15 C
Baku
Saturday, April 20, 2024

Milli sığortaçılığın 30 ili (4-cü yazı)

4-cü yazı

Beynəlxalq və yerli sığorta forumları

Sığorta ilə bağlı təşkil olunan beynəlxalq forumlar həmişə diqqət çəkmişdir. Keçən müddət ərzində Sankt-Peterburqda, Soçidə, Odessada, Londonda, Parisdə və s. şəhərlərdə bu cür forumların keçirilməsinin şahidi olmuşuq. Təbiidir ki, təcrübə mübadiləsinin aparılması, təkrarsığorta sahəsində əməkdaşlıq və yeni sərmayələrin cəlb edilməsi baxımından sığorta işinə həsr olunan  hər bir tədbirin, o cümlədən bu qəbildən olan sığorta forumlarının müstəsna əhəmiyyəti vardır. Aşağıda onlardan bir neçəsi haqqında məlumat verməklə kifayətlənəcəyik.

Sığorta sektorunun seçilmiş nümayəndələri, o cümlədən, Dövlət Sığorta Nəzarətinin, İSB-nin, ASA-nın rəhbər işçiləri, habelə sığortaçıların menecer və mütəxəssisləri uzun illərdən bəri Almaniyanın Baden-Baden şəhərində keçirilən ənənəvi Beynəlxalq Sığorta Forumuna  qatılırlar. Yeni partnyorların tapılması,  təkrarsığorta sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi baxımından bu tədbirin əhəmiyyəti danılmazdır. 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən 2009-cu ildən etibarən Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumları 2019-cu ilədək davam etdirilmişdi. Bu Forumlarda MDB və bir sıra Avropa dövlətlərinin sığorta şirkətlərinin və sığorta nəzarəti orqanlarının mütəxəssisləri iştirak edirdilər. Beynəlxalq Forumun keçirilməsi sığortaçılar arasında işgüzar münasibətlərin yaradılmasında, təkrarsığorta sahəsində əməkdaşlığın səmərəliliyinin artırılmasında, dünya və region sığortaçıları arasında fikir və təcrübə mübadiləsinin aparılmasında əvəzsiz rol oynayırdı. Təəssüf ki, məlum pandemiya səbəbindən ənənəvi sığorta tədbirinin keçirilməsi son iki ildə mümkün olmamışdı. 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birlikdə həyata keçirdikləri Sığorta Agentlərinin Milli Forumları da yaddaqalan tədbirlərdən idi. Təşkilatçılar 2012-ci ilin dekabrında, 2013-cü ilin sentyabrında və 2015-ci ilin mart ayında sığorta agentlərini bir araya gətirərək, onlarla müvafiq təlimlər keçirər, onların problemini dinləyər və həmin problemlərin həlli istiqamətində tədbirlər görərdilər. Forumlara Maliyyə Nazirliyindən başqa digər hökumət üzvləri, hətta bəzən Milli Məclisin də üzvləri dəvət olunar və agentlərə öz faydalı tövsiyyələrini verərdilər. 

Sığorta qanunvericiliyinin təkmilləşdirilməsi

 “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 25 dekabr 2007-ci il tarixli Qanunu milli sığorta bazarının inkişafına təkan vermiş oldu. Məhz bu, sayca 3-cü Qanunun qəbul edilməsindən sonra sığorta bazarının və idarəetmə sisteminin yenidən formalaşdırılması istiqamətində həm de-yure, həm də de-fakto müsbət addımlar atıldı. Sığortaçıların hüquqi statusu və korporativ idarəetmə sisteminin formalaşdırılmasının əsasları müəyyən edildi. Sığortaçıların rəhbər işçilərinin təyin edilməsi ilə bağlı tələblər müəyyənləşdirildi. Sığorta və təkrarsığorta fəaliyyətinin lisenziyalaşdırılmasının mükəmməl hüquqi əsasları yaradıldı. Sığortaçıların maliyyə dayanıqlılığının və  ödəniş qabiliyyətliliyinin daimi və davamlı olaraq onun öhdəliklərinə adekvat şəkildə formalaşdırılması və artırılmasının bünövrəsi qoyuldu. Belə ki, investisiya siyasətinin həyata keçirilməsinin mükəmməl sisteminin yaradılması, sığortaçıların öz vəsaitlərinin, habelə sığorta ehtiyatlarını təmin edən vəsaitlərin investisiyaya yönəldilməsi qaydalarının, diversifikasiya normalarının tətbiqinin hüquqi əsasları yaradıldı. Bütün bunlar bütövlükdə ölkə sığortaçılarının həm forma, həm də məzmun baxımından sahmana salınmasına başlamağa hüquqi zəmin və imkan yaratmış oldu. 

