12 C
Baku
Monday, November 18, 2024

Millətin azadlıq haqqı

1991-ci ilin 18 oktyabrını, yəqin ki, hamı xatırlayır. Bu tarixi unutmaq azərbaycanlılar üçün qeyri-mümkündür. Çünki 18 oktyabr Azərbaycanın dönüş tarixidir, müstəqillik tariximizin başlanğıc nöq­təsidir. Məhz bu gün Azərbay­can döv­lətinin taleyində 2-ci dəfə müs­təqilliyin bərpası günü ki­mi qeyd olunur.
Həmin gün Müstəqillik Aktı qəbul olundu. Xalq yenidən və bu dəfə əbədi olaraq azadlığını qazandı. Xatırlayırsınızsa, Müstəqillik Aktının qəbul olunduğu sessiyaya o vaxt Ali Sovetin sədrinin birinci müavini, akademik Ziyad Səmədzadə sədrlik edirdi. Biz 15 il öncə bununla bağlı Ziyad müəllimlə görüşüb, müsahibə almışdıq. Bu gün artıq müstəqilliyimizin 30 ili tamam olur. Biz də düşündük ki, o səhifələri Ziyad müəllimlə birgə yenidən vərəqləyək.

– Ziyad müəllim, o tarixi anları necə xatırlayırsınız?
– Azərbaycanın müstəqilliyinin 30 yaşı tamam olur. Tarixən bu, qısa bir dövrdür, lakin 30 il ərzində Azərbaycan, bəlkə də əsrə bərabər yeni bir yol keçmişdir. Bu yol hamar olmayıb. Çox çətin yolumuz olub. Hər şeyin başlanğıcı çətin, mürəkkəb olur. Lakin bu, bir həqiqətdir ki, artıq Azərbaycan müstəqil dövlət kimi dünyada tanınır.
Azərbaycan xalqı əsrlər boyu azadlıq uğrunda mübarizə aparıb. Zəngin dövlətçilik tariximiz var. Azərbaycan 2-ci dəfə idi ki, müstəqil dövlət kimi elan olunurdu. Sonralar sovet sistemində yaşadıq və 1991-ci ildə SSRİ məkanında yeni müstəqil dövlətlərin yaranması prosesi getdi. Və bu proses Azərbaycanı da əhatə etdi. O anları xatırlayarkən, təbii ki, çoxları kimi mən də həyəcan hissləri keçirirəm. Bir sözlə, 90-cı illərin əvvəllərində Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatı çox gərgin idi. Azərbaycan cəmiyyətində ziddiyyətli proseslər baş verirdi. Azərbaycan xalqı artıq qəti əmin idi ki, SSRİ hökuməti Azərbaycanın qədim diyarı olan Qarabağ problemini həll etmək niyyətində deyildir. Əksinə, açıq-aşkar görünürdü ki, SSRİ hökuməti, başda Qorbaçov olmaqla Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına maraq göstərmir, erməni millətçilərini dəstəkləyir. Bu illərdə azadlıq məfhumu tez-tez işlənirdi. Xalq artıq bilirdi ki, yalnız azadlıq imkan verə bilər ki, o, gələcək taleyini özü həll etsin. Amma respublikamızda bu proses digər respublikalara nisbətən daha çətin və mürəkkəb şəraitdə keçirdi. Sovet rəhbərliyinin Azərbaycana münasibəti, birmənalı şəkildə, qərəzli idi. Azərbaycan xalqına qarşı 20 Yanvar faciəsi törədilmişdi. Bütün bunlar xalqımızı öz azadlığı uğrunda mübarizəyə çağırırdı. Erməni millətçiləri havadarlarının güclü dəstəyi ilə Azərbaycanın ərazi bütövlüyünə qarşı hücuma başlamışdı. Yalnız azadlıq, müstəqillik imkan verə bilərdi ki, biz gələcəkdə öz taleyimizi özümüz həll edək.

