Misir SOCAR-ın investisiyalarını qəbul etməyə hazırdır.
Bunu Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsaməddin Effat Mustafa Reda deyib.
O qeyd edib ki, Azərbaycan qaz və neft sahəsində uzunmüddətli və zəngin təcrübəyə malikdir, Misir də eyni şəkildə:
“Düşünürəm ki, əməkdaşlıq üçün çoxsaylı imkanlar mövcuddur. Bərpa olunan enerji sahəsində də biz inkişaf edən bazarıq. Enerji məsələlərinə yanaşmalarımız da oxşardır. Biz COP27-yə ev sahibliyi etmişik, siz isə COP29-a. Hər iki sammit çərçivəsində, xüsusilə bərpa olunan və “yaşıl” enerji ilə bağlı oxşar ideyalar müzakirə olunub. Bu baxımdan paylaşacaq çox şeyimiz var, lakin mexanizmlər üzərində daha konkret işləməliyik”.
Səfir hesab edir ki, SOCAR Misirdə fəaliyyətini genişləndirməkdə maraqlı ola biləcək şirkətlərdən biridir:
“Onların artıq bu regionda müəyyən investisiyaları mövcuddur və biz onları qəbul etməyə hazırıq. Çünki bu, olduqca perspektivli bir istiqamətdir. Misir mayeləşdirilmiş qaz sahəsində böyük təcrübəyə malikdir və Aralıq dənizi regionunda qaz sənayesi üzrə əsas və ən mühüm mərkəzlərdən birinə, eləcə də Avropa üçün təchizatçıya çevrilməkdədir. Bu sahədə əməkdaşlıq hələ tam reallaşdırılmayıb. Ümid edirəm ki, qarşıdakı illərdə, fəaliyyətim dövründə bu potensialı dəyərləndirməyə nail olacağıq”.






