-1 C
Baku
Sunday, December 15, 2024

Minimum maaş və pensiya artımı qiymətləri bahalaşdıracaqmı? – AÇIQLAMA

“Ölkədə birinci sosial paket həyata keçiriləndə süni yaradılmış bir narahatlıq var idi ki, bu inflyasiyanı sürətləndirə bilər. Amma mart-aprel aylarında həyata keçirilən birinci sosial paket və sentyabr-oktyabr aylarında – ikinci sosial paket nəticəsində inflyasiya sürətlənmədi”.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı keçirdiyi mətbuat konfransında həyata keçirilən sosial paketlərin Azərbaycanda inflyasiyanı sürətləndirəcəyi ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

V.Qasımlı əlavə edib ki, hazırda inflyasiya 2,6% həddindədir: “Hətta Azərbaycan Mərkəzi Bankının (AMB) bu il üçün müəyyən etdiyi hədəf koridorundan da aşağı həddədir. Artıq ikinci sosial paket də həyata keçirilir və yenə də inflyasiyadan söhbət gedə bilməz. Düşünürük ki, ilin sonuna qədər inflyasiya həddi AMB-nin müəyyən etdiyi pul siyasətinə və inflyasiya dəhlizinə uyğun olacaq. Bu isə tam məqbul bir həddir”.

İİTKM sədri əlavə edib ki, tədiyyə balansında müsbət saldonun olması da kəskin inflyasiyanın qarşısını alır: “Hər hansı yüksək inflyasiyadan, qiymət artımından söhbət gedə bilməz. Ona görə ki, bu gün Azərbaycanın tədiyyə balansında müsbət saldo var. Tədiyyə balansı inflyasiya üçün əsas proqnoz verən mexanizmdir. Əgər tədiyyə balansında müsbət saldo varsa, o ölkədə inflyasiyadan danışmaq olmaz. İkinci çox vacib məsələ icmal balansı və dövlət büdcəsidir. Hər ikisində müsbət saldonun olması yenə də inflyasiya üçün hər hansı imkan buraxmır”.

Onun sözlərinə görə, digər məsələ də ondan ibarətdir ki, sosial paket həyata keçirilməklə yanaşı ölkənin iqtisadiyyatı inkişaf edir. Məsələn, bu ilin 8 ayında ölkənin qeyri-neft sektoru 3%, kənd təsərrüfatı 6,3%, qeyri-neft sənayesi 15,3%, İKT 17,6%, Azərbaycana gələn turistlərin sayı 8%, qeyri-neft ixracı 17% artıb. “Göründüyü kimi tələb və təklif bir-birini tənzimləyir. Tənzimləmə baş verdiyinə görə, Azərbaycanda yüksək inflyasiya təhlükəsi yoxdur. İndiki halda inflyasiya göstəricisi həm əhali, həm biznes, həm də dövlət üçün optimaldır. Biz həm birinci, həm də ikinci sosial paketdə də planlaşdırmışdıq ki, Azərbaycanda heç bir yüksək inflyasiya baş verə bilməz. İndiki sosial paket 2019-cu ilin büdcəsində hələ 2018-ci ildə büdcə məsələləri müzakirə edilərkən cənab Prezident tərəfindən tapşırılmış sosial xərclərdir. Burada əlavə xərclərə yol verilməyib ki, biz bu proqnozdan, plandan kənar xərclər adlandıraq”.

©Report

Son xəbərlər
Digər xəbərlər