Martın 5-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Banker.az”a bildiriblər ki, iclasda çıxış edən parlamentin sədri fevralın 20-dən 24-dək ölkəmizdə keçirilən Asiya Parlament Assambleyasının tədbirləri barədə məlumat verib.
Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə çıxış edən deputatlar Avropa Parlamentinin “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı” üzrə qəbul edilmiş qətnamədə əksini tapmış qərəzli fikirlərə münasibətlərini bildirib, bu hesabatı qətiyyətlə pisləyiblər.
Milli Məclisin sədri Sahibə Qafarova iclasda 17 məsələnin müzakirə olunacağını bildirib.
Gündəliyin birinci məsələsi olan “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişikliklər edilməsi barədə qərar layihəsi barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib. Bildirib ki, qərar layihəsinə əsasən, Azərbaycan-Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Müşfiq Cəfərov rəhbər olaraq təklif edilir.
Qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Gündəliyin ikinci məsələsi insan hüquqları üzrə müvəkkilin 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin dinlənilməsi olub.
Məruzə barədə çıxış edən ombudsman 2023-cü il ərzində Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı vəziyyət, həyata keçirilmiş fəaliyyət, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verib. Müvəkkil ötən il üzrə məruzəsində ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli təmini və müdafiəsi məqsədilə bir sıra təklif və tövsiyələr verib.
Daha sonra parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun ombudsmanın illik məruzəsi ilə bağlı çıxışı dinlənilib. Sonda Zahid Oruc rəhbərlik etdiyi komitənin insan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik məruzəsinə müsbət rəy verdiyini bildirib.
Məruzə ətrafında aparılan müzakirələrdə bir sıra deputatlar fikirlərini, qeydlərini və suallarını səsləndiriblər.
Səbinə Əliyeva deputatların suallarını cavablandırandan sonra ombudsmanın 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi səsə qoyularaq nəzərə alınıb.
Daha sonra iclasda “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Konstitusiya qanununun və “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri (birinci oxunuş) müzakirəyə çıxarılıb.
Qanun layihələrini Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.
Müzakirələrin sonunda qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Sonra Mədəniyyət komitəsinin üzvü Cavanşir Feyziyev “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim ediblər. Qanun layihələri barədə deputatların və müvafiq komitələrin fikirləri, rəyləri dinlənildikdən sonra hər üç sənəd ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.
Sonra Prezidentin bir məktubu ilə Milli Məclisə təqdim edilən və mahiyyətcə bir-birinə yaxın olan “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri müzakirəyə çıxarılıb. Qanun layihələri barədə Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli isə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Növbəti 7 məsələ ikinci oxunuşda təqdim edilən qanun layihələri olub.
Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda, Cinayət-Prosessual Məcəllədə, “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihələrini, Səməd Seyidov Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihəsini, Bəhruz Məhərrəmov Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsini, Sadiq Qurbanov “Su təchizatı və tullantı suları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini, Kamal Cəfərov isə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edib.
Bütün bu qanun layihələri müzakirələrdən sonra ikinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.