Həyata keçirilən ardıcıl hüquqi-təşkilati tədbirlərin təsiri tezliklə hiss olundu. Yeni qanunun qəbul edilməsi ilə sığorta vasitəçiliyi institutunun bərqərar olması və onların sonrakı fəaliyyəti üçün hüquqi baza, qanunvericilik əsasları daha da təkmilləşdirilmiş oldu. Nə qədər çətin olsa da, sığorta bazarının təsadüfi, peşəkar savada və qabiliyyətə malik olmayan ”dəllallar”dan təmizlənməsinin başlanğıcı qoyuldu. Artıq sığorta vasitəçilərinin – sığorta agentləri və sığorta brokerlərinin müəyyən olunmuş təlimlərdən keçməsi və lisenziylaşdırılması tələb olunurdu. Bundan öncəki, 2-ci dərəcəli agentlərin, indiki terminlə ifadə etsək, subagentlərin təmizlənməsinə start verildi. 

Sığortaçıların kapitallarının həcmi ilə bağlı tələblər gücləndirildi. “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qaydalar” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 21 dekabr 2012-ci il tarixli kollegial qərarı ilə təsdiq edilmişdir. Bu Qaydaların qəbul olunmasından sonra sığortaçılar öz investisiya siyasətlərinə düzəlişlər apardılar. Həmin Qaydalara əsasən sığortaçının öz vəsaitlərinin, həmçinin sığorta ehtiyatları vəsaitlərinin investisiyaya yönəldilməsinin və məcmu kapitalın hesablanmasının əsasları müəyyən edildi. Bu, olduqca vacib bir yenilik idi. Belə ki, bundan əvvəl sığortaçılar öz vəsaitlərinin demək olar ki, hamısını elə öz “döğma” banklarında depozit hesablarda yerləşdirirdilər. Bu isə sığortaçının maliyyə dayanıqlılığı və təhlükəsizliyi baxımından olduqca riskli idi. Yeni diversifikasiya normalarının tətbiqi isə bu riski aradan qaldırmış oldu. 

Sığortaçılar bu və ya digər hüquqi şəxsin nizamnamə kapitalına sərmayə yatırımı edərkən, artıq müvafiq diversifikasiya normalarına riayət etməli olurdular. Bu isə bütövlükdə ölkə iqtisadiyyatına və özəlliklə də sığorta təsərrüfatına müsbət təsir göstərirdi. Belə ki, bu minvalla sığortaçıların məcmu kapitalı artır və nəticə etibarı ilə artan sərmayə yatırımları ümumi iqtisadi inkişafa təkan vermiş olurdu.

Azərbaycan Maliyyə Nazirliyinin 21 dekabr 2012-ci il tarixli qərarı ilə “Sığortaçılarda müstəqil auditin aparılmasına dair minimum tələblər”  təsdiq edildi. Bu sənəddə Azərbaycan Respublikasının «Sığorta fəaliyyəti haqqında» Qanununa və Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının prinsip və standartlarına uyğun olaraq hazırlanmış və sığortaçılarda müstəqil auditin aparılmasına dair beynəlxalq sığorta nəzarəti təcrübəsinə uyğun olaraq minimum tələblər müəyyən edilmişdir. 

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 19 may 2014-cü il tarixli qərarı ilə “Həyat və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydaları” təsdiq edildi. Bu Qaydaların qəbul olunmasından sonra əslində sığorta ehtiyatlarının tərkibinin, formalaşdırılmasının, həmçinin sığorta ehtiyatlarında təkrarsığortaçıların payının hesablanmasının daha düzgün tənzimlənməsinin əsası qoyulmuş oldu. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 19 may 2014-cü il tarixli qərarı ilə “Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydaları” təsdiq olundu. Bu Qaydalarda sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici sığortaçıların və xarici sığorta brokerlərinin, onların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin, aktuarilərin,  habelə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müvafiq müstəqil ekspertlərin reyestrinin aparılması qaydaları müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 19 may 2014-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitalının ümumi məbləğində xarici kapital payının son həddinin müəyyən edilməsi və bu payın hesablanması Qaydaları” təsdiq olundu. Həmin Qaydalara əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici kapital payının son həddi aşağıdakı kimi müəyyən edilmişdir: 

2015-ci il 01 yanvar tarixinədək – 50 %; 

2015-ci ilin 01 yanvar tarixindən etibarən – 70 %; 

2016-ci ilin 01 yanvar tarixindən etibarən – 85 %; 

2017-ci ilin 01 yanvar tarixindən etibarən – 100 %.

