Milli Məclisin növbədənkənar iclası keçirilib. Spiker Oqtay Əsədov bildirib ki, son vaxtlar ölkədə baş verən iqtisadi proseslər fonunda Prezident tərəfindən işlər görülür. “İqtisadi sahədə mühüm addımlar atılır, növbəti islahatlar olacaq. İqtisadi qanunvericiliyə dəyişikliklərlə bağlı Prezident tərəfindən parlamentə layihələr təqdim olunub. Prezidentin bu sahədə çox operativ addımları var”.Spiker qeyd edib ki, iclasda bu məsələlərlə bağlı ölkə başçısı tərəfindən daxil olan qanunvericilik dəyişikliyi paketi müzakirəyə çıxarılacaq.
Daha sonra qanunvericilik layihəsi barədə məlumat vermək üçün söz Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadəyə verilib. Z.Səmədzadənin sözlərinə görə, “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişikliyin təşəbbüskarı bir neçə il öncə Prezident olub. O qeyd edib ki, hazırda banklarda 9 milyarda yaxın əmanət var: “6,5 milyon əmanətçi var. Onların illik aldığı dividend isə 500 milyon manatdır. Əmanətlərin qorunması üçün bu qanun layihəsi önəmlidir. Yeni qanuna əsasən dividendlərdən heç bir faiz tutulmayacaq. Bu isə 1 il ərzində 90-100 milyon manata qədər pul edir. Əmanətlərin Sığortalanması Fondu da təkmilləşdirilir. Çətinlik olanda əmanətlərin sığortalanmasını hökumət öz üzərinə götürür”.
Daha sonra “Əmanətlərin tam sığortalanması haqqında” yeni qanun layihəsi barədə danışan Z.Səmədzadə deyib ki, bu qanunun MDB-də analoqu yoxdur: “Bu qanun qüvvəyə minəndən sonra əhali heç bir hay-küyə baxmadan rahat şəkildə öz əmanətlərini banklara qoya biləcək. Borclu olanda belə onların əmanətləri qorunmalıdır. Bu qanunların Azərbaycan iqtisadiyyatı, cəmiyyəti üçün böyük əhəmiyyəti var”. Komitə sədri vurğulayıb ki, yaranmış şəraitlə əlaqədar büdcəyə yenidən baxıla bilər.
“Valyuta tənzimi haqqında” qanuna dəyişiklikdən danışan Z.Səmədzadə qeyd edib ki, Azərbaycanda valyuta məzənnələri tənzimlənməlidir. Komitə sədri hesab edir ki, ölkədə yüzlərlə valyutadəyişmə məntəqələrinə ehtiyac yoxdur.
Fazil Mustafa: “Bu gün ölkədə hər gün 400-500 adam işsiz qalır.”
Deputat Fazil Mustafa bildirib ki, Prezidentin son çıxışına qədər xalqda problemlərin həllinə inam yox idi, çıxışdan sonra isə inam yaranıb. “Lakin böhrandan çıxış prosesini mövcud iqtisadi blok apara bilməyəcək. Mən heç kimi pisləmirəm. Bu iqtisadi blokda təmsil olunan hər kəs iqtisadiyyatın inkişafında müəyyən rol oynayıb. Ancaq problemlərin çıxış yolu iqtisadi blokun yenilənməsindədir. İlk olaraq sərt inzibati tədbirlər görülməlidir. Bütün qapıları xarici investisiya layihələrinə açmaq lazımdır. Bankların etibarlılığı təmin olunmalıdır. İdxal-ixrac əməliyyatlarında şəffaflıq təmin edilməlidir, ideoloji statistikadan qurtulmaq lazımdır. Böhrana görə bu gün ölkədə hər gün 400-500 adam işsiz qalır. Bunlar gələcəkdə ac insanlar olacaq və dövlətə qarşı təxribatlar törətmək istəyənlər bu insanlardan istifadə edəcək. Eyni zamanda, xarici bankların burada açılmasına imkan verməliyik. Bəlkə onlar əhaliyə az faizli kreditlər təklif edərlər” – deyə deputat bildirib.
