1 C
Baku
Saturday, December 14, 2024

Milli sığortaçılığın 30-cu ili (3-cü yazı)

Bazarın peşəkarları və onların uğursuz fəaliyyət birliyi

  Peşəkar iştirakçılar sırasından anderrayterlərin, sığorta vasitəçilərinin və ekspertlərin fəaliyyətinə diqqət ayırmaq lazım gəlir. Sığorta ədəbiyyatlarında anderrayterlərin sığortaçının eşidən qulağı və görən gözü olması xüsusi vurğulanır. Lakin bəzi satıcı vasitəçilər onların məhz bu cür olmasına əngəl yaradırlar. Məlumdur ki, anderrayterin əsas məqsədi təmsil etdiyi sığortaçını gələcək mümkün təhlükələrdən maksimum qorumaqdır. Sığorta vasitəçilərinin yarıtmaz fəaliyyəti anderrayterləri çox vaxt çətin durumda qoyur. Vasitəçilərin sığortalanacaq predmetlə bağlı anderrayterlərə verdikləri məlumatın bəzən yanlış, yarımçıq və qeyri-obyektiv olması sonradan böyük problemlərə yol açır. Məsələn, bir vaxtlar Sədərək, Binə, Diqlas, Eurohome və digər satış mərkəzlərində dəhşətli yanğın hadisələrinin bir səbəbi də məhz sığortalanma zamanı yol verilmiş səhvlərin, qeyri-peşəkar yanaşmanın nəticəsi idi. 

Sığorta vasitəçilərinin peşəkar fəaliyyətini tənzimləmək üçün hüquqi baza daimi qaydada təkmilləşdirilir. “Sığorta haqqında” Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanununda vasitəçilik fəaliyyətinin də əsasları müəyyən edilmişdi. 

Bundan sonra, 15 iyul 2000-ci il tarixli “Azərbaycan Respublikasında sığorta və təkrarsığorta brokerlərinin fəaliyyət Qaydaları” və 04 may 2005-ci il tarixli “Azərbaycan Respublikasında sığorta agentlərinin fəaliyyət Qaydaları” ilə sığorta vasitəçiyi fəaliyyətinin hüququ bazası daha da möhkəmləndirilmişdi.  

Bu gün Azərbaycanda sığorta vasitəçilərinin sayı kifayət qədərdir. Hazırda onlarla hüquqi şəxs, yüzlərlə fiziki şəxs sığorta agentləri kimi dövlət reyestrinə alınmışdır. Eyni zamanda, 30-a yaxın fiziki və hüquqi şəxs sığorta brokerləri fəaliyyət göstərməkdədir. Əfsuslar olsun ki, yüzlərlə sığorta vasitəçisinə verilmiş lisenziyalar son vaxtlar ya ləğv edilmiş, ya da yaxşı halda, müəyyən müddət üçün dayandırılmışdır. Ləğvetmənin əsas səbəbi isə müvafiq hesabatların vaxtlı-vaxtında təqdim edilməməsi ilə bağlı olmuşdur. “Sığorta fəaliyyəti haqqında” Qanuna əsasən sığorta agentləri rüblük hesabatları müvafiq rüb başa çatdıqdan 20 gün müddətində Mərkəzi Banka təqdim etməlidirlər: Məsələn, rüblük hesabatların təqdim edilməməsinə görə 2021 və 2022-ci illər ərzində 251-i fiziki və 2-si hüquqi şəxs olmaqla 253 lisenziya dayandırılmışdır. (Dayandırılmış lisenziyaların bir qismi sonradan bərpa edilmişdir). 2021-ci il 27 may tarixli “Sığorta fəaliyyəti haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən sığorta agentləri müvafiq lisenziya ilə sığorta vasitəçiliyi fəaliyyəti ilə məşğul olarkən eyni zamanda, sığortaçıda əmək fəaliyyəti ilə məşğul ola bilməzlər. Bu tələbin tam həyata keçirilməsi sığorta vasitəçilərinin müstəqil bazar iştirakçısı kimi rolunun gücləndirilməsinə gətirib çıxarmalıdır.

