16 C
Baku
Friday, October 18, 2024

Millətin azadlıq haqqı

Azərbaycanın müstəqilliyinin 34 yaşı tamam olur. Tarixən bu, qısa bir dövrdür, lakin 34 il ərzində Azərbaycan, bəlkə də əsrə bərabər yeni bir yol keçmişdir. Hər  işin başlanğıcı çətin, mürəkkəb olur. Lakin bu, bir həqiqətdir ki, artıq Azərbaycan müstəqil dövlət kimi dünyada tanınır. 90-cı illərin əvvəllərində Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatı çox gərgin idi. Azərbaycan cəmiyyətində ziddiyyətli proseslər baş verirdi. Azərbaycan xalqı artıq qəti əmin idi ki, SSRİ hökuməti Azərbaycanın qədim diyarı olan Qarabağ problemini həll etmək niyyətində deyildir. Əksinə, açıq-aşkar görünürdü ki, SSRİ hökuməti, başda Qorbaçov olmaqla Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına maraq göstərmir, erməni millətçilərini dəstəkləyir. Erməni millətçiləri havadarlarının güclü dəstəyi ilə Azərbaycanın ərazi bütövlüyünə qarşı hücuma başlamışlar. Yalnız azadlıq, müstəqillik imkan verə bilərdi ki, biz gələcəkdə öz taleyimizi özümüz həll edək.Və 1991-ci ilin 18 oktyabrında artıq bu, qanuni şəkildə həll olundu. Taleyin hökmü idi, qismətdir, nədir, həmin tarixi sessiyaya mən sədrlik edirdim. Təbii ki, bu zalda hamı həyəcan keçirirdi. Çox yüksək gərginlik var idi. Lakin bu gərginliyin arxasında heç də qarşıdurma yox idi. Çünki deputatların hamısı siyasi baxışlarından asılı olmayaraq, Azərbaycanı bir müstəqil dövlət kimi görmək istəyirdi. Baxmayaraq ki, Müstəqillik Aktının ayrı-ayrı maddələri ilə bağlı müxtəlif fikirlər səslənirdi. Bəzən radikal çağırışlar da olurdu. Lakin mahiyyət etibarilə Ali Sovetdə ab-hava Müstəqillik Aktının qəbul edilməsinə yönəlmişdi. Və elə də oldu. Deputatlar yekdilliklə Müstəqillik Aktını qəbul etdilər. Sessiyada iclası bağlayarkən aşağıdakı sözləri dedim: “Bugünkü yekdillik sübut etdi ki, Azərbaycanın parlamenti ölkəmizin ən yaxşı oğul və qızlarından ibarətdir. Gəlin, bu gün, sözün əsl mənasında, yekdil olaq. Gəlin, vətənimiz Azərbaycanda iqtisadi və siyasi reformaları həyata keçirmək üçün hər cür xırda hisslərdən uzaq olaq. Biz mürəkkəb və çətin imtahan qarşısındayıq. Biz müstəqil ölkənin iqtisadi və milli siyasətini formalaşdırmalıyıq. Yenə deyirəm, bu, çox məsul vəzifədir. Məhz bu amal üçün birləşək. Bugünkü yekdil qərarımız sübut etdi ki, biz birləşməyi bacarırıq”.
Bu Aktın qəbul edilməsi ilə Azərbaycan tarixində yeni mərhələ başlandı. Bütün dün­yanın aparıcı informasiya agentlikləri Azərbaycanın müstəqil dövlət kimi elan olun­masını bəyan edirdilər.

Ulu öndər Heydər Əliyev dəfələrlə bu barədə deyib ki, “Müstəqilliyi qazanmaq çətindirsə, onu qoruyub saxlamaq da o qədər çətindir”. Sonrakı hadisələr, xalqımızın başına gələnlər sübut etdi ki, Azərbaycan xalqı düz yol tutub, bu yolu şərəflə qoruyub və əsrlər boyu qoruyacaqdır.

