18 C
Baku
Saturday, May 4, 2024

Milli Məclis payız sessiyasında bu qanun layihələrini müzakirə edəcək

Bu gün Milli Məclisin deputatlarının tətil müddəti başa çatır. Parlamentin Daxili Nizamnaməsinə uyğun olaraq, deputatlar payız sessiyasına hazırlıq məqsədilə komitə iclaslarına başlayacaqlar.

2022-ci il payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilən qanun layihələri sırasında yaz sessiyasının gündəliyinə daxil olan, lakin müzakirə edilməmiş 6 qanun layihəsinin yer alacağı gözlənilir.

Bunlar, “Hərbi qulluqçuların statusu haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Ali təhsil haqqında” və “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihələridir.

İşlər planına daxil edilmiş “Lombardlar haqqında” qanun layihəsinin isə üçüncü oxunuşda müzakirəsi payız sessiyasına saxlanılıb.

Payız sessiyasının qanunvericilik işlər planına “Rəqabət Məcəlləsi”nin  layihəsinin daxil edilməsi gözlənilir. Belə ki, uzun müddətdir hazırlandığı haqqında iddialar ortaya atılan məcəllənin layihəsi artıq hökumətə təqdim edilib.

Bundan əlavə, Milli Məclis “Uşaq hüquqları haqqında” yeni qanun layihəsini də müzakirəyə çıxarmağa hazırlaşır. Layihənin artıq hazır olduğu, payız sessiyasında işlər planına daxil ediləcəyi düşünülür.

Bir müddət öncə isə parlamentdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədrinə müraciət ediblər. Sədr Sahibə Qafarova yeni qanun layihəsinin hazırlanması haqqında müvafiq tapşırıqlar verib və sənədin hazırlanması üzrə işə başlanılıb. Bu layihənin də payız sessiyasının İşlər planına daxil edilməsi planlaşdırılır.

Eyni zamanda qeyd edək ki, payız sessiyasında maliyyə-bank sektorunun tənzimlənməsi sahəsinə aid layihələrin müzakirəyə çıxarılması nəzərdə tutulur. Bundan başqa, ictimai birliklər, vətəndaş cəmiyyəti haqqında yeni qanun layihələrinin hazırlanması və müzakirəsi barədə qərarlar da parlamentin payız sessiyasında reallaşacaq.

MənbəModern.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər