Misir hökuməti gizli olaraq vətəndaşlarını Monera “mining” etməyə məcbur edib

Toronto Universitetinin araşdırmalarına əsasən, Misir hökuməti və ya onunla əlaqədar şəxslər kriptovalyuta mayninqi üçün gizli olaraq internetə nəzarət quraşdırıblar. Sxem AdHose adlandırılıb və məlumata görə, hökumət trafikin bir hissəsini Monero əldə edə biləcək malware proqramına (zərərli proqram təminatı) yönəldib, həmçinin onu reklam nümayişi üçün də istifadə edib.

AdHose-un fəaliyyəti Telecom Egypt telekom operatoruna quraşdırılmış avadanlığa əsaslanır. Qeyri-qanuni fəaliyyət üçün iki fərqli üsuldan istifadə edilib. “Yayılma” rejimində istifadəçilərin brauzerləri onları reklam şəbəkələri saytlarına və ya Coinhive onlayn-mayner-ə istiqamətləndirir. Yanvar ayında şəbəkənin skanı zamanı, 5700 qurğunun 95% -nin AdHose-a “yoluxduğu” aşkarlanıb. Sxemin ümumi əhatə dairəsi məlum deyil. Həmçinin “nöqtəli” rejimdən də istifadə olunub, bu zaman istiqamətlənmə yalnız müəyyən saytlara daxil olarkən həyata keçirilib. Bu saytlara, məsələn, əvvəllər dini məlumat mənbəyi olan CopticPope.org və Babylon-X.com porno saytları daxildir. Tədqiqatçılar qeyd edir ki, sxemin bu rejimi fəaliyyətini davam etdirir.

Həmçinin məlumat verilir ki, Telecom Egypt-də quraşdırılmış avadanlığın istehsalçısı keçən il Amerikanın Procera Networks şirkəti ilə birləşən Kanada şirkəti Sandvine-dir. Şirkət bu hadisə ilə əlaqəsinin olmadığını bildirmiş və Toronto Universitetinin məlumatlarının yalan olduğunu qeyd etmişdir, həmçinin buna dair mətbuatın sorğusuna cavab vermir.