12 C
Baku
Tuesday, November 19, 2024

Milyonlarla insanda asılılıq yaradaraq, milyardlarla dollar qazandılar – Saklerlər hekayəsi

ABŞ-ın ən nüfuzlu ailələrindən biri olan Saklerlər sülaləsinin “müvəffəqiyyəti” və milyardlarla dollar qazanc gətirən OxyContin ağrıkəsicisinin inkişafı hekayəsi.

2021-ci ilin aprelində jurnalist və yazıçı Patrik Radden Kifin “Ağrı imperiyası” adlı kitabı çıxdı və Washington Post kimi çox nüfuzlu nəşrlərin fikrincə demək olar ki, dərhal bestsellerə çevrildi.

Saklerlər illik dövriyyəsi milyardlarla dollar olan böyük əczaçılıq biznesinə sahib olur. Müəllif bu ailənin nisbətən ucuz dərmanların köməyi ilə kütlələrə sağlamlıq vəd etməsinin böyük fəlakətə çevrilməsi haqqında bəhs edir. Mənfəət əldə etmək üçün şirkət ABŞ və digər ölkələrdə milyonlarla insanda asılılıq yaradan dərman hazırlayır.

Bu gün sizə həmin dərmanın inkişaf tarixini və bunun bizim dövrümüzdə necə mümkün olduğunu qısaca izah edəcəyik.

Saklerlər hekayəsi

Sülaləsinin əsasını qoyan Ayzek Sakler 1904-cü ildə Şərqi Avropadan ABŞ-da gəlir və qardaşı ilə birlikdə sıfırdan ərzaq mağazası biznesini qurur, sonra isə daşınmaz əmlaka sərmayə qoymağa, mənzil alıb onu icarəyə verməyə başlayır. O, həyat yoldaşı Sofi ilə birlikdə üç oğlunu – Artur, Mortimer və Reymond – oxutmaq üçün əlindən gələni edir. Böyük oğlu Artur hələ məktəbdə ikən ədəbi istedad göstərməyə başlayır: uşaq məktəb qəzetinin redaktoru, universitetdə isə reklam agenti olur. Onun 15 yaşında qazandığı pul ailəyə böyük töhfə verir. Tezlikdə digər qardaşlar da bu işə qoşulur.

Bu əla fikir idi, çünki atanın biznesi üçün çətin dövrlər başlamışdı. Daşınmaz əmlak alqı-satqısı getmirdi, yeni layihələr uğursuzluğa düçar olurdu, ərzaq mağazası isə borc içində batırdı. Ayzek borclarını ödəmək üçün satıcı olaraq işə düzəlməyə məcbur olmuşdu.

Böyük depressiya onu “yıxır” və Ayzek uşaqlarının təhsil haqqını ödəyə bilməyəcəyini başa düşür. Qardaşların həvəsli olması Artura Nyu-York şəhərindəki universitetin tibb fakültəsini bitirməyə kömək edir. O, əczaçılıq şirkəti Schering-də kopirayter olaraq çalışır və tezliklə həm yaxşı həkim olduğunu, həm də istənilən bir şeyi kimə istəsə sata bildiyini dərk edir.

Anadangəlmə dahi marketoloq olan Artur dərmanları məharətlə reklam edir və 1952-ci ildə qardaşları ilə birlikdə dərman istehsal edən və satış üçün lisenziyalar verən Purdue Frederic şirkətini alır. Məhz bu şirkət 1996-cı ildə morfinə bənzəyən, lakin təhlükəli kimi tanınmayan oksikontin adlanan ağrıkəsici dərmanın istehsalına başlayır. O vaxta qədər Artur dünyasını dəyişir (1987-ci ildə) və şirkət Raymond, Mortimer və Raymondun oğlu Riçardın əlinə keçir.

