Azərbaycanın vergi sistemində şəffaflıq təmin olunacaq.
Bunu “Vergilər. Şəffaflıq. İnkişaf” adlı konfransda vergilər naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, bu sahədə artıq geniş miqyaslı iş aparılır: “Artıq biz vergi orqanlarında strukturun və idarəetmə prinsiplərinin yenidən təşkilinə başlamışıq. Hazırda qarşıda duran vəzifələrə cavab verə biləcək yeni, dinamik və müasir idarəetmə prinsiplərinə söykənən vergi administrasiyasının formalaşdırılmasına başlanıb”.
M.Cabbarov onu da qeyd edib ki, vergi orqanlarında korrupsiyanın tam qarşısının alınması üçün bütün resursları səfərbər olunacaq: “Öz sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək, aşkar olunan bütün hallarla bağlı qəti tədbirlər görüləcək, bu mənada heç kəsə güzəşt edilməyəcək. Himayədarlıq faktları xüsusi nəzarətə götürüləcək, buna hələ də yol verənlər bilməlidir ki, vergi ödəyicilərinin məsuliyyətə cəlb edilməsi müddətinin keçməsi vergi işçilərinin cinayət hərəkətlərinə şamil edilmir”.