8 C
Baku
Monday, December 29, 2025

Mis qiymətləri son on ilin maksimumuna yüksəlib

Amerika tarifləri, tədarük zəncirindəki pozuntular və qlobal defisitlə bağlı narahatlıqlar fonunda mis qiymətləri son on ildə ən güclü artımı göstərə bilər. Bu amillər ilin sonuna doğru qiymətlərin kəskin yüksəlməsinə səbəb olub.

Dekabr ayında “qırmızı metal”ın qiyməti tonuna görə 12 000 dolları keçərək rekord səviyyəyə çatıb. 2025-ci ildə misin qiyməti 30%-dən çox artıb ki, bu da 2009-cu ildən bəri ən böyük illik artımdır. Həmin ildə maliyyə böhranından çıxış fonunda misin qiyməti 140%-dən çox yüksəlmişdi.

Analitiklərin fikrincə, 2030-cu illərdə sənaye metallarına tələbat təklifi üstələyəcək və gələn il də qiymətlər yüksək səviyyədə qalacaq. Misə olan tələbat fosil yanacaqlardan bərpa olunan enerji mənbələrinə keçid, nəqliyyatın elektrikləşdirilməsi və süni intellekt üçün məlumat mərkəzlərinin tikintisinin artması ilə əlaqədar yüksəlir. Bununla yanaşı, köhnə mədənlər məhsuldarlığını itirir, yeni yataqların işlənməsi isə böyük maliyyə və zaman tələb edir.

“StoneX” şirkətinin baş analitiki Natali Skott-Qreyin sözlərinə görə, qiymətlərin davamlı artımı bəzi istehsalçıları daha ucuz alternativlər axtarmağa və ya dekarbonizasiya kimi daha az prioritet sahələrdə tələbatı azaltmağa məcbur edə bilər.

Onun fikrincə, qiymət artımı ABŞ və Çin arasında gərginliyin azalması, Rusiya ilə Ukrayna arasında mümkün sülh razılaşmasının müzakirəsi və ABŞ gömrük rüsumlarının təsiri daxil olmaqla “ideal fırtına”nın nəticəsidir.

“Marex” şirkətinin strateqi Alaster Manro bildirir ki, bazarın bir çox iştirakçıları 2026-cı ildən etibarən struktur mis çatışmazlığının yaranacağını gözləyir.

Oktyabr ayından bəri Londonda misin qiyməti iri mədənlərdə baş verən qəzalar və tədarük defisiti qorxuları səbəbindən bir neçə tarixi maksimumu yeniləyib. Son həftələrdə iri mədən şirkətləri hasilat üzrə proqnozlarını aşağı salıblar.

Bu il ABŞ böyük həcmdə mis idxal edib, çünki idxalçılar Tramp administrasiyası tərəfindən rüsumlar tətbiq olunmazdan əvvəl metal ehtiyatı toplamağa çalışıblar.

Tariflərlə bağlı şayiələr Londondakı London Metal Exchange (LME) ilə ABŞ-nin COMEX birjasındakı mis qiymətləri arasında misilsiz fərq yaradıb. Treyderlər Londonda mis alıb COMEX-də satmaqla bu fərqdən gəlir əldə ediblər.

Bazarların gözləmədiyi halda, rüsumlar ölkəyə kütləvi şəkildə idxal olunan mis katodlarına şamil edilməyib. Bununla belə, COMEX-də qiymətlər ABŞ-nin əlavə rüsumlar tətbiq edə biləcəyi qorxusu səbəbindən London qiymətindən hələ də yüksək qalır.

“Benchmark Mineral Intelligence” analitiki Albert Makkenzi qeyd edib ki, bazar “yüksəliş əhval-ruhiyyəsinə və tədarüklə bağlı narahatlıqlara” reaksiya verir və bu, ABŞ-yə mis axınını “alışdırıb”.

COMEX anbarlarındakı ehtiyatlar rekord səviyyəyə — 400 min tondan çoxa çatıb. Eyni zamanda, LME anbarlarındakı ehtiyatlar bu il azalıb, Avropada isə 20 min tondan da aşağı düşüb.

Noyabrın sonuna olan məlumata görə, LME anbarlarındakı misin 85%-i COMEX obyektlərinə çatdırılması mümkün olmayan Çin mənşəlidir.

Buna baxmayaraq, ABŞ-də daha yüksək daxili qiymətlər nəzərə alınaraq treyderlər malları ölkəyə göndərməyə davam edirlər. Onlar Çin mənşəli materialları Yaxın Şərq kimi digər mənbələrdən COMEX tələblərinə uyğun materiallarla dəyişirlər. Bu dinamikanın 2026-cı ilə qədər davam edəcəyi və ABŞ-dən kənarda defisit yaradacağı ehtimal olunur.

“Macquarie Group” şirkətindən Elis Foks bildirib ki, Çində — bu metalın ən böyük istehlakçısında — tələbatın azalmasına baxmayaraq, mis qiymətləri 2026-cı ilə qədər yüksək səviyyədə qalacaq.

Mis qiymətlərinin artımı qiymətli metallar bazarında ralliyə də müşayiət olunub: qızıl və gümüş rekord həddə çatıb. İl ərzində qızıl 70% bahalaşaraq unsiya üçün 4400 dolları keçib ki, bu da 1979-cu ildən bəri ən yaxşı göstəricidir. İnvestorlar geosiyasi risklərdən və dolların zəifləməsindən qorunmaq üçün qızıla üz tutublar. Bazar ertəsi günü gümüş ilk dəfə unsiya üçün 80 dolları keçsə də, sürətli artımdan sonra 5% ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər