-4 C
Baku
Wednesday, February 28, 2024

Mirasdan kimə pay düşür? – I HİSSƏ

Əvvəlcədən deyim ki, bu gün məhz qanun üzrə vərəsəlikdən söz açacağıq, yəni ölən şəxsin heç bir vəsiyyətnamə qoymadığı halda yaranmış vərəsəlikdən.

Kimə ilk növbədə mirasdan pay düşməlidir?

Qanun üzrə vərəsəlik zamanı növbəlilik prinsipi ciddi gözlənilir: birinci növbə, ikinci, üçüncü və s. Qanun üzrə vərəsəlikdə ən vacib vərəsələr  birinci növbə vərəsələr hesab edilirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

Bəs birinci növbə vərəsələr kimdir?

Deməli, bu sıraya daxildir ölənin:

– övladları (istər bioloji, istərsə də övladlığa götürülənlər);

– əri (arvadı);

– valideynlər (və/və ya övladlığa götürənlər).

Digər qohumlar isə (bacı, qardaş, əmi, bibi, xala və s.) müvafiq olaraq ikinci, üçüncü və digər növbələr aid edilirlər.

MİSAL

Vərəsəlik işləri qarışıq olduğundan misalsız keçinmək mümkün deyil. Ölən şəxs Məmməd kişi vəsiyyətnamə qoymayıb, yalnız bir qızı (övladı) var. Digər uşaqları olmayıb, arvadı yoxdur, valideynləri isə çoxdan vəfat edib. Lakin eyni zamanda, sağ qalan bir bacısı var. Bu misalda Məmməd kişinin bacısına mirasdan heç bir pay düşməyəcək, bütün miras onun qızına qalacaq və qızı, yeganə vərəsə olaraq atasından qalan mirası tam şəkildə (100%), bütövlikdə əldə edəcək.

Niyə?

Çünki övlad (fərqi yoxdur, qız və ya oğlan) – birinci növbə vərəsə hesab edilir, bacı isə ikinci növbə vərəsələrə aiddir. Yuxarıda da qeyd etdiyimiz kimi, əgər birinci növbə vərəsələrdən hər-hansı biri mövcuddrsa, miras ona çatacaq, və ikinci növbə vərəsəlik baş tutmayacaq.

Vərəsəlik işləri qarmaqarışıq, qəliz və çoxşaxəlidir. İlk dəfədən bu dəryada baş çıxarmaq olduqca çətindir. Gələcəkdə bu mövzunu hissələrə bölüb daha təfərrüatlı təhlil edəcəyik.

Müəllif: Vəkil Leyla Əkbərova

Son xəbərlər
Digər xəbərlər