Sığorta vasitəçilərinin qeyri-adekvat fəaliyyəti sonradan zərər tənzimləyicilərinin də işini çətinləşdirir. Onlar, sığorta hadisəsinin araşdırılması və zərərin tənzim edilməsi mərhələsində bir sıra məsələləri anderrayterlərlə aydınlaşdırmalı olurlar. Halbuki sığortalı ilə bağlanmış müqavilədə sığorta riski ilə bağlı bütün məqamlar dəqiq və təfsilatı ilə göstərilməlidir ki, sonradan problem yaranmasın. 

İnkişaf etmiş ölkələrin əksəriyyətində zərər tənzimləyiciləri müvafiq Davranış Məcəlləsi əsasında fəaliyyət göstərməli və Zərər Tənzimləyicilərinin Çarter İnstitutunun üzvü olmalıdırlar. Zərər tənzimləyiciləri minimum iki il təhsil almalı və sonda müvafiq qaydada test imtahanı verməlidirlər. Yerli bazarda fəaliyyət göstərən   zərər tənzimləyiciləri heç olmazsa, agent və ya brokerlər səviyyəsində də təlimlərə cəlb olunmurlar.

Ölkə sığortaçıları əldə etmiş olduqları İSO-nun keyfiyyət sertifikatı və ya Fitch Ratings Agentliyinin maliyyə sabitliyi və etibarlılıq üzrə “A”, “B”, “Stable” və s səviyyəli sertifikatları ilə öyünürlər. Əslində isə normal peşəkar xidmət göstərməklə sadə kütlənin etibarını və on minlərlə potensial müştərilərin rəğbətini qazanmaq daha böyük və tutarlı təbliğat vasitəsi hesab olunardı. 

Aidiyyatı qurumlar da peşəkar xidmət səviyyəsini yüksəltməyin yollarını axtarmaqdadırlar. Məsələn, 2014-cü ilin dekabr ayında sığorta hadisələri nəticəsində dəyən zərərin qiymətləndirilməsi üzrə dünyada qabaqcıl təşkilatlardan olan ABŞ-ın “Audatex” şirkətinin Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı İcbari Sığorta Bürosu (İSB) ilə həmin şirkət və “Audatex” şirkətini Fransada təmsil edən “Sidexa” şirkəti arasında birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır.

Qeyd olunan müqavilə “Sidexa” şirkətinin ali idarəedici orqanı tərəfindən təsdiq olunmuşdur. Həmin sənədə əsasən, 2015-ci ilin yanvarında “Solera Azerbaijan” şirkətinin (“Audatex” şirkəti ABŞ-nin “Solera Holding”inə daxildir) yaradılması nəzərdə tutulmuş və eyni zamanda müvafiq proqram təminatlarının və məlumat bazasının Azərbaycan sığorta bazarına uyğunlaşdırılması və bazara təqdim edilməsi ilə əlaqədar lazımi işlər həyata keçirilmişdir.

“Solera Azerbaijan” şirkəti 2015-ci il iyulun 1-dən fəaliyyətə başlamışdır. Lakin bəlli bir müddət ərzində bu şirkətin fəaliyyəti yalnız bir neçə işin qiymətləndirilməsi ilə məhdudlaşmışdı. Bir qədər sonra Audatex şirkətinin fəaliyyətini yenidən canlandırmaq üçün ASA bu prosesə qoşuldu və 2018-ci ilin aprel ayında tərəflərin iştirakı ilə işçi qrupu yaradıldı. 

Göründüyü kimi, həyata keçirilən formal dəyişikliklər heç də həmişə gözlənilən nəticəni vermir. Sığortaçı olaraq sözü gedən sahədə uğur qazanmaq üçün hadisəni qanun çərçivəsində, eyni zamanda humanist meyarlara söykənərək, tənzim etməyə çalışmaq lazımdır. Ən çətin anlarda zərərçəkənlərin yanında olmaq, onlara empatik yanaşma sərgiləmək lazımdır. Bütün bunların isə  sığortaçının imici və bazar reputasiyası baxımından nə dərəcədə vacib olduğunu sübut etməyə ehtiyac yoxdur.      

