“Azərbaycanda 3 milyon işçi var, fiziki şəxslərdən cəmi 1,6 milyonu müqavilələr bağlayır”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində komitə sədri Ziyad Səmədzadə deyib. Onu sözlərinə görə, müqavilələrin, işgüzar münasibətlərin genişlənməsinə diqqət ayırmalıdır.
“Ölkədə minimum əmək haqqı artırılaraq 180 manat təşkil etdi. Təbii ki, minimum əmək haqqı ilə orta əmək haqqı arasında nisbət artmalıdır. Heç şübhəsiz ki, orta əmək haqqı artmalıdır. Gəlirlərin diferensasiyasını təhlil edək ki, bir sıra sahələrdə əmək haqqı daha yüksəkdir və ya aşağıdır. Burada bir tənzimləmə olsun. Büdcədən ayrılan xərclərin sosial nəticələri qiymətləndirilməlidir, amma eyni zamanda görülən işləri qiymətləndirməliyik. Ölkə başçısı da bildirib ki, bizim büdcə sosialyönümlüdür. Həm də investisiyayönümlüdür. Ümumiyyətlə belə bölünmə bəlkə də gələcəkdə lazım deyil. Amma bunu deməliyik. 15 min km yol çəkmişik. Çəkməyəydik? Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi üçün Beynəlxalq Valyuta Fondu bizə kredit ayırmadı. Biz Azərbaycan Dövlət Neft Fondundan bu vəsaiti cəlb etdik. Türkiyəyə 700 milyon dollardan artıq, İrana da həmçinin kredit ayırdıq. Biz bunları Azərbaycanın nüfuzu, təhlükəsizliyi artsın deyə etdik”, – deyə Z.Səmədzadə əlavə edib.
Report