Prezident İlham Əliyev Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.
Qanuna əsasən, Nizamnamənin 15-ci maddəsi “Milli Məclisin komitələrində qanun və qərar layihələrinin hazırlanması, razılaşdırılması (bu söz yeni dəyişikliklə əlavə olunub – müəl.) və baxılması qaydası” adlanır.
Həmçinin, “Milli Məclisdə qanun layihələrinin oxunuşları” adlı 16-cı maddəyə görə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 70.3-cü maddəsinə əsasən, Milli Məclisdə Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi, inzibati ərazi bölgüsü, dövlət təltifləri (yeni dəyişikliklə əlavə olunub – müəl.), dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi barədə, uyğunlaşdırma məqsədi ilə hazırlanmış, həmçinin ad və digər texniki xarakter daşıyan dəyişiklikləri (müddət, məbləğ, yaş senzi ilə bağlı, həmçinin subyektlərin hüquqi vəziyyətinə təsir edən, hüquq məsuliyyətini yaradan və ya aradan qaldıran, yüngülləşdirən və ya ağırlaşdıran dəyişikliklər istisna olmaqla) nəzərdə tutan qanun layihələrinə bir oxunuşda, digər qanun layihələrinə, həmçinin Konstitusiya qanunu layihələrinə isə üç oxunuşda baxılacaq.