Və 1991-ci ilin 18 oktyabrında artıq bu, qanuni şəkildə həll olundu. Taleyin hökmü idi, qismətdir, nədir, həmin tarixi sessiyaya mən sədrlik edirdim. Təbii ki, bu zalda hamı həyəcan keçirirdi. Çox yüksək gərginlik var idi. Lakin bu gərginliyin arxasında heç də qarşıdurma yox idi. Çünki deputatların hamısı siyasi baxışlarından asılı olmayaraq, Azərbaycanı bir müstəqil dövlət kimi görmək istəyirdi. Baxmayaraq ki, Müstəqillik Aktının ayrı-ayrı maddələri ilə bağlı müxtəlif fikirlər səslənirdi. Bəzən radikal çağırışlar da olurdu. Lakin mahiyyət etibarilə Ali Sovetdə ab-hava Müstəqillik Aktının qəbul edilməsinə yönəlmişdi. Və elə də oldu. Deputatlar yekdilliklə Müstəqillik Aktını qəbul etdilər. Sessiyada iclası bağlayarkən aşağıdakı sözləri dedim: “Bugünkü yekdillik sübut etdi ki, Azərbaycanın parlamenti ölkəmizin ən yaxşı oğul və qızlarından ibarətdir. Gəlin, bu gün, sözün əsl mənasında, yekdil olaq. Gəlin, vətənimiz Azərbaycanda iqtisadi və siyasi reformaları həyata keçirmək üçün hər cür xırda hisslərdən uzaq olaq. Biz mürəkkəb və çətin imtahan qarşısındayıq. Biz müstəqil ölkənin iqtisadi və milli siyasətini formalaşdırmalıyıq. Yenə deyirəm, bu, çox məsul vəzifədir. Məhz bu amal üçün birləşək. Bugünkü yekdil qərarımız sübut etdi ki, biz birləşməyi bacarırıq”.

Bu Aktın qəbul edilməsi ilə Azərbaycan tarixində yeni mərhələ başlandı. Bütün dün­yanın aparıcı informasiya agentlikləri Azərbaycanın müstəqil dövlət kimi elan olun­masını bəyan edirdilər. Sessi­yadan sonra mən bir qrup deputat ilə Azadlıq meydanında bir neçə yüz min əhalinin qarşısında çıxış da etdim. Azərbaycan xalqını təbrik etdim.

– O dövrün çətinliklərindən danışın…
– Təbii ki, 30 il ərzində, xüsusilə də ilk illərdə Azərbaycan çox böyük çətinliklərlə üzləşdi. SSRİ kimi dünyanın quru ərazisinin 16 hissəsinə sahib olan məkandan ayrılaraq, müstəqil dövlət qurmaq həqiqətən tarixi hadisə idi. Amma onu qorumaq və saxlamaq da bir o qədər çətin…

– Bilirsiniz, bəzən məndən soruşurlar ki, taleyindən bir vətəndaş, bir ziyalı, bir alim və ictimai xadim kimi razısanmı? Və mən bu suala belə cavab verirəm – çox razıyam. Razıyam ona görə ki, artıq Azərbaycan müstəqil dövlət kimi yaşayır, inkişaf edir və biz bu hadisənin canlı şahidləriyik. Və taleyimdən bir də ona görə razıyam ki, o sessiyanın iclasına mən sədrlik etmişəm, gözlərimin yaşını silə-silə iclasa yekun vurmuşam. Azərbaycan kimi o qədər də böyük olmayan bir dövlət üçün müstəqillik qat-qat çətin idi. Ulu öndər Heydər Əliyev dəfələrlə bu barədə deyib ki, “Müstəqilliyi qazanmaq çətindirsə, onu qoruyub saxlamaq da o qədər çətindir”. Sonrakı hadisələr, xalqımızın başına gələnlər sübut etdi ki, Azərbaycan xalqı düz yol tutub, bu yolu şərəflə qoruyub və əsrlər boyu qoruyacaqdır.

– Müstəqillik haqqında Konstitusiya Aktının hazırlanmasında əməyi olan adamları xatırlayaq.

– Bilirsiniz, xalqın taleyini xalq özü həll edir. Təbii ki, hər hansı bir qanunun hazırlanmasında müəyyən adamlar işləyir.

