10 C
Baku
Wednesday, November 13, 2024

Milli Məclisin iclasında yeni qanun layihəsi müzakirə ediləcək

“Azərbaycanda “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsi hazırlanacaq. Bu məqsədlə artıq yeni işçi qrup yaradılıb”. Bu haqda Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib.

Komitənin iclasında İsa Həbibbəyli söyləyib ki, hazırda Azərbaycanda məktəbəqədər təhsil sahəsi Nazirlər Kabinetinin 2010-cu ildə təsdiqlədiyi “Məktəbəqədər təhsilin dövlət standartları və proqramı” və “Məktəbəqədər təhsilin nümunəvi nizamnaməsi” adlı sənədləri ilə tənzimlənir. Yeni layihədə həmin sənədlərin bır sıra müddəaları daxil ediləcək.

Deputat qeyd edib ki, “Təhsil haqqında” qanunun 2-ci fəslinin 18-ci maddəsi bütünlüklə məktəbəqədər təhsilə həsr edilib.

“Lakin “Təhsil haqqında” qanun çərçivə qanun olduğundan orada məktəbəqədər təhsillə bağlı yalnız ümumi müddəalar – məktəbəqədər təhsilin əsas məzmunu, yaş həddi, əhatə dairəsi və s. öz əksini tapıb”.

Komitə sədri əlavə edib ki, “Təhsil haqqında” qanuna görə, Azərbaycanda məktəbəqədər təhsil 3 yaşdan, 5 yaşdan isə məktəbəhazırlıq dövrü başlayır.

Artıq məktəbəqədər təhsillə bağlı bir sıra ölkələrin də təcrübələrinin öyrənildiyini deyən İ.Həbibbəyli bildirib ki, qanun layihəsinin hazırlanması Milli Məclisin yaz sessiyasının gündəliyinə daxil edilib. Layihənin ilkin variantının mayın ortalarına qədər hazırlanması planlaşdırılır.

“Əgər layihənin hazırlanmasını çatdıra bilsək, onu I oxunuş üçün də parlamentin müzakirəsinə verə bilərik. Biz məktəbəqədər təhsilə dair əsas anlayışları, yeni baxışları əlavə etməliyik. Layihə hazırlanarkən bu sistemin bütün mənzərəsi, prinsipləri nəzərə alınmalıdır.

Layihədə mütləq məktəbəqədər təhsilin yaş həddini, hətta yaş qruplarını müəyyən etməliyik. Məktəbəqədər təhsil müəssisələrinin idarə edilməsi, maliyyələşdirilməsi, məktəbəqədər təhsildə təlim-tərbiyə işlərinin təşkili, maddi-texniki bazasının qurulması kimi məsələləri layihənin ayrı-ayrı fəsillərinin əsas istiqamətlərinə çevirməliyik”.

Deputat məktəbəqədər təhsil müəssisələrinin tabeçiliyi və onların hansı orqanın tabeçiliyində fəaliyyət göstərməsi qanun predmeti olmadığını vurğulayıb.

“Hazırda dünyada məktəbəqədər təhsilin müxtəlif tipləri-görmə, eşitmə, nitq qabiliyyəti zəif olan uşaqlar üçün xüsusi ixtisaslaşmış məktəbəqədər müəssisələri, korporativ, ailə tipli, internat tipli məktəbəqədər təhsil tipləri var. Azərbaycanda kimsəsiz uşaqlar üçün uşaq evləri var. Qanun layihəsində bu məsələ də öz həllini tapmalıdır”.

Modern.az

Son xəbərlər
Digər xəbərlər