“Forbes USA” ABŞ-ın ən varlı adamlarının reytinqini təhlil edərək milyarderlərin ən çox hansı sənaye sahələrində cəmləşdiyini müəyyən edib.
Banker.az xəbər verir ki, bütün varlıların dörddə biri sərvətini maliyyə fondlarına sərmayə sayəsində qazanıb, növbəti ən populyar sahə texnologiyalar olub. Onun sayəsində reytinq iştirakçılarının 20%-i milyarderə çevrilib. İlk beşlikdə həmçinin qida, dəb, pərakəndə satış və media sahələri yer alıb.
Ümumilikdə, milyarderlər reytinqinə investisiya sektorunun 103 nümayəndəsi, o cümlədən Uorren Baffet və Karl Aykan daxil olub. “Forbes” kriptovalyuta sayəsində varlanan sahibkarları ayrı bir qrupa daxil edib. Xatırladaq ki, oktyabr ayında ABŞ-ın Milli İqtisadi Tədqiqatlar Bürosu buraxılan bütün bitkoinlərin üçdə birinin 10 min özəl investorun əlində cəmləşdiyini yazıb.
Jurnal siyahıdakı 80 milyarderin sərvətini texnologiyalar sayəsində qazandığını qeyd edib. Bu sahədən olan milyarderlərin ümumi sərvəti 1.6 trilyon ABŞ dolları olaraq qiymətləndirilir. Onun ən zəngin nümayəndəsi isə sentyabr ayında sərvəti 201 milyard ABŞ dolları ötən “Amazon” onlayn-mağazasının təsisçisi Ceff Bezos olub.
Ərzaq və geyim satışı da reytinqdə böyük pay alıb: 38 milyarder sərvətini yemək və içkidən qazanıb. Bu sahədə ən varlı şəxslər “Mars” şirkətinin qurucuları Franklin Mark və Con Marsdır (hər biri 31.8 milyard ABŞ dolları sərvətə sahibdir).
Dördüncü ən populyar sənaye sahəsi dəb və pərakəndə satış sayılır. Burada “Walmart” imperiyasının varisləri və reytinqin debütoru Heri Fridman liderlik edir. Nəhayət, ilk beşliyi media və əyləncə sahəsi tamamlayır. Bu sənaye sahələrinin ən varlı nümayəndəsi 70 milyard ABŞ dolları sərvətlə “Bloomberg”in sahibi Maykl Blumberq hesab olunur.
“Forbes 400” reytinqinin lider sənayeləri:
– daşınmaz əmlak (24 milyarder və ya siyahının 6%-i, ümumi sərvət – 122.4 milyard ABŞ dolları);
– energetika (17 nümayəndə, siyahının 4.25%-i, 97 milyard ABŞ dolları);
– istehsal (16 nəfər, siyahının 4%-i, 84.6 milyard ABŞ dolları);
– səhiyyə (15 milyarder, siyahının 3.75%-i, 109.2 milyard ABŞ dolları);
– idman (13 nümayəndə, siyahının 3.25%-i, 71.2 milyard ABŞ dolları).
Xatırladaq ki, daha əvvəl ekspertlər rusiyalı bloggerlərin 2021-ci ildəki gəlirini açıqlayıb. Onların fikrincə, bu sahədə reklam bazarı 2019-cu illə müqayisədə iki dəfədən çox arta və 16.5-18.5 milyard rubla çata bilər.