Misir ABŞ-ın “Space X Falcon” raketi ilə növbəti “Nilesat 301” kommunikasiya peykini kosmik orbitə göndərib.
Bu barədə jurnalistlərə “Nilesat” şirkətinin icraçı direktoru Əhməd Anis məlumat verib. O bildirib ki, Misir vaxtı ilə saat 23:03-də (Bakı vaxtı ilə iyunun 9-u saat 01:03) peyki daşıyan raket ABŞ-ın Florida ştatındakı Kanaveral burnu Kosmik Stansiyasından kosmik fəzaya buraxılıb. Peyki daşıyan raketin buraxılması Misirin telekanalları ilə canlı yayımlanıb.
“Nilesat 301” 15 il ərzində Yerin orbitində olacaq və 2028-ci ildə istifadə müddəti bitən “Nilesat 201” peykini əvəz edəcək. Onun vasitəsilə Misirdə daha genişzolaqlı internetdən istifadə mümkün olacaq, həmçinin infrastruktur layihələri, o cümlədən Şərqi Aralıq dənizində qaz yataqlarının kəşfi və işlənməsi asanlaşacaq. Eyni zamanda, Nil çayı hövzəsi və Afrika ölkələri də peykin xidmətlərindən yararlana biləcək.
Qeyd edək ki, Misir ərəb ölkələri arasında kosmosa peyk göndərən ilk ölkə olub. Belə ki, 1998-ci ildə “Nilesat 101” kommunikasiya peyki Yerin orbitinə göndərilib.