4 C
Baku
Bazar, Yanvar 16, 2022

Milli Məclis vergi ilə bağlı nələri təsdiqlədi? – SİYAHI

3 dekabr 2021-ci il tarixdə Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Banker.az vergi məcəlləsindəki son dəyişiklikləri təqdim edir:

—  Vətən müharibəsi şəhidləri ilə yanaşı, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir gəlir vergisindən azad edilir.

Eyni zamanda, banklar və kredit təşkilatları tərəfindən Vətən müharibəsi iştirakçılarının 2021-ci il 1 yanvar tarixinədək alınmış kreditlər üzrə həmin tarixədək ödənilməyən borclarına görə hesablanmış faizlərin silinməsi bankların və digər kredit təşkilatlarının vergi tutulan gəlirlərinə aid edilməyəcək. Bu maddə ilə müəyyən edilmiş silinən borcların əsas məbləği üzrə yaradılmış ehtiyatlar gəlirdən çıxılan xərclərə aid ediləcək.

—  Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 20 000 manatadək olan hissəsi gəlir vergisindən azad olunacaq.

Vergi Məcəlləsinə təklif edilən digər dəyişikliklə isə Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir vergidən azad ediləcək.

—  İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin ölkəyə idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.

— İri mühərrikli nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləğinin artırılması təklif edilir.

Dəyişikliklərə əsasən, mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda 5 600 manat + mühərrikin həcminin 3 001-4 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 15 manat (əvvəl 13 manat idi) ödəniləcək. Burada 4 000 kubsantimetrədək olduqda 5 600 manat məbləği dəyişməz olaraq qalır.

Mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 20 600 manat + mühərrikin həcminin 4 001-5 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 40 manat (hazırda 18 600 manat + hər kubsantimetrə görə 35 manatdır) ödəniləcək.

Mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 60 600 manat + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 80 manat ( hazırda bu məbləğ 53 600 manat + hər kubsantimetrə görə 70 manatdır) ödəniləcək.

Bununla yanaşı, 7 ildən artıq istehsal tarixi olan və idxal edilən nəqliyyat vasitələrinin aksiz vergisinə əlavə əmsal tətbiq olunacaq. Layihəyə əsasən, yeni hibrid mühərrikli nəqliyyat vasitələri idxalda ƏDV-dən azad olunacaq. Elektromobillər isə həm idxalda, həm də daxili bazarda satışda ƏDV-yə cəlb edilməyəcək.

— Gələn ildən tibbi xidmətlərə görə ödənilən Əlavə Dəyər Vergisini (ƏDV) geri almaq mümkün olacaq.

Bundan əlavə, avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarına ödənilən ƏDV geri alınmayacaq.

Belə ki, 165.5-ci maddəyə təklif edilən dəyişikliyə görə, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları, istisna olmaqla) habelə tibbi xidmətlərin göstərilməsinə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 %-ini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 %-ini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

— Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiqlənən kütləvi informasiya vasitələri məhsullarının və kitabların, (elektron kitablar istisna olmaqla) habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı ( nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, o cümlədən elektron kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən (reklam xidmətləri istisna olmaqla) ƏDV tutulmayacaq.

Spirt, tündləşdirilmiş içkilər və konyak üçün aksiz vergisinin dərəcəsi hər litr üçün 0.80 manat artırılır.

Hazırda qüvvədə olan Məcəlləyə əsasən, içməli spirt (o cümlədən tərkibində 80%-dən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 %-dən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri 3.2 manat təşkil edir.

Artımdan sonra bu məbləğ 4 manat təşkil edəcək.

Son xəbərlər
Oxşar xəbərlər