Nicat Dağlar: “Azkoin ilkin olaraq kifayət qədər kiçik məbləğlə dövriyyəyə buraxılacaq”
Son 1 ilin trendi olan kriptovalyuta artıq dünya valyuta bazarında özünə yer tutmaqdadır. Vaxtilə 1-2 dollara satıldığı zamanlarda bitkoin alanlar indi asanlıqla milyonçuya çevriliblər. Bu da sözügedən virtual pula marağı artırır. Müsbət məqamlardan biri də odur ki, Azərbaycan da bu prosesdən geridə qalmır. Hazırda yüzdən artıq kriptovalyuta növlərinin sırasına Azərbaycan kriptovalyutası – azkoin (AzCoin-red.) də qatılmaq üzrədir. Belə ki, dünyanın ilk milli elektron valyutası Azərbaycanda yaradılır. Pilot layihə olaraq həyata keçirilən bu proses çərçivəsində azcoin.az saytı da fəaliyyətə başlayıb.
Qeyd edək ki, milli kriptovalyutaların yaradılması prosesi dünyada da gedir. İnkişaf etmiş və inkişafa meylli olan ölkələr artıq öz milli koinlərinin istehsalına başlanılması mərhələsinə qədəm qoyublar. Yaponiya kimi güclü iqtisadi dayaqlara malik dövlət bütünlüklə kriptovalyutaya keçid etmək əzmindədir və artıq bu proses demək olar yekun mərhələyə yönəlib. Avropa ölkələrinin bəzisində koin banklar və marketlər fəaliyyətə başlayıb.
Bu günlərdə Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov da kriptovalyuta istehsalına başlayacaqları barədə rəsmi açıqlama verib. Bu təşəbbüsün Rusiya prezidenti Vladimir Putindən gəldiyini deyən nazir kriptorubl istehsalına qısa müddət ərzində başlayacaqlarını və bu prosesin az bir vaxt aparacağını da əlavə edib.
Bəs görəsən, Azərbaycanda milli koinin yaradılması prosesi hazırda nə yerdədir? Bu kriptovalyuta nə zaman satışa çıxarılacaq? Azkoinin perspektivi varmı?
Bu barədə tanınmış jurnalist, Azərfaks Agentliyinin baş redaktoru, “Azcoin” milli kriptovalyuta layihəsinin təmsilçisi Nicat Dağlar – “Yeni Müsavat”a geniş məlumatlar verib. O bildirib ki, hazırda dünya yeni bir mərhələyə qədəm qoyub və bütün sahələr rəqəmsallaşıb: “Şübhəsiz ki, bu proses son nəticədə ödəniş vasitələrini də əhatə etməli idi. Artıq həmin mərhələyə qədəm qoymuşuq. Ənənəvi ödəniş vasitələrindən imtina olunmasa da, paralel şəkildə inkişaf etdirilən bir proses gedir. Bu gün insanlar əsasən kriptovalyuta deyərkən bitkoinləri göz önünə gətirirlər. Ancaq hazırda birjalarda yüzə yaxın kriptovalyuta növü var, bitkoin sadəcə ilk yaranmış virtual valyuta növüdür. Bitkoin 2009-cu ildə ortaya atılmış bir layihədir, yapon Satoshi Nakamoto tərəfindən yaradılıb və ”blockchain” (blokçeyn) texnologiyasına əsaslanır”.
Bir haşiyə çıxaraq qeyd edək ki, “blockchain” – məlumatların saxlanması vasitəsi və yaxud tranzaksiyaların, müqavilələrin, sövdələşmələrin rəqəmsal reyestridir. Bu sistemdə nə vaxtsa həyata keçirilmiş bütün tranzaksiyaların ictimai bazasıdır. İngilis dilində “blockchain” hərfi tərcümədə – block-blok, chain-zəncir -deməkdir. İlk dəfə bu termin Bitcoin kriptovalyutası ilə həyata keçirilmiş paylanmış məlumat bazasının adı olaraq peyda olub. Rəqəmsal qeydlər “bloklar”-da birləşir, bu bloklar isə daha sonradan çətin riyazi alqoritmlərin köməkliyi ilə kriptoqrafik və xronoloji “zəncir”-də birləşir. Hər blok özündən əvvəlki blok ilə əlaqəlidir və özündə bir sıra qeydə sahibdir. Yeni bloklar nizamlı şəkildə zəncirin sonuna əlavə olunur.
Nicat Dağlar da vurğuladı ki, kriptovalyuta haqqında danışarkən mütləq “blockchain” texnologiyasını bilmək lazımdır: “Bu texnologiya təkcə kriptovalyutada deyil, bütün sahələrdə tətbiq oluna bilər. Bu XXI əsr insanının gündəlik iş qrafikini tənzimləməyə kömək edən, onu sürətləndirən, vaxt itkisinin qarşısını alan bir texnologiyadır. ”Blockchain” ani olaraq pul köçürmələrini təmin edir, hər hansı bank əməliyyatı, bank növbəsi, istirahət və ya bayram günlərini tanımayan bir texnologiyadır. Bir neçə saniyədə insanlar başqa bir ölkəyə vəsait göndərə bilər və ya hansısa informasiya mübadiləsini apara bilər”.
