqamətləri üzrə tədbirlərin həyata keçirilməsinə başlanılıb. Müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncama əsasən, diaqnostik qiymətləndirmədən keçən 30 min müəllimin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. Aparılan islahat nəticəsində həmin müəllimlərin orta aylıq əmək haqqı 425 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb. 3 şəhər və 9 rayonunda daha 30 min müəllimin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək və 2016-cı ilin yanvarından onların əməkhaqlarının artırılması planlaşdırılır. Bir il müddətində ölkə üzrə məktəb müəllimlərin 40 faizinin əməkhaqqında əhəmiyyətli artım təmin olunacaq”.
Nazir həmçinin bildirib ki, bu il müəllimlərin tam şəffaf və elektronlaşdırılmış qaydada keçirilən işə qəbulu müsabiqəsində 3068 nəfər işlə təmin olunub. Təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yaxşı hazırlaşmaq imkanı yaratmaq məqsədi ilə ölkənin pilot olaraq seçilmiş 58 məktəbində 10-cu siniflərdə 4 istiqamət üzrə 176 təmayül sinfi açılıb. Bu il həmçinin rekord sayda – 22 mindən çox şagird respublika fənn olimpiadalarına qatılıb.
M.Cabbarovun sözlərinə görə, keçən tədris ilində Bakı şəhərinin 88 ümumtəhsil məktəbində 5 yaşlı uşaqlar üçün özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərən məktəbəhazırlıq qrupları açılıb. Həmin qruplarda bu il birinci sinfə getmiş 3 minə yaxın uşaq təhsil alıb.
Nazir xatırladıb ki, ölkənin ali təhsil şəbəkəsinin təkmilləşdirilməsi və müəllim hazırlığı işinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Müəllimlər İnstitutunun 3 filialı ləğv edilib, həmçinin keyfiyyətli təhsil verilməsində rəqabətə davam gətirə bilməyən özəl universitetlərin də fəaliyyətinin dayandırılması prosesi davam edib.
Nazir bildirib ki, cari ilin 9 ayında Təhsil Nazirliyi tərəfindən 6 məktəb binası tikilib istifadəyə verilib, 2 kollec, 1 ali təhsil müəssisəsinin tədris korpusları əsaslı təmir edilib, 27 təhsil müəssisəsində isə əsaslı tikinti və təmir işləri davam etməkdədir.
“Təhsil sistemindəki korrupsiya və digər neqativ hallarla mübarizə fəaliyyətimizin əsas istiqamətlərindən biri olaraq qalmaqdadır. Cari ilin 9 ayının yekunu üzrə 7 cinayət əlaməti olan fakt üzrə materiallar prokurorluq orqanlarına göndərilib, vətəndaşların şikayətlərində göstərilən hallar təsdiqləndiyi üçün 18 nəfər vəzifəli şəxs tutduğu vəzifədən azad edilib”, – deyə M.Cabbarov öz çıxışında bildirib.

Son xəbərlər
Digər xəbərlər