“Vaxtilə Moskvaya hesabat vermək üçün rəqəmləri şişirdirdik. Bu gün kimi aldadırıq? Hər gün 300-500 nəfər işsiz qalır. Bunlar aclar ordusudur. Sabah onlar dövlətə qarşı qaldırıla bilər. Hamını içkili, ekstremist adlandıra bilmərik ki… Bu gün adamlar siyasi tələblərlə çıxış etmir, çörək istəyirlər. Ötən il 2,7 milyard vəsait xaricə çıxarılıb, ölkəyə qoyulan sərmayə olduqca aşağı düşüb. Fundamental köklü islahatların aparılmasını, bu islahatlara parlamentin qoşulmasını təklif edirəm. Prezidentin müşavirəsini gözləməyə ehtiyac yoxdur. Ayrı-ayrı komitələrdə müzakirələr keçirilməli, təkliflər verilməlidir. 5-10 adamın aldığı qərarla bu gün ölkənin düşdüyü vəziyyətin ağırlığını daşıyırıq. Bu gün böhrandan əziyyət çəkənlər sözlərini təkcə iqtisadi komandaya demirlər. Bizi də qınayırlar, bizi də söyürlər, deyirlər ki, xalqın problemləri ilə məşğul olmursunuz” – deyə deputat bildirib.
Əli Məsimli 5 min dollaradək kreditlərə kompensasiya təklif edir
İqtisadçı, deputat Əli Məsimli isə ölkə başçısının müşavirəsindən sonra hazırladığı təklifləri açıqlayıb: “Prezident çıxış edərkən mən qeydlərimi götürdüm və hazırda 14 təklifim var. Təxirəsalınmaz, orta müddətli proqramlar hazırlamaq üçün bu təkliflər çox önəmlidir. Təqdim etməyə hazıram. Beş min dollara qədər olan vəsaitlərin kompensasiyasını aparmaq, digərlərini isə başqa formatda mexanizm təqdim etməklə yumşaltmaq olar. Çünki 10 min dollara qədər krediti olan şəxs devalvasiyadan sonra bu məbləğin 2-3 qat artığını qaytarmalıdır, bu isə mümkün olmayacaq. Odur ki, ortaq addımların atılması vacibdir” – deyən deputat vurğulayıb ki, bu məsələ ilə bağlı çoxsaylı müraciətlər var.
Spiker Oqtay Əsədov isə deyib ki, komitənin toplantısında da kiçik kreditlər məsələsi qaldırılıb. Lakin bunların hamısını birdən həll etmək olmaz: “Gəlin qanunları qəbul edək, banklar normal işləsin. Kredit məsələsinə yenidən baxmaq olar”.
Deputat qiymət artımına görə sahibkarların həbsinə etiraz etdi
Deputat Qüdrət Həsənquliyev isə son günlər qiymət artımı ilə əlaqədar sahibkarların həbsinə etirazını bildirib. “Biz iqtisadiyyatı inkişaf etdirmək istəyirik, amma bir tərəfdən də sahibkarları həbs edirik. Sahibkar bu gün qulluq mənafelərini aşmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Halbuki biz bazar iqtisadiyyatında yaşayırıq. İndiyədək 3 manata satırdı, indi 4 manata satır deyə tuturuq. Bu vaxta qədər qədər niyə sahibkarlar mallara qoyduğu qiymətə görə məsuliyyətə cəlb olunmurdu? Sahibkar vergidən yayınacaqsa, onsuz da məsuliyyətə cəlb edilə bilər. Amma sahibkara inzibati qaydada deyiləcəksə ki, get məhsulunu bu qiymətə sat, o yeni istehsal prosesində maraqlı olmayacaq” – deyə deputat bildirib.
O, iqtisadiyyatın inkişafı üçün qonşu ölkələrlə viza rejiminin aradan qaldırılmasını da təklif edib: “İran, Türkiyə,Avropa İttifaqı ilə viza rejimi aradan qaldırılmalıdır. Qoyun, o ölkələrin vətəndaşları rahat şəkildə gəlib burda pullarını xərcləsinlər, turizm inkişaf etsin. Eyni zamanda bir sıra dövlət qurumlarının özəlləşdirilməsinin vaxtı çatıb”.