 

Ölkəmizdə həyat sığortasının inkişaf etdirilməsi üçün hüquqi bazanın təkmilləşdirilməsi və yeni ixtisaslaşmış həyat sığortası şirkətlərinin yaradılması milli sığorta bazarında bir hadisə idi. Milli Məclis tərəfindən 2010-cu il 11 may tarixdə qəbul edilmiş «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanunu həyat sığortasının inkişafında yeni bir mərhələnin başlanğıcı oldu.  Həmin Qanun  03 iyul 2010-cu il tarixdə qüvvəyə minmişdir. Eyni zamanda, Azərbayan Respublikasının Maliyyə Nazirliyi tərəfindən bu qanundan irəli gələn normativ-hüquqi sənədlər, təlimatlar, qaydalar, normalar qəbul edilmişdi.

Hazırda milli sığorta bazarında beş ixtisaslaşmış həyat sığortası şirkəti fəaliyyət göstərir. “Atəşgah Həyat”,  “PAŞA Həyat”,  “Qala Həyat” , “Xalq Həyat və “Meqa Həyat” sığorta şirkətləri ölkəmizdə həyat sığortası sahəsində tələblərə dolğun cavab verirlər.   

“İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu

“İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının 24 iyun 2011-ci il tarixli Qanunu milli sığortaçılığın inkişafına güclü təkan vermis oldu. Icbari sığortanın demək olar ki, cəmiyyətin bütün sferalarına sahibkarlığa, tikinti sektoruna, emal müəssisələrinə, mədən sənayesinə, kommersiya strukturlarına və s. aidiyyatı vardı.

Təbii ki, bu qanunun normal tətbiq edilməsi üçün tezliklə müvafiq normativ-hüquqi sənədlər də qəbul olundu. 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 06 dekabr 2011-ci il tarixli qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması” Qaydaları təsdiq edilmişdir. Qaydalar  avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması ilə bağlı məsələlərin tənzimlənməsini əhatə edir.  Eyni zamanda, burada əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi  sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə  sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan Bonus-Malus (güzəştlər və əlavələr) sistemi də öz əksini tapmışdır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 06 dekabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi” Qaydası daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsini tənzimləyir. Bununla bağlı tətbiq olunan düstur və istifadə olunan cədvəllər hesablamanın risk qrupları üzrə dürust və dəqiq aparılmasını təmin edir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin eyni tarixli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta haqlarının məbləği” nə dair Qayda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta haqlarının məbləğinin müəyyən edilməsi ilə bağlı məsələləri tənzimləyir. “Sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2012-ci il tarixli, 43 nömrəli qərarı ilə təsdiq edilmişdir. 

“İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün əlavə TƏLƏBLƏR” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 24 yanvar 2014-cü il tarixli  Kollegiya Qərarı ilə təsdiq edilmişdir. Tələblərə əsasən hər hansı icbari sığorta növünün aparılmasına icazə verilməsi üçün həmin sığortaçı qeyd olunan Qanunun müvafiq maddəsində müəyyən edilmiş tələblərə cavab verməklə yanaşı bu əlavə Tələblərdə nəzərdə tutulanlara da riayət etməli idi. Daha dəqiqi, sığortçı hər hansı icbari sığorta növünün aparılmasına icazə verilməsi üçün Azərbaycan Respublikasının 10 iqtisadi rayonunda satış və zərərlərin tənzimlənməsi üçün imkanları olan filial və ya nümayəndəliyə malik olmalı idi. (Qarabağ işğaldan azad edildikdən sonra ölkə Prezidentinin məlum sərəncamı ilə ölkəmizdə bəzi iqtisadi rayonların adları dəyişdirilməklə sayı 14-ə çatdırılmışdı).

Elektron informasiya sistemi ilə bağlı tələb isə Qanunda nəzərdə tutulmuş hər hansı icbari sığorta növünün aparılmasına icazə verilməsi üçün sığortaçının elektron informasiya sisteminin İcbari Sığorta Bürosunun informasiya sisteminə veb servis vasitəsilə qoşulmaq imkanına malik olmasını nəzərdə tutur.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 27 mart 2014-cü il tarixli qərarı ilə “Sığortaçıların rəsmi internet səhifəsi və elektron informasiya sistemi ilə bağlı minimum tələblər” müəyyən edildi. Həmin tələblər müvafiq olaraq, 01 iyul 2014-cü il tarixdə və 01 yanvar 2015-ci il tarixdə qüvvəyə minmişdir. Minimum tələblərin yerinə yetirilməsi ilk növbədə sığortalıların, sığorta olunanların və digər faydalanan şəxslərin elektron informasiya resurslarına çıxış imkanlarını asanlaşdırmağa hədəflənmişdi. 

