Milli Depozit Mərkəzi (MDM) investisiya fondlarına xidmət göstərmək üçün işlərə başlayıb və ilkin əməliyyat sxemlərini hazırlayıb.
Bunu MDM-in İdarə Heyətinin sədrinin müşaviri Müşfiq Əhmədli Bakıda keçirilən 12-ci Beynəlxalq “Caspian Investment Forum”da bildirib.
“Düşünürəm ki, bu xidmətin göstərilməsi ölkədə investisiya fondlarının yaradılmasına, alternativ investisiyaların inkişafına töhfə verəcək. Azərbaycanda son vaxtlar investisiya fondlarına maraq artsa da, bu fondlar üzrə depozitar xidmətlərinin olmaması çətinliklər yaradır. Belə ki “İnvestisiya fondları haqqında” qanuna əsasən investiya fondları təsis edilən zaman onlara xüsusi depozitarların xidmət göstərməsi vacibdir. Özəl depozitarların yaradılması iqtisadi baxımdan səmərəli olmadığı üçün heç bir maliyyə institutu bununla bağlı təşəbbüs göstərməyib. Bazar iştirakçılarına da məlum olduğu kimi, son dövrlərdə qanunvericiliyə edilən dəyişikliklərə əsasən, biz bu xidməti göstərmək imkanı əldə etmişik”, – deyə o qeyd edib.