Sığortçıların ictimai birlikləri

Özəl sığortaçıların yaranması ilə onların mənafelərini müdafiə edən ictimai birliyin yaradılması məsələsi də gündəmə gəldi. İlk belə bir qurum 1993-cü ilin payızında təsis edilmiş Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) idi. Əfsuslar olsun ki, 10 il ərzində onun varlığı hiss olunmadı. Bir neçə ildən sonra isə aparıcı sığorta şirkətlərinin rəhbərləri bir araya gələrək, ASA-nın fəaliyyətini gücləndirməyi qət etdilər. Beləliklə, 2003-cü ilin mayında ilk ASA-nın bazasında Azərbaycan Sığorta Cəmiyyətləri İttifaqı (ASCİ) yaradıldı. Qurumun adının dəyişdirilməsinin səbəblərindən biri də 1999-cu ilin martında təsis edilmiş Azərbaycan Sahibkarlar Assosiasiyasının (ASA) adı ilə oxşar olması idi. Belə ki, hər iki qurumun qısaldılmış adının eyni səslənməsi həm mətbuatda, həm də insanlar arasında bir müddət çaşqınlıq yaradırdı. Çox keçmədi ki, sahibkarlar təşkilatı növbəti ənənəvi illik konfransında öz nizamnaməsinə müvafiq dəyişiklik edərək, qurumun adını dəyişdi. Bundan sonra o, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (qısa: ASK) adlanmağa başladı. 

Yeni heyət ASCİ-nin fəaliyyətini nəzərəçarpacaq dərəcədə gücləndirdi. Cəmiyyətin 24 nəfərdən ibarət olan Müşahidə Şurasının üzvləri aparıcı sığorta şirkətlərinin rəhbərləri idi. Onlar ASCİ-nin fəaliyyətinə hərtərəfli dəstək verirdilər. İttifaqın tərkibində Hüquq, Xarici əlaqələr, Əmlak sığortası, Təhsil və s. komitələr yaradılmışdı. ASCİ-nin rəhbərliyinin təşəbbüsü ilə ölkədə ilk dəfə olaraq həftəlik “Sığorta” qəzetinin buraxılması haqqında qərar qəbul edildi. “Sığorta” qəzeti 8 səhifədən ibarət idi. Burada ölkə sığortasının mövcud vəziyyəti, problemləri və inkişaf perspektivləri barədə geniş məlumatlar əldə etmək olardı. MDB və dünya sığortasına dair məlumatlar da onun səhifələrində yer alırdı. Sığorta tədrisi sahəsində də nəzərəçarpan işlər görülürdü. Sığortaçıların gənc mütəxəssisləri və sığorta vasitəçiləri üçün ardıcıl təlimlər keçirilirdi. Hətta Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri təmənnasız olaraq bu təlimlərə cəlb olunurdular.  Universitetin rəhbərliyinin öz geniş və modernləşdirilmiş auditoriyalarını  sığorta təlimləri üçün ödənişsiz olaraq ASCİ-yə təklif etmələri olduqca təqdirəlayiq hal idi.

Sığortaçıların peşəkar post-diplom təhsilinə dair regional sistemin yaradılması istiqamətində işlər aparılırdı. Avrasiya Fondunun maliyyələşdirdiyi qrant layihəsi əsasında bu sistemin yaradılması məqsədilə ilk addımlar atıldı – təhsil proqramı işlənib hazırlandı, əsas istiqamətlər müəyyən edildi, təcrübə mübadiləsinin aparılması üçün xaricdə partnyor təşkilatlar müəyyən edildi. 2005-ci ildə Cənubi Qafqaz Sığorta İnstitutunun yaradılması layihəsinin birinci mərhələsi başa çatdırıldı. ASCİ-nın dəstəyi və iştirakı ilə, Türkiyədə Sığorta İnstitutunda, AFR-də Almaniya Sığorta İnstitutunda (Hamburq) və Almaniya Sığortaçılar Assosiasiyasında (Berlin) çoxsaylı səmərəli görüşlər və seminarlar keçirildi, ABŞ-a işgüzar səfər təşkil olundu. Ortada ən qabaqcıl Qərb sığorta təhsil təcrübəsini israrla və inadla Azərbaycana gətirmək əzmkarlığı vardı. 

