İşsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin torpaq payı olanlara verilməməsi Milli Məclisin bugünki iclasında müzakirə olunub.
Deputat Aydın Mirzəzadə torpaq sahəsi olan işsiz insanlara 190 manatın verilməməsi ilə bağlı məsələyə yenidən baxılmalı olduğunu bildirib:
“Kiminsə kənddə pay torpağını becərib-becərmədiyini öyrənmək elə çətin deyil. Kimsə dövləti aldatmaq istəsə, qara paltarlı oğlan mütləq onun yanında dayanacaq”.
Deputat Razi Nurullayev pay torpaqları olanlara 190 manatın verilməməsinə etirazını bu şəkildə edib:
“İnsanlar bu gün torpaq yeyə bilməz. Adına pay torpağı olan kəndlilərə 190 manat yardımın verilməməsi düzgün deyil. Əgər dövlətin buna gücü çatmırsa, açıq deyək. Amma imkan varsa, dövlət bu məsələyə yenidən baxmalıdır. Kəndliyə verilən torpaq əkin-biçin üçün verilib. Bu gün torpaqdan gəlir əldə etmək mümkün deyil. Koronavirusa görə çətinlik bu gün üçün yaranıb. İnsanlar indi torpaq yeyə bilməz. Hökumət bu məsələyə yenidən baxmalıdır”.