Bəli, biz işçi qrupu yaratmışdıq. İşçi qrupu daimi komissiyalarla birlikdə müzakirələr aparır, Konstitusiya Aktı barədə qanun layihəsinin hazırlanması, onun təkmilləşdirilməsinə dair təkliflərə öz münasibətini bildirirdi. Amma mən çıxışlarımda həmişə demişəm ki, Konstitusiya Aktının müəllifi Azərbaycan xalqıdır. Mənim iş otağımda dəfələrlə müzakirələr olub. İstər komissiyalarda, istərsə də sessiyada keçirilən müzakirələrdə görkəmli Xalq yazıçısı İsmayıl Şıxlı, Xalq şairi Bəxtiyar Vahabzadə, yüksək səviyyəli hüquqşünaslar – 20 ilə yaxın Ali Məhkəmənin sədri işləmiş Abdulla İbrahimov, Parlamentin hüquq şöbəsinin əməkdaşı Şahin Əliyev, uzun illər partiya, sovet orqanlarında yüksək vəzifələrdə çalışmış Tofiq Bağırov, deputatlar Vahid Əhmədov, Eldar İbrahimov, Arif Rəhimzadə, Tofiq Əzizov, Tofiq Qasımov, Hacıbaba Əzimov, Firudin Cəlilov, Soltan Məmmədov və bir çoxları iştirak etmişdilər. Onu da qeyd edim ki, o günlərdə “Azadlıq” (o vaxtkı “Lenin”) adına meydana yığışan yüz minlərlə insan müstəqillik ideyaları ilə yaşayırdı. Və onlar hesab edirdilər ki, yalnız müstəqillik vətənimizin malik olduğu təbii sərvətlərin sahibi ola bilər, ərazi bütövlüyümüzün bərpasını və insanların hüquqlarının qorunmasını təmin edər. Amma, əlbəttə ki, bu fikirləri ümumiləşdirib parlament sessiyasına çıxaran insanların əməyini biz heç vaxt unutmuruq və unutmayacağıq. Bəziləri cılızlıq nümayiş etdirərək deyirlər ki, “bunu mən yazmışam, bunu mən elədim” – bunlar xırdaçılıqdır. Azərbaycanın Ali Soveti bu qanun layihəsini bəyənib, Konstitusiya Aktını yekdilliklə qəbul etdi və bütün xalqa bəyan olundu ki, Azərbaycan müstəqil dövlətdir. Deyəndə ki, “Bu qanunu mən yazmışam, bunu mən dedim” razılaşın ki, bu, son dərəcə acı təəssüf doğurur. Mən həmişə deyirəm ki, taleyüklü qanunlar təkcə bir neçə deputatın, bir neçə məmurun, bir neçə ziyalının əməyinin nəticəsi deyil. Azərbaycanın müstəqilliyi uğrunda mübarizə, yəni bu müstəqillik ideyalarının formalaşması, təşəkkülü bütün xalqa aiddir. Azərbaycanın Dövlət Müstəqilliyi barədə Konstitusiya Aktının müəllifi Azərbaycan xalqıdır.
Bir daha sevinclə, böyük hə­vəslə bildirirəm ki, Eşq olsun Azərbaycan xalqına!

– Nədir azadlıq, müstəqillik, dövlətin müstəqilliyi?
– Müstəqillik dəyəri ölçülməyən ümumxalq sərvətidir. Azadlığı alınmış insana “qul” deyildiyi kimi, müstəqil olmayan torpağa və xalqa da dövlət deyilmir. Müstəqillik Azərbaycan xalqının, dövlətçiliyinin tarixində böyük dönüşdür, yeni fəslin başlanmasıdır. Müstəqillik Azərbaycan dövlətçiliyinin beşiyi başında duranların etimadıdır. Müstəqillik insanın özünün özünə ehtiramıdır. Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir. Bunun özü də bizim üçün müstəqilliyin necə qiymətli bir nemət olduğunu sübut edir. Bir müddət bu müstəqilliyimizi itirsək də, xalqımızın yenidən ona nail olması tarixi və əvəzedilməz uğurdur.
Lakin o da doğrudur ki, hü­quqi azadlıq tam azadlıq sayıla bilməz. Tarix göstərir ki, müxtəlif dövrlərdə hüquqi azad­lıq olsa da, vətəndaşı əzi­lən dövlətlər də olub. Lakin bu natamamlıq çox çəkməyib. Ona görə də müstəqilliyi hərtərəfli qiymətləndirmək lazımdır.

– Dünəndən – 1991-ci ilin 18 oktyabr pəncərəsindən bu günə, yəni 2021-ci ilin 18 oktyabr tablosuna baxanda qazandıqlarımız və itirdiklərimiz necə görünür?
– Heç şübhəsiz, bu 30 il ərzində qazandıqlarımızı bir yazıda ifadə etmək qeyri-mümkündür. Bu gün Azərbaycanın dünya dövlətləri arasında imzası var.

