Paytaxtdakı yüzlərlə tarixi memarlıq abidələri müasir keçidlərə, otellərə qurban gedir
Qafqazın qabaqcıl şəhərlərindən sayılan Bakı öz nadir memarlıq üslubu, qədim küçələri, yaraşıqlı tarixi binaları ilə hər zaman diqqəti cəlb edib. Dar küçələr, dalanlar, məscidlər, karvansaralar, əntiq dükanları…
Uzun müddətdir ki, tarixin Bakıya qazandırdığı o nuranilik itib-batıb. Milyonçuların bizim üçün tikib, miras qoyub getdikləri Bakı indi müasir və uca göydələnlərin kölgəsində qalıb. Vaxtilə Bakının yaraşığına yaraşıq qatan o binaların bir çoxu Azərbaycanın müstəqilliyinə çıxmadı.
Buna baxmayaraq, Bakı milyonçularının Azərbaycan tarixində əvəzsiz rolunu unutmaq düzgün deyil. Şəmsi Əsədullayev, Musa Nağıyev, Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarovun qoyduqları irslər bu gün də Bakı küçələrində yaşayır. Onların milyonları hesabına tikilən bir çox tikililər maddi mədəniyyətimizin inciləri sırasındadır. O incilərin hansı səviyyədə qorunub-qorunmaması isə sual altındadır.
Bəs, bu milyonçulardan bizə hansı abidələr, binalar yadigar qalıb? Hazırda onlardan neçəsi hələ də qalıb və vaxtilə milyonçular tərəfindən müyyən məqsədlər üçün tikilən binalardan neçəsi öz təyinatı üzrə fəaliyyət göstərir?
Qeyd edək ki, Bakının məşhur 11 milyonçusundan biri, “el atası” adı ilə məşhur olan Ağa Musa Nağıyev olub. O, Bakı milyonçuları arasında ən varlı olduğuna görə daim xüsusilə fərqlənib. Bəzi araşdırmaçılar Nağıyev haqqında danışarkən onu “xəsis” adlandırsalar da, onun vəsaiti hesabına tikilən binaların sayı heç də bunu demir. Nağıyev sağlığında 4 hamam sahibi olub. Həmçinin 28 May küçəsinin sağ və sol tərəfindəki bütün binalar da Nağıyevə məxsus olub. 1895-1897-ci illərdə həmin küçədə Lüteran kirxasını da o tikdirib. Yəhudilər üçün sinaqoq, İndiki M.A.Əliyev küçəsində məscid də ona məxsusdur. Bu “xəsis” xeyriyyəçinin vəsaiti hesabına tikilən yerlər sırasına “Cəmiyyəti-Xeyriyyə” üçün şəhərin mərkəzində əzəmətli “İsmailiyyə” binası, “Realnı” məktəbinin üçüncü mərtəbəsinin xərcini ödəməsi, şəhər kənarında (indiki Semaşko) xəstəxananı tikdirməsi də aiddir.
Həmçinin 28 May küçəsindəki qoşa imarətlər, yenə həmin küçədə qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera Teatrının yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə mərkəzi poçt binası, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binası, Səməd Vurğun küçəsində Qış klubu (indiki Zabitlər evi), “Astoriya” və “Yeni Avropa” mehmanxanaları və sair bu kimi şəhərin gözə gəlimli binaları Musa Nağıyevin pulu ilə tikilib.
Vaxtilə Nağıyevin şəxsi hesabına tikdirdiyi binaların bir çoxunda bu gün nazirliklər, teatrlar fəaliyyət göstərir. İqtisadiyyat Universiteti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ali Məhkəmə, Bakı Prokurorluğu, Emin Əfəndiyev və öz adını daşıyan xəstəxanalar, Ana və Uşaqların Mühafizəsi İnstitutu, “ÜNS” teatrı, ARDNŞ və “LUKoyl” şirkəti, Milli Elmlər Akademiyası və bir çox binalar Musa Nağıyevin yadigarlarıdır.
Milyonçulardan yadigar qalan abidələr
Paytaxtda bir çox tarixi bina, abidələrin tikilməsinə vəsait yatıran daha çox xeyriyyəçiliyi ilə məşhur olan milyonçulardan biri də Hacı Zeynalabdin Tağıyevdir. Tağıyevin tikdirdiyi binalar sırasında Azərbaycan Tarixi Muzeyi, Elmlər Akademiyasının Rəyasət Heyəti, Şirniyyat Fabriki, Toxuculuq Fabriki və keçmiş Qızlar Məktəbinin binasını göstərmək olar. Daha çox xeyriyyəçilik məqsədilə pul xərcləyən Tağıyevin tikdirdiyi binalar da az deyil. Hazırda Bakıda yerləşən möhtəşəm arxitektura, eksteryer və interyerinə görə fərqlənən Akademik Opera və Balet Teatrının tikintisi üçün bütün xərcləri də Hacı Zeynalabdin ödəyib.
2 il müddətinə tikilərək istifadəyə verilən Cənubi Qafqazda ilk olan “Qızlar Məktəbi”ni də Tağıyev öz vəsaiti hesabına tikdirir. Hazırda “Qızlar Məktəbi”ndə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondu yerləşir.