Q.Həsənquliyev dollarla kredit verilməsinin də Konstitusiya ilə ziddiyyət təşkil etdiyini deyib və vurğulayıb ki, bu məsələ devalvasiyadan sonra həmin kreditlərin ödənilməsində ciddi problemləri ortaya çıxarıb. “Vaxtında Konstitusiya Məhkəməsi bu məsələyə düzgün şərh versəydi, banklar krediti yalnız manatla verərdi və bu gün həmin problemlər də yaranmazdı”
Oqtay Əsədov: “Camaat üçün ağlayanda, bir az da banklar üçün ağlayaq”
Deputat Fəzail Ağamalı da həmkarının fikrini dəstəkləyərək, ölkədə dollarla kredit verilməsini tənqid edib: “Bu gün xalq soruşur ki, kreditlər niyə milli manatla deyil, dollarla verilir? Bu, birbaşa Konstitusiya pozuntusudur. Xüsusilə də istehlak kreditlərinin dollarla verilməsi anlaşılan deyil. Adam istehlak kreditini götürür ki, məsələn, qızına cehiz alsın. Mağazadan dollarla mebel almaq isə cinayət sayılır. Deməli, manatla alacaq. O zaman niyə krediti dollarla götürməlidir? Ona görə də bunu edənlər həm İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılmalıdır. Hətta bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni müddəa əlavə edilməlidir”.
Spiker Oqtay Əsədov isə deyib ki, heç kimə məcburən dollarla kredit verilmir: “Heç kim məcbur edilmir ki, dollarla kredit götürsün. Dollarla kredit ona görə verilir ki, sahibkarlar xarici partnyorları ilə münasibətlərində bundan istifadə edə bilsinlər. Camaat üçün ağlayanda, bir az da banklar üçün ağlayaq”.
Elmira Axundova: “Bir az pulum vardı, dollara çevirmək istəyirdim…”
Deputat Azay Quliyev bildirib ki, qiymətlərin tənzimlənməsi və süni bahalaşmanın qarşısının alınması üçün qəti tədbirlər görülür. Azərbaycanda əmək haqları və müavinətlərin artırılmasını alqışlayan A.Quliyev il ərzində yeni artımları istisna etmədi. Deputatın fikrincə, dollarla kredit almış vətəndaşların da problemi həll edilsə, insanların əsas gözləntilərini qarşılamış olarıq. A.Quliyev bildirib ki, iş yerlərinin ixtisarı zamanı təşkilatlar çox ehtiyatlı olmalıdır: “Bəzən bir ailədə işləyənlərin hamısı ixtisara düşür. Buna yol vermək olmaz və ya ixtisar zamanı işə götürən işçiyə kompensasiya vermir” – deyə deputat bildirib.
Deputat Elmira Axundova bildirib ki, əhali son 10 ildə banklara inanırdı. “Əldə etdiyi pulları banklara qoyurdu ki, əmanətlərdən gələn dividendlər artsın. Amma sonda problemlər siravi vətəndaşların başında çatlamamalıdır. “Texnikabank”da əmanətlər geri qaytarılmadı. Banklar dollarla olan əmanətləri manatla qaytaranda da insanlar nə qədər vəsait itirdilər”.
O qeyd edib ki, banklar Mərkəzi Bankın müəyyənləşdirdiyi valyuta kursuna riayət etmirlər. “Bir az pulum vardı, dollara çevirmək istəyirdim. Beynəlxalq Banka müraciət etdim, dedilər ki, dollar yoxdur. Amma “qara bazar”da var və bundan bir neçə insan külli miqdarda qazandı. “Qara bazar” dağılmalıdır. Banklar bağlanır. “Bank of Azərbaijan” bağlandı, indi oradakı əmanətlərin aqibəti necə olacaq?
Camaatı bu məsələ düşündürür. Bizim seçicilərimiz növbədənkənar sessiyanın keçirildiyini bilib, nə qədər zəng vurublar. Soruşurlar ki, dollarla olan kreditlərlə bağlı nə qərar veriləcək? Rusiyada devalvasiya olanda Konstitusiya Məhkəməsi əhaliyə dayaq durdu. Heç olmasa əhaliyə dayaq dursunlar və insanlar sakitləşsinlər. Yaxşı olar ki, 10 mindən çox olmayan kreditlər 21 fevral devalvasiyasına qədərki məzənnə ilə ödənilsin”.
Spiker Oqtay Əsədov deputatın çıxışına münasibət bildirərək deyib ki, Rusiyada bu qərar ilyarım əvvəl verilib və ondan sonra bir qəpik də ödənilməyib. “İşləməyən qərarı verməyin nə mənası? Dediyim kimi bu məsələlər yavaş-yavaş həllini tapmalıdır. Birdən-birə bunlara gedilə bilməz”.
