“Kifayət qədər ucuz vəsait var”.
Ölkədə sahibkarlara banklar tərəfindən verilən kreditlərin faizləri xeyli yüksəkdir. Bu da real sektorda fəaliyyət göstərən iş adamlarının sayının az olmasına səbəb olur.
Ölkədəki yüksək kredit faizlərini məqbul hesab etməyən Milli Məclisin İqtisadi Siyasət komitəsinin sədri Ziyad Səmədzadə hesab edir ki, sahibkarlara verilən kreditlər müəyyən güzəştlərlə verilməlidir və faizləri aşağı salınmaldır.
Millət vəkili bankların cəlb edilən resursun baha olması haqda dedikləri ilə də razılaşmır. Əksinə son illər bankların xeyli ucuz vəsait cəlb etdiyini deyir.
Ziyad Səmədzadə bank sektorunun faizləri yüksək saxlamaq üçün saxtakarlığa əl atdığını bildirir:
“Biz gərək xərcləri də nəzərə alaq. Bəzən xərcləri şişirdirlər ki, buna görə faizlərimiz yüksəkdir. Amma biz monitorinq aparsaq, daha diqqətli təhlillər aparsaq, heç şübhəsiz ki, bankların real sektora, sahibkarlara verdikləri kreditlərin faizi aşağı düşə bilər. Kifayət qədər ucuz vəsait var və bu vəsaitləri xeyli səmərəli istifadə etmək olar”.
İqtisadçının sözlərinə görə bankların təklif etdiyi şərtlər sahibkarlara sərf etmir. Banklar elə kredit faizləri müəyyən etməlidirlər ki, sahibkarlar götürdükləri maliyyə vəsaitini geri qaytarmaqla yanaşı qazanc əldə etmək imkanına da malik olsunlar.
Belə olduğu halda sahibkarlar onlara ayrılan güzəştli kreditləri real sektora və yeni emal müəssisələrinin yaradılmasına yönəltməkdə maraqlı olarlar. Bu da həm ölkə iqtisadiyyatının daha da inkişaf etməsinə, həm də rəqabət qabiliyyətli məhsul istehsalının artırılmasına kömək edə bilər.
Oxu.az