Bu məqamda Məhəmməd Hadinin “yox millətimin xətti bu imzalar içində” misrasını xatırlayıram. Bu gün isə dünyanın aparıcı dövlətləri siyahısında Azərbaycanın imzası hörmətlə görünür, qiymətləndirilir. Hamı bilir ki, onu qazanmaq çox çətindir. Azərbaycan getdikcə tanınır. Qazandıqlarımız çoxdur. Biz milli mədəniyyətimizi, milli ədəbiyyatımızı, bütün milli dəyərlərimizi qorumaq üçün yeni imkanlar qazanmışıq.
Müstəqillik Azərbaycan cəmiyyətinə yenilik gətirdi. Ölkə artıq dağıdılmış köhnə sistemin əvəzinə təzə sistem yaratmalıydı. Özü də yeni bir siyasi və iqtisadi sistem. Bu iqtisadi sistemin mahiyyəti ondan ibarət idi ki, əvvəlki sərt inzibati amirlik sistemi əvəzinə, sərbəstliyə, azadlığa, vahid bir mərkəzdən idarə olunan ideologiyaya zidd bir sistem formalaşsın. Bu, heç də asan məsələ deyildi. Çünki insanlar uzun müddət mərkəzdən idarə olunma siyasətinə öyrəşmişdi. “Hər şey yuxarıdan deyilməlidir, hər şey yuxarı tərəfindən təyin edilməlidir” ideologiyasının əvəzinə, Azərbaycan öz dövlətinin idarə edilməsi sistemini qurmalıydı, idarə etməliydi. Azərbaycan öz iqtisadiyyatını müasir tələblərə, bazar münasibətləri şəraitinə, dünya standartları tələblərinə uyğun qurmalıydı. Eləcə də Azərbaycan cəmiyyətində bütün bu yeni siyasi-iqtisadi sistemin tələblərinə uyğun insanlar formalaşmalıydı.
Çox sevinirəm ki, biz bütün bunlara nail olduq, mürəkkəb, çətin, lakin şərəfli bir yol keçdik.
1991-ci il oktyabrın 18-də sessiyanı başlayarkən dediyim kimi, çox ağır çətinliklərlə üzləşdik. Müstəqilliyin ilk illərində səhvlər daha çox buraxılırdı ki, bu da ölkədə kəskin qarşıdurma proseslərini gücləndirirdi. Özünü demokrat adlandıran insanlar səriştəsiz yol göstərirdilər. Və bütün bunlar ölkənin iqtisadi həyatına təzyiq göstərirdi. İş o yerə çatmışdı ki, Ali Sovetin sessiya iclaslarını apararkən bizim ətrafımızda özlərini əsl demokrat kimi qiymətləndirən insanlar silahla bizi hədələyirdilər, qorxudurdular. İqtisadiyyatda da vəziyyət getdikcə gərginləşirdi.
Vətənin dar günündə hadisələr respublikada elə inkişaf edirdi ki, müstəqilliyin itirilməsi təhlükəsi artırdı və ikinci dəfə Heydər Əliyevin hakimiyyətə qayıdışı, onun dövləti səriştəli idarəetmə məharəti, tətbiq etdiyi çox ciddi, o dövr üçün son dərəcə zəruri olan siyasət Azərbaycanın müstəqilliyinin qorunması əsaslarını qat-qat möhkəmləndirirdi. Azərbaycan bu illəri yaşadı. O dövrdə ölkənin maliyyə vəsaitləri yox idi. Əhalinin vəziyyəti ağırlaşırdı. Ərzaq malları, xüsusi ilə də çörək qıtlığı yaranırdı. Azərbaycan müstəqil dövlət olsa da, hələ də onun müstəqilliyini tanımayan, onunla hesablaşmayan çoxsaylı ölkələr var idi. Bir tərəfdən də erməni təcavüzü öz işini görürdü. Belə bir şəraitdə Heydər Əliyev Azəbaycanın neft strategiyasını hazırladı. 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi” imzalandı və bununla da iqtisadi müstəqilliyimizin qorunmasının əsasları əhəmiyyətli dərəcədə möhkəmləndirildi.