Vahid Əhmədov: “Bu qanun dəyişiklikləri insanların banklara etibarını artıracaq”
Deputat Vahid Əhmədov deyib ki, Prezidentin iki paketdə parlamentə təqdim etdiyi 7 layihəni inqilabi dəyişiklik hesab edir: “Bütün dünyada, qonşu ölkələrdə də milli valyutalar devalvasiya edib. 2016-cı ildə problemlər yaranıb. Prezident bu durumu nəzərə alaraq çörəyin, unun, buğdanın qiymətini stabilləşdirdi. Bu məhsullar əlavə dəyər vergisindən azad edildi. Təbii ki, devalvasiya zamanı sahibkarlar gəlir əldə etmək üçün qiymətləri 100 faiz qaldırdı. Biz süni qiymət artımından danışarkən, hansısa məhsulların qiymətinin devalvasiya adekvat artırılmasını nəzərdə tutmuruq. Prezidentin tapşırığı, İqtisadiyyat Nazirliyinin tədbirləri sayəsində süni qiymət artımının qarşısı alınıb. İndi təqdim edilən qanun layihələri əhəmiyyətlidir. Bu banklara olan etimadı artırmalıdır. İndiki vəziyyətdə cənab Prezident düzgün addım atıb və bu qərar doğrudur. Vergi Məcəlləsinə, Gömrük tarifi haqqında qanuna dəyişikliklər də müsbət haldır və bunun nəticəsini görəcəyik. Dəyişikliyə əsasən, 7 il müddətinə avadanlıqların ölkəyə gətirilməsi vergidən azaddır. Yerli istehsalı artırmaq üçün dəyişikliklər müsbət perspektivlər ortaya qoyur. Bu qanunlar çox müsbət və mütərəqqidir. Əsas məsələ bu qanunların icrasıdır. Biz bu yöndə hökumətə dəstək verməyə hazırıq. Xüsusilə, mən son günlər atılan addımları müşahidə edirəm. Bütün proseslərin başında Prezident durur və hər şeyi şəxsən özü koordinasiya edir”.
Deputat bildirib ki, hazırda ən çox narahatlıq doğuran məsələ regionların inkişafıdır: “Nazir qeyd etdi ki, regionlarda 150 layihə həyata keçiriləcək. Mən hesab edirəm ki, onlar bütün rayonlar üzrə bərabər paylanmalıdır. Ölkədə 43 bank fəaliyyət göstərir. Bankların birləşdirilməsi ilə bağlı məsələ var. Bu mexanizm həyata keçirilməlidir. Yeni obyektlərin özəlləşdirilməyə açılması müsbətdir. Bəzi obyektlər 10 illər əvvəl özəlləşdirilib, lakin indiyə qədər qapısı bir dəfə də açılmayıb. Məncə, bu məsələyə də diqqət olmalıdır. Ümumilikdə dəyişikliklər vacibdir və mən bu dəyişiklikləri həyata keçirmək üçün hökumətə uğurlar arzu edirəm”.
Zahid Oruc: “Bu nazirlik bir adama görə yaradılıb”
Deputat Zahid Oruc isə bildirib ki, manat sadəcə milli valyuta simvolu deyil. Manatla bağlı tədbirlər bötüvlükdə ölkənin təhlükəsizliyi ilə bağlı məsələdir. “Dövlət qurumlarının rəhbərləri telefonla danışmalarını fəal şəkildə ekrana çıxarmalıdır. Rusiyanın siyasi xadimləri daim ekrandadırlar. Manat sabit olanda mental olaraq sabit oluruq. İqtisadi qanunlara görə manat üzməlidir. Kəskin devalvasiya ciddi problemlər yaradır. Amma hökumətin üzvləri fəal şəkildə cəmiyyətə çıxmalıdır. Ulu öndər ekran təbliğatını mühüm alətə çevirmişdi, yeni dövlət stukturları formalaşdırdı”.
Zahid Oruc qeyd edib ki, ölkədə bir çox sahələrin özəlləşdirilməsi və ixtisarlar vacibdir: “Mən əvvəl də demişəm, indi də deyirəm, ölkə başçısı da bu barədə konkret addımlar atır. Söhbət qurumların ixtisarlarından, birləşdirilməsindən gedir. Məsələn, Energetika Nazirliyi nəyə lazımdır ki? Onun səlahiyyətlərini yerinə yetirən ARDNŞ var, ora birləşdirmək olar. Elə bil bu nazirlik bir adama görə yaradılıb. Nazir Natiq müəllim çox təcrübəli adamdır, neft strategiyasının həyata keçirilməsində rolu var. Amma ayrıca nazirliyə ehtiyac yoxdur. Bundan əlavə, “Azərenerji”ni niyə dövlət saxlayır, axı onun səlahiyyətlərini yerinə yetirəcək olan “Azərişıq” adlı qurum var. Bu siyahını uzada da bilərik”.
