4 C
Baku
Thursday, February 12, 2026

“Mistral AI” İsveçin süni intellekt infrastrukturuna €1,2 mlrd. sərmayə qoyur

Fransanın süni intellekt startapı “Mistral AI” İsveçdə məlumat emalı mərkəzinin yaradılması üçün 1,2 milyard avro investisiya qoymağı planlaşdırır. Bu barədə şirkətin açıqlamasına istinadən Bloomberg yazır. Bu, Mistral üçün Fransadan kənarda ilk belə investisiyadır və agentliyin qeydinə görə, şirkət Avropada hökumətlər və bizneslər üçün əsas Sİ həlləri təchizatçısına çevrilməyi hədəfləyir.

Yeni data-mərkəz Borlenqe şəhərində yerləşəcək və “EcoDataCenter” ilə tərəfdaşlıq çərçivəsində tikiləcək. O, “Mistral” modellərinin təlimi və işləməsi üçün qabaqcıl hesablama gücü təmin edəcək. Mərkəzin 2027-ci ildən fəaliyyətə başlaması gözlənilir.

Şirkət layihəni Avropanın texnoloji suverenliyini gücləndirmək istiqamətində addım kimi təqdim edir. ABŞ ilə siyasi münasibətlərin gərginləşməsi fonunda Avropa hakimiyyətləri Sİ infrastrukturu, bulud texnologiyaları və məlumat saxlanması sahələrində dominant olan “Amazon”, “Microsoft” və “Alphabet” kimi Amerika şirkətlərindən asılılıqdan daha çox narahat olurlar. “Mistral” bildirib ki, müştərilərə məlumatların yerli emalı və saxlanması ilə “tam Avropa Sİ ekosistemi” təklif edə biləcək.

Şirkətin baş direktoru Artur Menş vurğulayıb ki, İsveçdə data-mərkəzə yatırılan investisiya “Avropada süni intellekt üçün müstəqil imkanların yaradılması istiqamətində konkret addımdır”.

“Mistral AI” 2023-cü ildə Artur Menş (keçmiş “DeepMind” tədqiqatçısı) və “Meta” şirkətinin sabiq əməkdaşları Timoti Lakrua və Giyom Lamp tərəfindən təsis edilib. Startap Avropanın “OpenAI”yə əsas rəqiblərindən biri sayılır və regionun ən böyük Sİ şirkətlərindən hesab olunur. 2025-ci ilin sentyabrında 1,3 milyard avroluq maliyyələşmə raundundan sonra şirkətin dəyəri təxminən 12 milyard avroya çatıb. Menş proqnozlaşdırır ki, 2026-cı ilin sonuna qədər “Mistral”ın gəliri 1 milyard dolları ötə bilər.

Son xəbərlər
Digər xəbərlər