– Nəyi yenidən bərpa etməliyik?
– İnsanların bir çoxu, xüsusən də ziyalılar o ağır, mürəkkəb şəraitdə özlərini qoruyub saxlaya bilmədilər, milli mənafelərə uyğun gəlməyən istiqamətlərə əyildilər. Necə deyərlər, yerindən duranın özünü siyasətçi kimi qələmə vermək imkanı artdı. Vəzifədən çıxarılanlar əqidəsini dəyişirdi. Bu hallar çox ağır təsir bağışlayırdı. Amma başa düşmürdülər ki, bu məmləkəti qorumaq üçün birlik lazımdır. Müəyyən şəxslər insanlar arasında hərc-mərclik şəraiti yaratmaq istəyirdilər. Hətta o günlərdə çoxuna bolşevik damğası altında zərər vurmaq istəyənlər də az deyildi. Bax, bu bizə çox baha başa gəldi. Kütləvi surətdə böyük təcrübəsi olan insanlar vəzifədən uzaqlaşdırıldı. Amma min şükür ki, zaman keçdikcə hər şey öz adıyla çağırılmağa başlandı. Tarix lazımınca qiymətləndirildi. Bu, belə də olmalıydı.
Əvvəlki sualın cavabının davamı olaraq bir nümunə demək istəyirəm. Məsələn, Çin iqtisadi islahatlar apararkən bir sıra məsələləri diqqət mərkəzində saxladı. O, ölkədə sosial sarsıntıların baş verməməsi üçün çoxlu tədbirlər gördü. Amma MDB daxilində olan yeni müstəqil dövlətlərin əksəriyyətində islahatlar prosesində sosial sarsıntılar baş verdi ki, onun nəticəsini xalqlar bu gün də hiss edirlər.

Təbii ki, qazandıqlarımız qat-qat çox olub. Biz, Müstəqil Azərbaycan dövlətinin vətəndaşıyıq və bununla da fəxr etməliyik. Amma bu sevinc, bu qürurun əbədi olması üçün hamı, sözün əsl mənasında, millət üçün, vətən üçün çalışmalıdır. İqtisadi inkişafımız gücləndikcə, yeni keyfiyyət mərhələsinə qalxdıqca biz, sanki, özümüz də yeniləşirik və itirdiklərimizin bərpası üçün daha böyük tədbirlər görürük. Sadə bir misal deyim, 90-cı illərin əvvəllərində və ortalarında biz elə başa düşürdük ki, hər şey xaricdən gəlsə, bu, millət üçün yaxşı olar. Açıldı qapılar. Ölkəyə qaydasında imiş kimi görünən, lakin anbarlarda illərlə qalmış, vaxtı keçmiş məhsullar axdı. Radikal islahatçılar bildirirlər ki, dövlətin iqtisadiyyata qətiyyən müdaxiləsi olmamalıdır. Kim nə istəyirsə, onu da etsin. Belə yanaşma bizə, iqtisadiyyatımıza baha başa gəldi.

Bu da etiraf edilməlidir ki, azad bazar iqtisadiyyatı qurmaq pərdəsi arxasında bir çox xarici ekspertlərin tövsiyələri təhlil edilmədən, süzgəcdən keçirilmədən tətbiq olunmuşdur. Xüsusilə, özəlləşmə prosesində sənaye potensialına xeyli zərbə vuruldu. Bu kimi məsələlər çox idi və onlar getdikcə öz həllini tapırdı ki, bu da iqtisadi inkişafımızın əsaslarını möhkəmləndirirdi.

Sovet dövründə məhsulun keyfiyyəti, hətta məhdud imkanlar şəraitində diqqət mərkəzində idi. Müstəqilliyin ilk illərində obyektiv və subyektiv səbəblərə görə bu məsələ arxa plana keçirilmişdi. Bu gün keyfiyyət məsələsinə münasibət köklü surətdə dəyişməlidir. Biz sivil cəmiyyət quran bir dövlət kimi insanların qayğısına daha ciddi qalmalıyıq. İnkişafımız var, lakin bu inkişafın əhalinin sağlamlığına, millətin genofonduna təsiri necə olacaqdır məsələsi ön plana çəkilməlidir. Onu da deyim ki, keyfiyyət anlayışı təkcə yeməyə, geyimə aid deyil, insana da aiddir. Yəni, keyfiyyətli insan yetişdirmək ölkəmiz üçün müqəddəs vəzifələrdən sayılmalıdır.