İcbari Sığorta Bürosu

Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən 19 oktybar 2011-ci il tarixdə İcbari Sığorta Bürosunun (İSB) təsis iclası çağrıldı. İSB Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 29 noyabr 2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdı. 

O, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxslərin ittifaqı kimi təsis edilmiş və fəaliyyət göstərir. Bəzi ziddiyyətli məqamların da olduğunu nəzərə alaraq, qeyd edə bilərik ki, İSB-nin sığorta bazarının təkmilləşdirilməsi istiqamətində fəaliyyəti bu günədək davam etməkdədir. 

 “İcbari Sığorta Bürosunun iştirakçısı olan sığortaçıların şərti öhdəliklər ehtiyatının formalaşdırılması Qaydası” Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 06 dekabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Bu Qayda İcbari Sığorta Bürosuna əlavə haqların ödənilməsinə təminat yaratmaq məqsədi ilə iştirakçı sığortaçıların şərti öhdəliklər ehtiyatının məbləğinin hesablanması, həmin ehtiyatın formalaşdırılması və uçotunun aparılmasını, habelə bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər məsələləri tənzimləyir. 

“İcbari Sığorta Bürosuna ödənilməli olan iştirak haqqının və təminat depozitinin məbləğlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası 24 yanvar 2014-cü il tarixdə qərar qəbul etmişdir. 

Qərara əsasən İSB-nin iştirakçısı olmaq üçün müraciət etmiş sığortaçının ödəməli olduğu iştirak haqqının məbləği 200.000 (iki yüz min) manat müəyyən edilmişdir. Eyni zamanda İcbari Sığorta Bürosunun iştirakçısı olmaq istəyən sığortaçının müvafiq icbari sığorta növləri üzrə Büroya birdəfəlik olaraq ödəməli olduğu təminat depozitinin məbləğləri müəyyən edilmişdir. 

İSB-nin 29 yanvar 2017-ci il tarixli Forumunda “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”nda son dəyişikliklər elan olundu. Bundan sonra müvafiq sığorta müqavilələrinin sığortaçının deyil, İSB-nin platformasından rəsmiləşdirilməsi həyata keçirilirdi. İcbari sığorta məlumatları yazılan komputer, planşet, yaxud smartfonların İSB-də qeydiyyatdan keçirilməsi də bir yenilik idi. Yeni sistemin DİN ilə yanaşı DYP və DMX ilə də inteqrasiya olunması çox əhəmiyyətli idi. Dəyişikliklərdən sonra sığorta vasitəçilərinin qanunazidd hərəkətlərinə son qoyuldu və sənədləşmədə saxtalaşdırılmalar birdəfəlik aradan qaldırıldı. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında bonus-malus sisteminin tətbiqi də bu sahədə yeni və mütərəqqi bir addım idi. 

Lakin əfsuslar olsun ki, bu sistemin tətbiqinin ilk vaxtlarında bir sıra neqativ hallarla üzləşməli olduq. Belə ki, sığorta agentləri daha çox müştəri və pul qazanmaq üçün saxtakarlığa yol verirdilər. Onlar bonus-malus sistemi üzrə endirim güzəştləri böyük olan sürücülərin fin kodundan güzəştləri az olan yeni müştərilərin xeyrinə istifadə edir, minik avtomobillərində mühərrikin həcmini, yük avtomobillərində yükgötürmə qabiliyyətini, avtobuslarda oturacaq yerlərinin sayını azaltmaqla avtomobilin göstəricilərini kiçildirdilər. Lakin İSB-nin ödəniş sisteminin təkmilləşdirilməsi, daha doğrusu, onlayn ödəniş sisteminin tətbiqi ilə bu cür mənfi halları da aradan qaldırmaq mümkün oldu.

Bildiyiniz kimi, İSB həm də Yaşıl Kart Sığorta Sistemində Azərbaycanı təmsil edir. Onunla bağlı bir yenilik də ondan ibarətdir ki, İSB 10 illik sınaq müddəti bitmədən 5 il ərzində Bürolar Şurasının tam hüquqlu üzvü seçilmişdir. Bu barədə qərar Serbiyanın Paytaxtı Belqrad şəhərində 2-3 iyun 2022-ci il tarixdə keçirilmiş Bürolar Şurasının 56-cı Assambleyasında qəbul edilmişdir.

Müəllif:
Şükür Hüseynov
Ekspert

Son xəbərlər
Digər xəbərlər