Misir Azərbaycan vətəndaşları üçün viza almaq imkanını genişləndirib və Misir vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi üzərində Azərbaycan tərəfi ilə işi davam etdirir.
Bu barədə Misirin Azərbaycandakı səfiri Husaməddin Effat Mustafa Reda bildirib.
“Biz artıq Azərbaycan vətəndaşları üçün təkcə Şarm-əş-Şeyxə səfərlər zamanı yox, demək olar ki, Misirin bütün ərazisi üçün gəliş zamanı viza almaq imkanını tətbiq etmişik. Eyni zamanda, Misir vətəndaşları üçün viza prosedurunun sadələşdirilməsi üzərində azərbaycanlı dostlarımızla işləyirik”, – diplomat qeyd edib.
Turizm sahəsində əməkdaşlıqdan danışan səfir vurğulayıb ki, Misirə səfər edən azərbaycanlı turistlərin sayı artmaqda davam edir və ən populyar istiqamətlərdən biri Şarm-əş-Şeyx olaraq qalır.
Onun fikrincə, hər iki ölkə sakinlərinin bölüşdüyü oxşar ailə dəyərləri və ənənələr turist mübadiləsinin inkişafına kömək edir.
Səfir, həmçinin Azərbaycanda təhlükəsizlik səviyyəsini yüksək qiymətləndirib, bunu ölkənin turizm istiqaməti kimi mühüm üstünlüklərindən biri adlandırıb:
“Azərbaycanın üstünlüklərindən biri yüksək təhlükəsizlik səviyyəsidir. Hesab edirəm ki, bu baxımdan Azərbaycan bir çox populyar turizm istiqamətlərindən müsbət şəkildə fərqlənir. Burada insanlar hücum və ya təqibdən qorxmadan axşamlar rahatlıqla gəzə bilərlər”.







