Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 07 yanvar 2026-cı il tarixli qərarına əsasən, Əlizadə Elçin Ağaməmməd oğlu MDM-in İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
Banker.az bunu MDM-ə istinadən xəbər verir.
1986-cı il iyulun 30-da Bakı şəhərində anadan olmuş Elçin Əlizadə, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009-cu ildə isə həmin universitetdə magistr dərəcəsini almışdır.
Əmək fəaliyyətinə 2007-ci ildə PAŞA Bank ASC-də Əməliyyat və Nəzarət şöbəsinin mütəxəssisi kimi başlayan Elçin Əlizadə, 2009–2019-cu illərdə Ernst & Young Azərbaycan şirkətində müxtəlif vəzifələrdə çalışmışdır.
2020-ci ilin iyun ayından etibarən PAŞA Bank ASC-də Maliyyə Menecmenti Departamentinin direktoru vəzifəsində fəaliyyətini davam etdirmişdir.
2022-ci ilin sentyabr ayından etibarən Azərbaycan Respublikasının Mərkəzi Bankında Daxili Audit Departamentinin direktoru vəzifəsində çalışmışdır. 2023-cü ilin fevral ayında İcbari Sığorta Bürosunun Audit Komitəsinin sədri, 2025-ci ildə isə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının Himayəçilər Şurasının sədri seçilmişdir.
Elçin Əlizadə 2023-cü ilin mart ayından 2026-cı ilin yanvar ayınadək Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədri vəzifəsində çalışmışdır.