ASCİ-nin rəhbərliyinin səyi və iradəsi ilə ölkədə sığorta işinin dünya standartlarına uyğun təşkili və inkişaf etdirilməsi üçün ən əhəmiyyətli şərtlərdən sayılan sığorta sahəsi üzrə ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi üçün kəsərli addımlar atılmışdı. Belə ki, qurumun rəhbərliyinin israrlı təklifi və səyi nəticəsində Maliyyə Nazirliyinin və Təhsil Nazirliyinin birgə qərarı ilə 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində və Azərbaycan Memarlıq və İnşaat  Universitetində «Sığorta işinin təşkili» ixtisasları açılmışdı.

ASCİ-nin rəhbərliyi Dövlət Sığorta Nəzarəti orqanının rəhbəri ilə sığortaçıların rəhbərlərinin ənənəvi görüşlərini təşkil edir və onların problemlərinin bürokratiyadan kənar, yerində və birbaşa həllini təmin edirdi.

Çox keçmədi ki, sığorta bazarında ASCİ-yə rəqib olan Azərbaycan Sığortaçılar Birliyi (ASB) peyda oldu. Birliyin fəaliyyəti Beynəlxalq Sığorta Şirkətinin mərhum rəhbəri Xəyal Məmmədxanlının himyəsi altında, şirkətin ofisində və onun işçiləri tərəfindən idarə olunurdu. Birliyin beş üzvü vardı: Beynəlxalq Sığorta şirkəti, MBASK, AZAL Sığorta (İndiki İpək Yolu Sığorta), Cİ İnsurance və Standard İnsurance. Qurumlar arasında sərt rəqabət açıq-aşkar hiss olunurdu. Sığortaçıların ictimai birlikləri arasında mövcud sağlam rəqabət münasibətləri sığortanın inkişafına əlavə şərait yaradırdı. Belə ki, bu, qurumlar arasında təşəbbüskarlıq, ideya-fikir yarışmaları, pluralizm, bazarda daha yüksək mövqe və təsir üstünlüyünə malik olmaq əzmkarlığı hiss olunurdu. Bu isə bütövlükdə ümumi işin xeyrinə idi. 

ASB-nin üzvləri olan MBASK, AZAL Sığorta və Cİ insurance eyni zamanda ASCİ-də də təmsil olunurdular.

Azərbaycan Sığortaçılar Birliyinin təsis etdiyi, keyfiyyətlı tərtibatı və dizaynı ilə fərqlənən “Qarant” sığorta jurnalının əhəmiyyətini də qeyd etmək lazımdır. Jurnalın rəngarəng səhifələrində 3 dildə yazılmış materiallara rast gəlmək olardı. Qarant sığorta jurnalının səhifələrində ətraflı statistik məlumatlar, sığortaçıların renkinqi, yeni sığorta məhsullarının təşviqinə geniş yer ayrılırdı. Aparıcı sığortaçıların yüksək tərtibat keyfiyyəti ilə fərqlənən rəngli reklamlarının yerləşdirilməsi də az əhəmiyyət kəsb etmirdi.

Əsrin əvvəllərində bir birinə rəqib olan iki ictimai təşkilatın adından və onların dəstəyi ilə buraxılan qəzet və jurnal, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının biznes bülletenləri sığortanın təbliğatı və kütləvi maarifləndirmə istiqamətində vacib alətlər hesab olunurdu. 

2005-ci ilin ortalarından etibarən bu iki ictimai təşkilatın birləşdirilməsi barədə təkliflər səslənməyə başladı. Lakin bir ildən çox bu ideyanı gerçəkləşdirmək mümkün olmadı. ASCİ-nin rəhbərliyi bir müddət hər iki strukturun bazasında yeni assosiasiyanın yaradılmasını məqsədə müvafiq hesab etmirdi. Bu fikir onunla əsaslandırılırdı ki, ASCİ-i 1993-cü ildən fəaliyyət göstərirdi və bu qurumun bəlli təcrübəsi, bazar mövqeyi və ənənələri vardı. Hər halda ASCİ 2006-cı ilin iyun ayında öz fəaliyyətini başa çatdırdı. 

