Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Aztelekom” MMC-nin 2019-cu il üzrə illik hesabatı açıqlanıb.
Banker.az xəbər verir ki, “Aztelekom” MMC-nin ötən il gəlirləri 77 milyon 221 min manat olub ki, bu da 2018-ci ilə nisbətən 1 milyon 16 min və yaxud 1.3 faiz azalma deməkdir.
2019-cu ildə “Aztelekom” MMC-nin xərcləri 71 milyon 742 min manat, işçi heyəti üzrə xərcləri 25 milyon 414 min manat, amortizasiya xərcləri 13 milyon 321 min manat və digər əməliyyat xərcləri 27 milyon 777 min manat, maliyyə xərcləri isə 564 min 454 manat təşkil edib.
Xatırladaq ki, “Aztelekom” MMC-nin nizamnamə kapitalı 22 milyon 525 min 383 manatdır və qanuni təmsilçisi Suat Paşayevdir. Hazırda “Aztelekom” öz tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsi (Gəncə Telekommunikasiya İdarəsi daxil olmaqla), Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) və Kabel Magistralları Texniki Qovşağını (KMTQ) birləşdirir. Azərbaycan Respublikasının Milli rabitə operatoru olan Aztelekom fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif telekommunikasiya xidmətlərini göstərir.