6 avqust tarixindən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılıb. Namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.
Bu barədə MÜTDA məlumat verilib.
Son illər keçirilmiş müsabiqələrin nəticəsində işə qəbul edilmiş və təhsilverənlərin sertifikatlaşdırma prosesini uğurla tamamlamış müəllimlərin orta dərs yükü əhəmiyyətli şəkildə artmış, təhsilalanların keyfiyyətli təhsilə çıxış imkanı genişləndirilmişdir.
Prosesin davamı olaraq bu il keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə çıxarılan yerlər detallı təhlil edilərək müəllimlərin işə qəbul, sertifikatlaşdırma və diaqnostik qiymətləndirmə nəticələri, mövcud müəllimlərin orta dərs yükü, mövcud müəssisələrdəki müəllimlər sıxlığı nəzərə alınmışdır. Nəticədə bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin ilkin vakansiya seçimi mərhələsinə 7000-ə yaxın vakant yer çıxarılmışdır.
Bununla yanaşı nəzərinizə çatdırırıq ki, ənənəvi olaraq bu mərhələdə tutulmayan, həmçinin yaranan yeni vakant yerlər ilboyu elan ediləcəkdir.