Effektiv və sürətli ağrıkəsiciyə ehtiyacın yaranması

Morfin ağrıları aradan qaldırsa da, həkimlər xərçəngdən əziyyət çəkməyən xəstələrə onu yazmaqdan çəkinirdilər. Onlar narkotik asılılığının yaranmasından qorxurdular, çünki morfin asılılıq yaradırdı və yalnız ən ağır hallarda təyin edilirdi. Hətta xəstələr belə qorxurdular. Onlar morfin reseptinin ölüm hökmünə bənzədiyini düşünürdülər.

Saklerlər şirkətinin hazırladığı preparatın satışları aşağı düşürdü, Riçard Sakler və onun komandası yeni dərman haqqında düşünməyə başlayırdı. Morfin yerinə opioid törəməsi olan oksikodon istifadə olunsa, nə olar?

Oksikontin preparatının ortaya çıxması

Kimyəvi quruluşuna görə oksikodon morfin və ya heroin kimi opioid qrupuna daxildir. O həm də perkodan və perkoset adlı preparatlarda az miqdarda ağrıkəsici kimi istifadə edilirdi. Saklerlər düşünürdülər ki, oksikodon morfin kimi qana daxil olacaq, amma asılılıq yaratmayacaq. Nəzəriyyədə bu belə idi. Və ailə OxyContin adlı yeni dərmanın istifadəsini genişləndirmək qərarına gəldi.

1995-ci ildə FDA oksikontinin orta və şiddətli ağrılarda istifadəsinə icazə verdi

Riçard, Reymond və Mortimer ataları kimi aqressiv reklam kampaniyası apardılar. Purdue satış şöbəsini genişləndirdi. Hər bir satış nümayəndəsi təlimatçılar tərəfindən öyrədilirdi və oksikontini təsvir edən tibbi broşürlar paylayırdı Satış qrupunun məqsədi həkimləri hər hansı bir şiddətli ağrıya qarşı xəstələrə oksikontin təyin etməyə inandırmaq idi.

Preparatın reklamı jurnallarda dərc olunurdu, məmnun xəstələr televiziyada göstərilirdi. Riçard Sakler dərmanın yüksək dozalarla təyin edilməsini təşviq edirdi, çünki doza nə qədər böyük idisə, qazanc da bir o qədər yüksək idi.

Satış mütəxəssisləri həkimləri dozanı artırmağa çağırdı, çünki bədəndə opioidlərə qarşı tolerantlıq tez inkişaf edirdi və ağrıkəsicinin təsiri get-gedə azalırdı.

Uğur

1996-cı ildə 2001-ci ilə qədər ABŞ-da oksikontin preparatının satışları 300 mindən 6 milyona qalxdı. Təkcə oksikontin Purdue Pharma-ya ildə bir milyard dollar gəlir gətirdi və Saklerləri ABŞ-ın ən varlı ailələrindən birinə çevirdi.

Nəticə

Oksikodonun mənfi tərəfləri haqqında şayiələr yavaş-yavaş yayılmağa davam edirdi. Xəstələr onsuz qala bilmirdilər və dozanı artırmağı tələb edirdilər. Bununla yanaşı, narkomanlar narkotik kimi oksikontindən istifadə etməyə başlayırdı. Bəziləri reseptin köməyi ilə bu preparatı alaraq, qara bazarda bir milliqramı bir dollar qiymətinə satırdı.

Saklerlər ailəsi isə dəbdəbəli həyatdan zövq alırdı. Onlar bu sehrli vasitənin insanları istənilən ağrıdan qurtulacağına inanırdı. Oksikontin asılılığından əziyyət çəkənlərin sayı getdikcə artırdı.

2019-cu ilə qədər ABŞ-da opioidlərdən gündə 130-dan çox insan ölürdü və Purdue bu epidemiyadakı roluna görə minlərlə məhkəmə iddiası ilə üzləşmişdi.

Qeyd edək ki, böyük cərimələrə baxmayaraq, təxminən 700 min insanın öldüyü opioid böhranında günahkar olan Saklerlər ailəsindən heç kim cəzasını almadı və günahkar olduğunu etiraf etmədi.

Son xəbərlər
Digər xəbərlər