Spiker Oqtay Əsədov isə Zahid Orucun çıxışına “Sənin yerin görünür” replikası ilə cavab verib.
Banklardakı əmanətlər tam sığortalanacaq
Daha sonra qanun layihələri səsverməyə çıxarılıb. “Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Qanuna əsasən, qanun qüvvəyə mindiyi gündən etibarən faizləri əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikası Qanununun 8.1.20 maddəsinə uyğun olaraq, əmanətlərin sığortalanması Fondunun Himayəçilər Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa, lisenziyaya malik fondun iştirakçı bankları tərəfindən 3 il müddətinə tam sığortalanır. Qanun qüvvəyə mindiyi günə, bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi lisenziyaya, razılığa malik olan banklarda mövcud olan qorunan əmanətçilərin əmanətləri üzrə illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olduqda həmin əmanətçilər əmanətləri üzrə tam sığorta təminatı əldə etmək üçün əmanət müqavilələrini bu qanuna uyğun olaraq yenidən rəsmiləşdirməlidirlər. Bu halda müddəti qurtarmadan yeni faiz şərtləri ilə rəsmiləşdirilən müddətli əmanətlər üzrə faizlər rəsmiləşdirmə gününə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq tam məbləğdə hesablanıb ödənilir.
“Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişikliklərə əsasən isə Əmanətlərin Sığortalanması Fondu tərəfindən borc vəsaitləri cəlb edildikdə iştirakçı banklar Fondun öhdəlikləri tam yerinə yetirilənədək təqvim haqları ilə yanaşı əlavə haqlar ödəyirlər.
Əlavə haqlar Fondun götürdüyü borcun məbləğindən və qaytarılması şərtlərindən asılı olaraq, lakin qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,1% həcmindən çox olmamaq şərti ilə ödənilir. Yeni qanuna qədər əlavə haqlar Fondun götürdüyü borcun məbləğindən və qaytarılması şərtlərindən asılı olaraq, lakin qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,2% həcmindən çox olmamaq şərti ilə ödənilirdi.
Bundan başqa, qanunda sığorta haqlarının ödənişinin təmin edilməsi maddəsinə də dəyişiklik edilib. Bundan sonra dəbbə pulu sığorta haqlarının ödənişinin hər bir gecikdirilən günü üçün əvvəlki hesabat dövründə iştirakçı bank tərəfindən ödənilmiş sığorta haqlarının 0,5%-i həcmində hesablanacaq.
Bundan başqa, Əmanətlərin Sığortalanması Fondunun borc vəsaitlərinin cəlb edilməsi ilə bağlı maddəyə də dəyişiklik edilib. Qanunda edilən dəyişikliyə əsasən, Fondun likvid aktivləri son hesabat dövrünə qorunan əmanətlərin bir faizindən aşağı düşdükdə və ya kompensasiyaların ödənilməsi üçün vəsaitin kifayət etməməsi ehtimalı yarandıqda Himayəçilik Şurası Fond tərəfindən borc vəsaitlərinin cəlb edilməsi barədə qərar qəbul edəcək.
Tenderdə iştirak qaydaları dəyişib
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə əsasən, satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20%-ə qədər həcmində güzəştli düzəliş tətbiq edəcək və bu məcburi olacaq.
Qeyd edək ki, buna qədər qüvvədə olan qanuna görə, satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 15%-ə qədər həcmində güzəştli düzəliş tətbiq edilib və bu məcburi xarakter daşımayıb.
İqtisadiyyatın prioritet sahələrinə investisiya yatıranlar 7 illik gömrük rüsumundan azad edilir
“Gömrük tarifi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi meyarlara uyğun olaraq ölkə iqtisadiyyatı üzrə prioritet hesab olunan sahələrdə investisiya fəaliyyəti həyata keçirən hüquqi şəxslər və fərdi sahibkar tərəfindən investisiya təşviqi sənədi aldıqları andan müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular – 7 il müddətinə gömrük rüsumundan azad ediləcək.
Bundan başqa, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı da gömrük rüsumundan azad edilib.
Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – rezidentin sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındığı tarixdən 7 il müddətinə gömrük rüsumundan azaddır.