2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda əsas qiymətli və əlvan metal məhsullarının istehsalında güclü artım var və bu ölkənin ixrac gəlirlərini yüksəltməkdədir.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə mis konsentratı istehsalı 6 421 ton təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 205% artım deməkdir. 1 dekabr 2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 2 539,2 ton olub.
Hesabat dövründə gümüş istehsalı 3 505,5 kq səviyyəsində qeydə alınıb. Bu göstərici illik müqayisədə 14,4% artım deməkdir. Anbarlarda 885,3 kq gümüş ehtiyatı mövcuddur.
Eyni zamanda, qızıl istehsalı 2 815 kq təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7% artım deməkdir. Dövrün sonuna 155 kq qızıl ehtiyatı formalaşıb.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən “Anglo Asian Mining plc” 2025-ci il üçün hasilat proqnozunu “Gilar” və “Dəmirli” yataqları sayəsində mis istehsalı 8 100–9 000 ton, qızıl 25 000–28 000 unsiya olacağını proqnozlaşdırıb və öncəki proqnozlardan yuxarıdır. Ən son açıqlamasında isə yeni qurğuların işə düşməsi ilə hasilatın daha da yüksələcəyini bildirib.
“Anglo Asian”nın Azərbaycanda nümayəndə kimni fəaliyətdə olan “Azərbaycan İnterneyşnl Mayninq Kompani” (AIMKL) ilk 10 ayda 97 milyon dollar üzərində xaricə satışlar edib. Bu öncəki ilin eyni dövründə 27 milyon dolların altında idi.
Dövlətin mənfəətli bizneslərindən biri olan “AzerGold” QSC-nin satışları isə ilk 10 ayda 196.3 milyon dollar olmaqla keçən ili 78 faiz üstələyib.
2025-ci ilin ilk 10 ayında Azərbaycandan xaricə mis satışları 17.75 min ton təşkil edib və ümumi dəyəri 33 821,74 min dollar olub. Əsas ixrac istiqamətləri Gürcüstan (15.62 min ton və ya 29.06 milyon dollar), İsveçrə (1.28 min ton və ya 3.89 mln dollar) və Özbəkistan (845,02 ton və ya 869,46 min dollar) olub. Ötən ilin eyni dövründə yalnız İsveçrəyə satış 729,83 ton, dəyəri isə 1.47 mln dollar təşkil etmişdi. Beləliklə, misin orta satış qiyməti 2025-ci ildə təxminən 1 906 dollar/ton, 2024-cü ildə isə 2 017 dollar/ton səviyyəsində olub.
2025-ci ilin ilk 10 ayında Azərbaycandan İsveçrəyə qızıl satışları 3 970 kq təşkil edib və dəyəri 276.82 mln dollar olub. Ötən ilin eyni dövründə satışlar 3 464 kq, dəyəri isə 163.38 mln dollar idi. Beləliklə, qızılın orta satış qiyməti 2025-ci ildə təxminən 69 700 dollar/kq, 2024-cü ildə isə 47 200 dollar/kq səviyyəsində olub.