N.Dağların sözlərinə görə, bu elektron valyuta, yeni nəslin ödəniş vasitəsi rolunu oynayacaq: “Biz dünyada gedən prosesləri müşahidə etdikcə gördük ki, bu prosesin geriyə yolu yoxdur. O, ilkin mərhələdə klassik ödəniş vasitələri ilə paralel şəkildə tənzimlənir, cəmiyyətin sosial vəziyyətinə və inkişaf sürətinə uyğun olaraq təşəkkül tapır. Azkoin alqı-satqı və məişət tələbatlarının təmin edilməsi üçün tarixən istifadə olunmuş və olunan ödəniş vasitələrinin (barter üsulu, dəmir və kağız nominallar) keçdiyi inkişaf mərhələsində yeni səhifədir. AzCoin (Azkoin-red.) sistemi hazırkı mərhələdə pilot layihə kimi işlənib və gələcəkdə tətbiqini mümkün edəcək alqoritmik ardıcıllıq, eləcə də digər zəruri texniki dəstək mexanizmləri ilə təmin olunur. Dünyanın əksər ölkələri artıq kriptovalyutanı öz bazarlarına buraxıblar, internetin yeni fenomeninin inkişafı üçün şərait yaradıblarsa, biz niyə bu prosesdən geri qalmalıydıq? Bu düşüncə ilə bu sahədə müəyyən addımlar atmağa başladıq. Azərbaycan hər zaman ilk nümunələrin yarandığı ölkə kimi bu gün bütün dünyada şöhrət qazanıb. Hazırda Azərbaycanda həyata keçirilən bir çox layihələr hətta aparıcı ölkələr üçün də yeni təcrübə kimi qəbul olunur. Azkoinin yaradılması da məhz bu ənənənin davam etdirilməsi, ölkəmizin MDB məkanında kriptovalyuta tətbiq edən və dünya ölkələri arasında milli rəqəmsal valyuta yaratmış ilk ölkə kimi tarixə düşməsi məqsədinə yönəldilib. ”AzCoin” adlı bir pilot layihə yaratdıq və onu dünyaya çıxartmağın yollarını axtarırıq. Ona görə ki, bu proses daha da sürətlənəndə biz dünyadan geridə qalmayaq, paralel addımlaya bilək. Beləcə, proses başladı və yüksək səviyyəli bak mütəxəssislərindən, xarici ekspertlərdən, İT mütəxəssislərindən və iqtisadçılardan ibarət bir komanda formalaşdı və bu pilot layihənin icrasına başladıq. Artıq elə bir mərhələyə çatmışıq ki, azkoinin kriptovalyuta olaraq təqdim olunması üçün işlərin 85 faizi həyata keçirilib. Paralel olaraq, xarici mütəxəssislərlə azkoinə məxsus alqoritmin hazırlanmasına başladıq. Texniki bazanın yaradılması üçün lazım olan bütün addımlar atıldı”.
Həmsöhbətimin qənaətinə görə, azkoinin tam olaraq kriptovalyuta kimi mövcud olması üçün bir neçə ay da vaxt lazımdır: “Layihəmizin əsas məqsədi odur ki, kriptovalyuta bazarı tamamilə formalaşsın, koinlər ciddi səviyyədə qəbul olunsun, ondan sonra azkoin də bu ailəyə qədəm qoysun. Biz eyni zamanda insanları kriptovalyuta ilə bağlı maarifləndirməyə çalışırıq, vətəndaşların məlumatı azdır. Bu məqsədlə biz həm də azcoin.az saytını yaratdıq. Bu sayt birinci mərhələdə məhz maarifləndirmə işi aparır, insanların başa düşəcəyi dildə məlumatlar təqdim olunur. Kriptovalyutanın özəlliyi, istifadə qaydaları, elektron cüzdanlar və sairlə bağlı informasiya veriləcək. Azkoinlər elektron cüzdanlarda saxlanılacaq, onun idarə olunması məsələsi meydana çıxacaq. Hazırda işlər davam etdirilir. Prosesi sürətləndirməməyimizin səbəbi odur ki, kriptovalyuta bazarı sabit deyil, bitkoinin qiyməti 15-20 min dollar arasında oynayır. Gözləyirik ki, müəyyən bir sabitlik yaransın, koinlər şişirdilmiş qiymətindən normal qiymətinə dönsün. Azkoin ilkin olaraq kifayət qədər kiçik məbləğlə dövriyyəyə buraxılacaq. Hazırda bu proses üzrə də hesablamalar aparırıq. Bu məsələlərə yaxın bir neçə ayda aydınlıq gətiriləcək”.
Azərbaycan hökumətinin milli kriptovalyutaya münasibətinə gəlincə, Nicat Dağlar qeyd etdi ki, istənilən halda prosesin geri dönüşü yoxdur: “Mərkəzi Bankın sədri Elman Rüstəmovun kriptovalyuta ilə bağlı açıqlaması var idi. O, məsələyə bir qədər optimist yanaşmamışdı. Bu, başadüşüləndir, çünki koinlər yeni fenomendir. Mərkəzi Bank səviyyəsində bir komanda formalaşdırılıb bu prosesi izləyirsə, güman edirik ki, bu kriptovalyutaya dövlətlər səviyyəsində maraq göstəriləcək. Bəzi dövlətlər indidən kriptovalyutaya yaşıl işıq yandırıblar. Kriptovalyuta bank sistemindən kənar bir valyuta olduğu üçün hökumətlərin ona ehtiyatla yanaşması da normaldır. Ancaq ümumilikdə prosesin geri dönüşü yoxdur. Çox istərdik ki, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq Komitəsi bu məsələyə maraq göstərib bir qrup yaratsın və kriptovalyutanın və ”blockchain” texnologiyasının araşdırılması, ölkəmizdə tətbiqi üçün iş görsün. Azərbaycan dünyada gedən bu prosesdən geri qalmasın. Biz hazırda bu məsələdə geridəyik və dünya bizi gözləmir. Qonşu ölkələrdə bu proseslər çox sürətlə gedir. Ancaq bir neçə aya Azərbaycanın da kriptovalyutası, ilk milli kriptovalyuta olan azkoin bu bazarda özünə layiqli yer tutacaq”.