Müstəqillik haqqında Konstitusiya Aktının müəllifi Azərbaycan xalqıdır.

Müstəqillik Azərbaycan xalqının, dövlətçiliyinin tarixində böyük dönüşdür, yeni fəslin başlanmasıdır. Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir. Bunun özü də bizim üçün müstəqilliyin necə qiymətli bir nemət olduğunu sübut edir. Bir müddət bu müstəqilliyimizi itirsək də, xalqımızın yenidən ona nail olması, tarixi və əvəzedilməz uğurdur.

Bu gün Azərbaycanın dünya dövlətləri arasında imzası var.
Bu məqamda Məhəmməd Hadinin “yox millətimin xətti bu imzalar içində” misrasını xatırlayıram. Bu gün isə dünyanın aparıcı dövlətləri siyahısında Azərbaycanın imzası hörmətlə görünür, qiymətləndirilir. Hamı bilir ki, onu qazanmaq çox çətindir. Azərbaycan getdikcə tanınır. Qazandıqlarımız çoxdur. Dövlətimiz milli mədəniyyətimizi, bütün milli dəyərlərimizi qorumaq üçün titanik fəaliyyət göstərir.

Müstəqillik Azərbaycan cəmiyyətinə yenilik gətirdi. Ölkə artıq dağıdılmış köhnə sistemin əvəzinə təzə sistem yaratmalıydı. Özü də yeni bir siyasi və iqtisadi sistem. Bu iqtisadi sistemin mahiyyəti ondan ibarət idi ki, əvvəlki sərt inzibati amirlik sistemi əvəzinə, sərbəstliyə, azadlığa, vahid bir mərkəzdən idarə olunan ideologiyaya zidd bir sistem formalaşsın. Bu, heç də asan məsələ deyildi. Dövlətimiz bu çox mühüm məsələni, sosial sarsıntılarımızı həll etdi.

1991-ci il oktyabrın 18-də sessiyanı başlayarkən dediyim kimi, çox ağır çətinliklərlə üzləşdik. Müstəqilliyin ilk illərində səhvlər daha çox buraxılırdı ki, bu da ölkədə kəskin qarşıdurma proseslərini gücləndirirdi. İş o yerə çatmışdı ki, Ali Sovetin sessiya iclaslarını apararkən bizim ətrafımızda özlərini əsl demokrat kimi qiymətləndirən insanlar silahla bizi hədələyirdilər, qorxudurdular.
Vətənin dar günündə hadisələr respublikada elə inkişaf edirdi ki, müstəqilliyin itirilməsi təhlükəsi artırdı və ikinci dəfə Heydər Əliyevin hakimiyyətə qayıdışı, onun dövləti səriştəli idarəetmə məharəti, tətbiq etdiyi çox ciddi, o dövr üçün son dərəcə zəruri olan siyasət Azərbaycanın müstəqilliyinin qorunması əsaslarını qat-qat möhkəmləndirirdi. Heydər Əliyev Azəbaycanın neft strategiyasını hazırladı. 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi” imzalandı və bununla da dövlət müstəqilliyinin, iqtisadi müstəqilliyimizin qorunmasının əsasları əhəmiyyətli dərəcədə möhkəmləndirildi.

Müstəqil Azərbaycan dövlətinin vətəndaşıyıq və bununla da fəxr etməliyik. Amma bu sevinc, bu qürurun əbədi olması üçün hamı, sözün əsl mənasında, millət üçün, vətən üçün çalışmalıdır. İqtisadi inkişafımız gücləndikcə, yeni keyfiyyət mərhələsinə qalxdıqca biz, sanki, özümüz də yeniləşirik və itirdiklərimizin bərpası üçün daha böyük tədbirlər görürük.