Lakin bir çoxları kimi Tağıyevin də tikdirdiyi yaşayış binaları müstəqillikdən sonra sökülüb. “Neftçilər” prospekti 95/97 ünvanında yerləşən, hazırda sökülmüş olan binaları da 1880-ci illərdə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tikdirib. Həmçinin Tağıyevin tikdirdiyi və milyonlarla fəhləni işlə təmin edən Toxuculuq Fabriki də hazırda uçub dağılmış vəziyyətdədir.
Adı daha çox “Səadət” sarayının tikintisi ilə məşhur olan Bakı milyonçusu Murtuza Muxtarovun da Bakının bugünkü görkəmində az rolu olmayıb. Bir çox binanın tikintisini həyata keçirən Muxtarov sevimli xanımı Liza üçün tikdirdiyi mülk hazırda nikah mərasimləri üçün istifadə edilən “Səadət” sarayıdır. Həmçinin Mərdəkan dendrarisi – bina da Muxtarov tərəfindən memar Ploşkonun layihəsi əsasında inşa etdirilib.
Sonralar – 1965-ci ildə adı dillər əzbəri olan bu bağ Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutuna, daha sonralar isə AMEA-nın dendrarisinə çevrilib. Xatırladaq ki, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Qorxma mən səninləyəm”, “Dərviş Parisi partladır”, “Başsız atlı” və sair kimi filmlər məhz bu bağda çəkilib.
“Bir keçid tikmək üçün yüzdən çox yaşı olan abidəni sökürlər”
“Tarix, mədəni və təbii irsi qoruma” İctimai Nəzarət Komitəsinin icraçı direktoru Aytəkin İmranova bu gün milyonçuların bizə qoyduğu tarixi abidələrə diqqətin olduqca aşağı səviyyədə olduğunu deyir. “Həftə içi”nə danışan Aytəkin xanım dövlət qeydiyyatına alınan bu tarixi binaların bu gün müasir otel və evlərin kölgəsində qaldığını bildirdi: “Əvvəllər bütün bu binalar siyahıya alınırdı. Onlar tarixi memarlıq nümunəsi kimi qorunurdu. Nəinki onları sökmək və ya dağıtmaq, onlar üzərində heç təmir işləri də aparmağa izin yox idi. Restavrasiya işləri də ancaq həmin abidənin ilkin görünüşünə xələl gətirməmək şərtilə aparıla bilərdi. Müstəqillikdən sonra da həmin abidələrin siyahıya alınması barədə qərar qəbul edilməli idi. Ancaq yarımçıq qaldı. Bu bir yana, indi həmin tarixi abidələrə münasibət o səviyyədədir ki, hətta təmir işləri aparılarkən belə onların tarixiliyi nəzərə alınmır. Dövlət qeydiyyatına alınsa belə bu abidələr qorunmur. Onlara münasibət də ögeylik nümayiş etdirilir. Təkcə elə Qış Bulvarı tikintisi üçün nəzərdə tutulmuş ərazidə 2010-2011-ci illər ərzində 26 tarixi memarlıq nümunəsi söküldü. Onlar arasında vaxtilə milyonçuların tikdiyi binalar da vardı”.
Müsahibimiz qeyd edir ki, bu gün Bakıda möhtəşəm tikililəri vaxtilə paytaxtın yaraşığı olmuş, milyonçuların öz vəsaitləri hesabına tikdikləri memarlıq abidələrini sökdükləri yerlərdə inşa edirlər: “Tarixi mədəniyyət nümunələrini sökmək bir başa cinayətdir. Ancaq bu gün Bakıda bir keçid tikmək üçün yüzdən çox yaşı olan abidəni sökürlər. 132-134 nömrəli məktəblər var idi ki, uzun illər idi fəaliyyət göstərirdilər. Həmin məktəbləri söküb yerində yenisini tikdilər. Tarixi memarlıq abidəsi sayılan bir gimnaziya var idi ki, onu da söküb tamamilə təhrif etdilər. “4 fəsil” oteli üçün şəhərin mərkəzində 40-a yaxın irili-xırdalı gözəl tarixi abidələr sökdülər. Bununla həmçinin həmin ərazidə olan görkəmli binaların da qarşısını bağlamış oldular. Niyə bu tarixi abidələrimizə sahib çıxmırlar axı. Biz bununla bağlı məhkəmələrə müraciət etmişik, Avropa Məhkəməsinə də müraciət etmişik. Lakin abidələr söküldükdən sonra bu axı nəyi həll edəcək ki?”.
Aytəkin İmranova qeyd edir ki, tarixi memarlıq abidələrinə, milyonçuların bizə qoyduqları mirasa sahib çıxa bilməyən xalqın mətbəxinə də, musiqisinə də sahib çıxmaq çox asandır: “Ermənilərlə musiqi, yemək davası edirik. Deyirik onlar bizim olan hər nə varsa mənimsəyir. Bir millət ki, öz abidələrinə sahib çıxmır, onu söküb yerində başqa müasir abidələr tikirsə, bunun üçün erməni nə etsin ki? Keçmişinə sahib çıxa bilməyən millətin musiqisinə də, abidəsinə də, mətbəxinə də erməni niyə sahib çıxmasın ki? Onlara da elə bu lazımdır. Yeməyənin payını yeyərlər”.