Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir. İclasın gündəliyinə 31 məsələ daxil edilib.
İlk olaraq “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə ediləcək. Bu gün dövlət büdcəsinin təsdiq edilməsi gözlənilir.
“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2018-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasının 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinə baxılacaq.
Milli Məclisin 2018-ci il üçün xərclər smetasına, Hesablama Palatasının 2018-ci il üçün xərclər smetasına baxılacaq.
İclasda üçüncü oxunuşda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Konstitusiya qanununun layihəsi müzakirə ediləcək.
“Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında” Birgə Bəyannamənin, “2005-ci il martın 30-da Varşava şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişdə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında” Protokolun təsdiq edilməsi haqqında qanun layihələrinə baxılacaq.
1999-cu il 28 sentyabr tarixində Vaşinqton şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında Saziş”in növbəti yeddi il müddətinə uzadılması barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyi arasında notalar mübadiləsi formasında bağlanmış Sazişin təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq.
“Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutunun təsis edilməsi haqqında” Sazişin, “Azərbaycan Respublikası Hökuməti ilə Yaponiya Hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların viza tələbindən azad olunması haqqında” Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi arasında” Notalar Mübadiləsinin, “Azərbaycan Respublikası Hökuməti ilə Boliviya Çoxmillətli Dövlətinin Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin, “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə qanun layihələrinə baxılacaq.
“Asiya və Sakit Okean Regionunda Transsərhəd Kağızsız Ticarətin Sadələşdirilməsi üzrə Çərçivə Sazişi”nə qoşulmaq məsələsinə də baxılacaq.
Vergi, İnzibati Xətalar, Miqrasiya, Cinayət Prosessual, Cəzaların İcrası məcəllələrinə dəyişikliklər müzakirə ediləcək.
“Dövlət borcu haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Telekommunikasiya haqqında”, “Pasportlar haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Dövlət rüsumu haqqında” qanun layihələrinə baxılacaq.
İclasda “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.