Azərbaycan xalqının indiki əhval-ruhiyyəsində, dünənə, bu günə və sabaha baxışlarında çox böyük dəyişikliklər var. Şərəfli 44 günlük Vətən müharibəsi dövründə xalqın Ali Baş Komandan və ordu ilə olan birliyi, dəmir yumruq kimi birləşməsi bu sualın cavabıdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, biz birlikdə güclüyük və bir xalq olaraq bunu 44 günlük müqəddəs savaşımızda sübut etdik.

Dövlət o vaxt inkişaf edir ki, onun inkişafı hər bir vətəndaş üçün maraqlı olsun. “Bunu mən etməməliyəm, dövlət etməlidir” kimi fikirlərdən biz tədricən uzaqlaşmalıyıq. Biz, eyni zamanda “Sən fikirləşmə ki, dövlət sənin üçün nə edib. Sən fikirləş ki, sən dövlət üçün nə edirsən” prinsipi ilə yaşamalıyıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-cı ilin 2 oktyabrında Milli Məclisdəki çıxışında deyirdi:
“İndi bizim qarşımızda nadir imkanlar var. Sabah, ondan sonrakı illərdə Azərbaycan necə olacaq – bu, bizdən asılıdır. Elə etməliyik ki, güclü dövlət yaradaq, müstəqilliyimizi daha da möhkəmləndirək. Azərbaycanın potensialını tam şəkildə insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldək və beləliklə, ölkəmizdə vətəndaş cəmiyyəti yaradaq. Azad cəmiyyət, hüquqi dövlət, qanunun aliliyi, güclü iqtisadiyyat, güclü ordu, çevik xarici siyasət və Azərbaycanın maraqlarının tam şəkildə qorunması və möhkəmlənməsi – bütün bunlar bizim qarşımızda duran əsas qlobal istiqamətlərdir. Bütün istiqamətlər üzrə bizim proqramımız var. Hər bir istiqamət üzrə bizim baxışlarımız var, bilirik ki, nə istəyirik, haraya gedirik və təxminən bilirik ki, bunun nəticəsi nə olacaqdır. Nəticədə isə güclü ölkə olacaq, güclü Azərbaycan olacaq və Azərbaycan xalqı bundan sonra da yaxşı yaşayacaqdır. Bütün bu məqsədlərimizə çatmaq üçün biz gərək səmərəli işləyək”.

Son 21 il bu deyilənləri təsdiq edir. Ölkəmiz bu illər ərzində böyük inkişaf yolu keçib. İqtisadi, siyasi gücümüz artıb. Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib. Güclü ordu yaratdıq ki, Azərbaycanın müdafiə qabiliyyətliliyini ölkəmizin ərazi bütövlüyünü  təmin edək. Buna da nail olduq. Xalq-iqtidar birliyi sayəsində biz torpaqlarımızı erməni işğalından azad etdik və azad olunmuş ərazilərimizdə sürət və keyfiyyətlə, “Böyük Qayıdış” layihələri reallaşdırılır.

Fikirlərimi cənab Prezident İlhan Əliyevin aşağıdakı sözləri ilə yekunlaşdırıram.

“…İkinci Qarabağ müharibəsindəki Qələbəmiz tarixi qələbədir. Buna bənzər Qələbə xalqımızın çoxəsrlik tarixində olmamışdır. Bütün xalq bu Qələbəni əldə etmək üçün birləşdi, Ordumuzun arxasında durdu və Ordumuz Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirdi. Bir daha demək istəyirəm ki, qəhrəmanlıq, fədakarlıq göstərərək, qan tökərək, şəhidlər verərək biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpağımızdan qovduq, düşmənə lazımi dərsi verdik. Düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı və bundan sonra Azərbaycan xalqı əbədi olaraq qalib xalq kimi yaşayacaq”.

Bayramınız mübarək.

Ziyad Səmədzadə
Akademik, Milli Məclisin deputatı

 

Son xəbərlər
Digər xəbərlər