Beləliklə, 2006-cı ilin dekabrında ASCİ-nin və ASB-nin birləşməsi əsasında Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) yaradıldı.  ASA-ya rəhbərliyi qurumun müşahidə şurası həyata keçirirdi. İlk vaxtlar sanki Dövlət Sığorta Nəzarəti Xidmətinin bir filialı kimi özünü göstərən ASA bir qədər sonra fəallaşmağa və həm də müstəqil addımlar atmağa başladı. 

Müşahidə şurasının rəhbərlərinin rotasiya əsasında hər il dəyişdirilməsi əhəmiyyətli bir yenilik idi. Belə ki, hər il təsisçilərindən birinin İH-nin sədri ASA-nın Müşahidə Şurasının sədri təyin edilirdi. Bir neçə il davam edən bu qaydanın tətbiqi rəhbərlər arasında sağlam rəqabət mühiti yaradır, işin ahənginə bir impuls verərək, faydalı nəticələrə gətirirdi. Hər yeni rəhbər özündən əvvəlkindən fərqli nəsə yaratmaq istəyirdi. Bu sırada ən böyük uğur ölkədə misli görünməmiş ənənəvi “Beynəlxalq Sığorta Forumu”nun və “Sığorta Agentlərinin Ənənəvi İllik Forumu”nun keçirilməsinin əsasını qoymaq oldu. 

ASA sığortaya dair qanunvericilik aktlarının qəbul edilməsi və dəyişdirilməsində, sığorta sahəsində qanun yaradıcılığında fəal iştirak edirdi. 

2018-ci ilin mayında ASA-da yeni sığorta vasitəçiləri komitəsi yaradıldı. Bu komitənin yaradılması sığorta agentlərinin və sığorta brokerlərinin fəaliyyətini əlaqələndirmək və onların problemlərinin həlli baxımından əhəmiyyətli bir hadisə idi. 

Başqa bir müsbət yenilik isə sığortaçılarla bərabər digər qurumların da ASA-ya üzvülüyü məsələsinin reallaşması idi. Məsələn, “OOO Efendi Legal and İP Consultancy” və “OOO Proqress” in ASA-ya üzvlüyə qəbul olunması bir yenilik idi.

İndiyədək ASA-nın təşəbbüsü və iştirakı ilə ümumdövlət əhəmiyyəti kəsb edən bir sıra layihələr gerçəkləşdirilmişdi. Dövlət məmurları ilə sığortaçıların nümayəndələrinin görüşünün keçirilməsi, xarici ekspertlərin təlimlərə cəlb olunması, kütləvi maarifləndirmə tədbirlərinin keçirilməsi, ixtisaslaşmış yerli təlimlərin, o cümlədən, sığorta aktuariləri və anderrayterlər üçün Cİİ sertifikasiya təlimlərinin təşkili və s. də ASA-nın aktivinə yazılmalıdır. Digər bir istiqamət ASA-nın müxtəlif  təşkilatlarla qarşılıqlı fəaliyyət memorandumlarının bağlanması idi. Belə memorandumlar ASA ilə Ümumrusiya Sığortaçılar Birliyi arasında  16 iyul 2021-ci il tarixdə, Türkiyə Sığorta Birliyi ilə dekabr, 2021-ci il tarixdə imzalanmışdır. Bundan başqa, Azərbaycan Milli Avtomobilçilər Klubunun (AMAK) rəhbərliyi və ƏƏSMN-nin Məşğilluq Xidməti ilə də qarşılıqlı fəaliyyət memorandumu imzalanmışdır. Sığorta bazarında bu və ya digər layihənin həyata keçirilməsi üçün səylərin birləşdirilməsi baxımından bu cür memorandumların əhəmiyyətli olacağı gözlənilir. 

Son xəbərlər
Digər xəbərlər