– “Tarix sübut edir ki, Azərbaycana həmişə və həmişə birlik lazımdır” – müsahibələrinizdə bu, tez-tez səslənir. Bəs, bu gün necə, o birlik varmı?
– Heç şübhəsiz, Azərbaycan xalqının indiki əhval-ruhiyyəsində, dünənə, bu günə və sabaha baxışlarında çox böyük dəyişikliklər var. Şərəfli 44 günlük Vətən müharibəsi dövründə xalqın Ali Baş Komandan və ordu ilə olan birliyi, dəmir yumruq kimi birləşməsi bu sualın cavabıdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, biz birlikdə güclüyük və bir xalq olaraq bunu 44 günlük müqəddəs savaşımızda sübut etdik.
Dövlət o vaxt inkişaf edir ki, onun inkişafı hər bir vətəndaş üçün maraqlı olsun. “Bunu mən etməməliyəm, dövlət etməlidir” kimi fikirlərdən biz tədricən uzaqlaşmalıyıq. Biz, eyni zamanda “Sən fikirləşmə ki, dövlət sənin üçün nə edib. Sən fikirləş ki, sən dövlət üçün nə edirsən” prinsipi ilə yaşamalıyıq. Sözümü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı ilin 2 oktyabrında Milli Məclisdəki çıxışından aşağıdakı sözlərlə bitirmək istəyirəm:
“İndi bizim qarşımızda nadir imkanlar var. Sabah, ondan sonrakı illərdə Azərbaycan necə olacaq – bu, bizdən asılıdır. Elə etməliyik ki, güclü dövlət yaradaq, müstəqilliyimizi daha da möhkəmləndirək. Azərbaycanın potensialını tam şəkildə insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldək və beləliklə, ölkəmizdə vətəndaş cəmiyyəti yaradaq. Azad cəmiyyət, hüquqi dövlət, qanunun aliliyi, güclü iqtisadiyyat, güclü ordu, çevik xarici siyasət və Azərbaycanın maraqlarının tam şəkildə qorunması və möhkəmlənməsi – bütün bunlar bizim qarşımızda duran əsas qlobal istiqamətlərdir. Bütün istiqamətlər üzrə bizim proqramımız var. Hər bir istiqamət üzrə bizim baxışlarımız var, bilirik ki, nə istəyirik, haraya gedirik və təxminən bilirik ki, bunun nəticəsi nə olacaqdır. Nəticədə isə güclü ölkə olacaq, güclü Azərbaycan olacaq və Azərbaycan xalqı bundan sonra da yaxşı yaşayacaqdır. Bütün bu məqsədlərimizə çatmaq üçün biz gərək səmərəli işləyək”.

Son 15 il bu deyilənləri təsdiq etdi. Ölkəmiz bu illər ərzində böyük inkişaf yolu keçdi. İqtisadi, siyasi gücümüz artdı. İqtisadi inkişaf sürətinə görə dünyada qabaqcıl yerə çıxdı. Borc alan ölkədən borc verən ölkəyə çevrildik. Güclü ordu yaratdıq ki, Azərbaycanın müdafiə qabiliyyətliliyi daha da artsın. İrimiqyaslı sosial layihələr həyata keçirildi. Bütün bunlar, eləcə də xalq-iqtidar birliyi sayəsində biz torpaqlarımızı erməni işğalından azad etdik və azad olunmuş ərazilərimizdə sürət və keyfiyyətlə, “Böyük Qayıdış” layihələri reallaşdırılır. Bu barədə cənab prezidentin də qeyd etdiyi kimi: “Bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki İkinci Qarabağ müharibəsindəki Qələbəmiz tarixi qələbədir. Buna bənzər Qələbə xalqımızın çoxəsrlik tarixində olmamışdır. Bütün xalq bu Qələbəni əldə etmək üçün birləşdi, Ordumuzun arxasında durdu və Ordumuz Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirdi. Bir daha demək istəyirəm ki, qəhrəmanlıq, fədakarlıq göstərərək, qan tökərək, şəhidlər verərək biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpağımızdan qovduq, düşmənə lazımi dərsi verdik. Düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı və bundan sonra Azərbaycan xalqı əbədi olaraq qalib xalq kimi yaşayacaq”.

– Bu yaxınlarda Milli Məclisdə yeni qanun layihəsi müzakirə edildi. Siz bu qanun layihəsini necə qiymətləndirirsiniz?
– Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə daxil olan qanun layihəsi müstəsna əhəmiyyətə malikdir və Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasını qanunla təsdiq edir. Qanun layihəsində haqlı olaraq göstərilir ki, 2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir. Bu məqsədlə qanun layihəsində müəyyən dəyişikliklər həyata keçirilmişdir. Qeyd edilən dəyişiklik bilavasitə Azərbaycan xalqının əldə etdiyi qələbə ilə bağlıdır. Biz ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdik, düşmən üzərində tarixi Zəfər çaldıq.
Milli Məclisin qəbul etdiyi qanuna əsasən “Respublika Günü” kimi qeyd olunan
28 May tarixi “Müstəqillik Günü”, “Müstəqillik Günü” kimi qeyd edilən 18 Oktyabr isə “Müstəqilliyin Bərpası Günü” elan edilmişdir.

Son xəbərlər
Digər xəbərlər