“Misli” və “Azərlotereya” brendi ilə qanuni mərc operatoru olan “Azərlotereya” ASC 2025-ci ili 73.87 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 19.5% çoxdur. Öncəki ildə 61.08 mln. manat xalis mənfəət əldə etmişdi.
Banker.az bunu mərc oyunları operatorunun illik audit hesabatına istinadən xəbər verir. Bununla belə vacib bir məqam ondan ibarətdir ki, “Azərlotereya” hesabatı bu dəfə cəmi 9 səhifədən ibarət PDF-də təqdim edib və bu da Banker.az üçün hesabatı daha dərindən analiz etmə imkanını məhdudlaşdırır.
Mənfəətin artımında əsas rol gəlirlərin daha sürətli yüksəlməsi oynayıb. Şirkətin gəlirləri illik müqayisədə artdığı halda, xərclərin artım tempi nisbətən aşağı olub. Hesabat dövrünün sonunda bölüşdürülməmiş mənfəət 50.47 milyon manata çatıb ki, bu da əvvəlki illə müqayisədə 30.7% artım deməkdir.
Şirkətin ümumi gəlirləri 373.7 milyon manat olub ki, bu da illik müqayisədə 14.1% çoxdur. Eyni zamanda ümumi xərclər 299.43 milyon manata yüksələrək 12.7% artıb. Nəticədə gəlir və xərc arasındakı fərq genişlənib və vergidən əvvəl mənfəət 74.27 milyon manata çataraq əvvəlki illə müqayisədə 19.3% artıb. Satış, distribusiya və çap xərcləri 94.81 milyon manat təşkil edib və illik ifadədə 0.6% azalıb.
2025-ci ilin sonuna “Azərlotereya”nın cəmi aktivləri 130.42 milyon manata yüksələrək bir il əvvələ nisbətən 13.3% artıb. Aktivlərin strukturunda ən böyük payı 50.29 milyon manat və ya ümumi aktivlərin təxminən 38.6%-ni təşkil edən pul vəsaitləri və onların ekvivalentləri tutur. Qeyri-maddi aktivlər 35.63 milyon manat olmaqla aktivlərin 27.3%-ni formalaşdırıb.
Şirkətin cəmi öhdəlikləri 79.75 milyon manat olub ki, bu da illik müqayisədə 4.6% çoxdur. Cəmi kapital isə 50.67 milyon manata çataraq 30.5% artıb. Hesabata əsasən, 2025-ci ildə səhmdara elan edilmiş dividendlərin həcmi 62.03 milyon manat təşkil edib. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 52.28 milyon manat olub. Beləliklə, dividend ödənişləri illik müqayisədə 18.6% artıb.
“Azərlotereya” ASC Azərbaycanın dövlətə məxsus lotereya operatorudur. Şirkət 2001-ci ildə yaradılıb və ölkədə dövlət nəzarəti altında lotereya oyunlarının təşkili hüququna malikdir. Hazırda səhmlərinin sahibi Azərbaycan dövləti olsa da, 2021-ci ildən şirkətin idarəetməsi Türkiyənin “Demirören Holding” qrupuna verilib.
“Azərlotereya” öz fəaliyyətini əsasən iki əsas brend altında həyata keçirir. “Azərlotereya” və “Misli”. Şirkət müxtəlif tirajlı və ani lotereya oyunları təşkil edir, həmçinin qanuni idman mərc oyunları operatoru kimi fəaliyyət göstərir. “Misli” brendi altında idman mərci, virtual oyunlar və lotereya məhsulları təqdim olunur. Hazırda şirkətin İdarə Heyətinin sədri və baş icraçı direktoru Osman Karakuşdur.







